Kəmaləddin Heydərov kimdir? - VİDEO Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)
Azərbaycanda tikinti materialları, beton, asfalt, kərpiç, gips, kimyəvi məhlullar, dəri, pambıq, tekstil, süd, şirə, ərzaq konservləri, siqaret, spirtli içkilər, piano, CD, DVD monopoliyasına baxan fövqəladə hallar naziri – Kəmaləddin Heydərov.
 
Bu məhsulların istehsalını və ya satışını həyata keçirməklə yanaşı, o, bank, turizm, kənd təsərrüfatı, sığorta və tikinti sahələrində fəaliyyət göstərən 250-dən artıq şirkətə sahibdir. Bu şirkətlərin əksəriyyəti "Gilan Holdinq”in çətiri altında birləşib.
Kəmaləddin Heydərov kimdir?
 
1961-ci il təvəllüdlü, Azərbaycanda "otellər kralı" və "monopolist" kimi tanınan Kəmaləddin Heydərov 23 ildir nazir postundadır. 11 il Gömrük Komitəsinə rəhbərlik edən Heydərov gömrük orqanlarında yaradılan monopoliyanın banisi kimi tanınır. 2006-cı ildən o, fövqəladə hallar naziridir.
 
Nazirlik bu işlərin öhdəsindən necə gəlib?
 
Nazirliyin yaranmasından sonra baş verən ilk böyük hadisə Kür daşqınıdır ki, Kürqırağı kəndlərdə fəsadları bu gün də qalır. Üstəlik, 2010-cu ildə zərər görən vətəndaşlar hələ də kompensasiyalarını ala bilmirlər. Heç 2012-ci ildə Qax-Zaqatala bölgəsində baş verən zəlzələdən zərərçəkənlərə də kompensasiyalar tam ödənilməyib. Evi tikilməyənlər də var.
 
2015-ci ildə tezalışan üzlüklərin yanması nəticəsində Bakıda bina yandı, 16 nəfər öldü, 54-ü isə yaralandı. Məhkəmədə məlum oldu ki, həmin üzlüklər üçün rəyi Fövqəladə Hallar Nazirliyi verib. Nazirlik tikilən binalara da keyfiyyət sertifikatı verir. Yəni Kəmaləddin Heydərov biznesmen kimi tikinti materialları satır, nazir kimi isə binalara rəy verir.
 
FHN yüksək səviyyəli texnika ilə təmin olunduğunu bəyan etsə də, dənizdə batanları neftçilər xilas edir, hadisə yerinə gedən yanğınsöndürənlərin suyu olmur (Tramp Tower, kənddəki yanğın – bizdə görüntülər var). Bu il martın 2-də Respublika Narkoloji Mərkəzində çıxan yanğının vaxtında söndürülməməsi nəticəsində 25 nəfər həyatını itirdi. Tufandağda itən alpinistlərin cəsədləri isə düz 5 aydan sonra tapıldı.
 
Son bir ayda bölgələrdə pambıq sahələrində baş verən kütləvi zəhərlənmələrdə də Kəmaləddin Heydərovun adı hallanır. Amma nazir yox, biznesmen Heydərovun. Belə ki, zəhərlənmələrin çoxu "Gilan Holding”ə bağlı MKT İstehsalat Kommersiya MMC-yə məxsus tarlalarda olub.
 
Atalar və oğullar
 
Kəmaləddin Heydərov incəsənətdə də kənarda qalmayıb. O, bəstəkardır və hətta keçmiş prezident Heydər Əliyevi mədh edən mahnı yazıb, mahnını azərbaycanlı müğənni Ağadadaş Ağayev ifa edib.
 
Heydərovlar Koreya ilə əməkdaşlıqda da maraqlıdır. Nazirin həyat yoldaşı Ruhəngiz Heydərova Seul-Bakı Assosiasiyasının sədri və bahalı Koreya restoranı "Shilla"nın sahibidir, özü isə Azərbaycan Taekvando Federasiyasının prezidentidir.
 
Kəmaləddinin atası Fəttah Heydərov parlamentin üzvü və Azərbaycan Ağsaqqallar Şurasının sədridir. Oğulları Nicat və Taleh Heydərovların da adı atalarından az hallanmır. Dubayda 14 mülk və şəxsi təyyarələrin fonunda bizneslərini böyütməyə davam edirlər.
 
Azərbaycanda 22 il nazir olan şəxsin nə qədər mülkü ola bilər?
 
"Vikileaks" hələ 2010-cu ildə yayımladığı sənədlərdə bildirirdi ki, Heydərovlar ailəsi, meyvə şirələrinin istehsalından tutmuş daşınmaz əmlak bazarına qədər böyük biznes imperiyasına nəzarət edir. İqtisadi qüdrətinə görə bu ailə Paşayevlər və Əliyevlərdən sonra Azərbaycanda ikinci yerdə durur.
 
Heydərovların yaratdığı "Gilan Holding"-ə bu yaxınlarda İlham Əliyevin qızları da şərik olub. Kəmaləddin Heydərov Heydər Əliyevin zamanından hakim ailəyə ən yaxın məmurlardan biridir.
 
Fövqəlnazirin mətbuata məlum olan 14 oteli var. Bu siyahıya daxil olan "Qafqaz Baku City Hotel & Recidence”, "Qafqaz Park Hotel”, "Qafqaz Point Hotel”, "Pullman Badamdar Hotel” Bakıda yerləşir. Daha bir 6 ulduzlu otel isə Xəzər sahilində tikilməkdədir. (Crescent Hotel)
 
"Gilan Holding"in Lənkəranda iki oteli var. Holdinqin ən böyük otel şəbəkəsi isə Qəbələ rayonundadır. Qəbələ uzun müddətdir qeyri-rəsmi olaraq Heydərovların kurasiyasındadır. Rayonda ailəyə məxsus azı 8 otel mövcuddur. (Qəbələ Otel, Qafqaz Resort Otel, Qafqaz Riverside Resort Otel, Qafqaz Sport Otel, Qafqaz Yeddi Gözəl Otel, Gilan Otel, Yengicə İstisu Sağlamlıq Mərkəzi, Chenot Palace Health Wellness Hotel və "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksi).
 
Bəs Qəbələ sakinlərinin vəziyyəti necədir?
 
Holdinq Azərbaycanda istifadəyə verdiyi otellərə qoyduğu sərmayələr haqda bilgi verməsə də, ölkə xaricində sahibləndiyi və tikdiyi mehmanxanalara yatırımlarının məbləği bəllidir.
 
"Gilan”ın törəmə şirkəti Riqada "Hotel de Rome" mehmanxanasını 2013-cü ildə 13,1 milyon avroya satın alıb. Rusiyada Qızıl Orda şəhərində 40 milyon dollarlıq 5 ulduzlu "Ene-Say" otelinin bu il istifadəyə veriləcəyi gözlənilir. Tatarıstanın paytaxtı Kazanda isə 20 milyon dollarlıq 4 ulduzlu otelin layihəsi təsdiqlənib.
 
Heydərovlar "Qəbələ Konserv Zavodu”nun, başqa dillə desək, "Jalə”nin loqosu altında ölkədəki meyvə şirəsi biznesini də monopoliyaya alıblar. Məlum olub ki, şirələrin qiymətini yüksək səviyyədə saxlayaraq Türkiyə, Rusiya və Ukraynadan ucuz şirə gətirmək istəyənlərin işinə Dövlət Gömrük Komitəsi vasitəsilə əngəllər yaradılır.
 
Azərbaycanda tekstil biznesi də Heydərovların adı ilə bağlıdır. Hətta Türkiyə istehsalı olan tekstil məhsullarının da ölkəyə gətirilməsi çətinləşdirilib.
 
USAID Azərbaycanda nar məhsullarının istehsalı və daşınmasına dəstək verməyə çalışarkən öyrənib ki, heç kəs Heydərovun icazəsi olmadan Azərbaycandan xaricə nar şirəsi, yaxud konsentratı satmır.
 
Kəmaləddin Heydərov Azərbaycanda kürü istehsalı kimi gəlirli sahəyə nəzarət edən "Caspian Fish Company” şirkətinin sahibi və idarəçisidir.
 
Fövqəlnazir həm də mətbuatı nəzarətdə saxlayır. Heydərova məxsus nəhəng mətbuat orqanlarından ən birincisi "APA Holdinq"dir. "Publika.az”, "teleqraf.az”, "axar.az” kimi saytlar da onun vasitəsilə maliyyələşir.
 
Oxu 849 dəfə