Trampın günahı - bəlkə də gördüyü ən yaxşı iş Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

İsrailin neftimizi somurub, əvəzində istifadə edə bilmədiyimiz silah-sursatı barter etməsinə dostluq deyirsinizsə, bu Azərbaycan xalqına və dövlətinə xəyanətdir”

Amerika prezidentinin Qüds barəsində dediyi söz, bir dəlinin quyuya atdığı daşa bənzəyir. Az qala bütün dünya yığışıb quyunun başına, nə söz udulasıdı, nə daş atılası. Quyudakı “daş” qalıb bir yanda, hərə əlinə bir daş götürüb “ulduza hürən köpək” misalı şaqqıltı gələn “kolluğ”a atır.

Kimi Qüdsün tarixindən, kimə məxsus olduğundan danışır, kimi Trampı lənətləyir, kimi ərəbləri suçlayır, fürsətdən istifadə edib İslamı “balta”layır, kimi də bu basabasda İsrail-Azərbaycan dostğulunu, “can bir qəlbdə olduğunu” soxur quyunun başındakılarının gözlərinə. Kim hara nə soxur özü bilər, öz əqidəsinə və düşüncəsinə bir də bilgilərinə uyğun edir.

Bu arada bir yəhudi hərəkatının hayqırtısı diqqətimi çəkdi, bir də İsrail-Azərbaycan sevgisini iddia edənlərin püsgürtüsü. Deməli, yadımdadı, bir neçə il əvvəl ABŞ-da yaşayan yəhudi icmaları İsrailin yəhudi dövləti olmadığını demişdilər. Hətta Amerikada İranın keçmiş prezidenti Əhmədi Nejadla da görüşmüşdülər. İndi də Beynəlxalq Yəhudi dini hərəkatı “Neturey karto” Nyu-Yorkda - BMT qərargahı önündə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı kimi tanımaq qərarına qarşı qəti etiraz aksiyası keçirib. Hərəkatın rəhbəri David Feldman da deyib ki, İsraili dəstəkləmək - yəhudilərə dəstək demək deyil. Bu cümlə hansı mənalaırı özündə gizlətsə də, hansı mesajları versə də, hərfi tərcümədən anlaşılan odur ki, İsrail-ABŞ cütlüyü siyasi hegamonluğa xidmət edir, yəhudi adını daşıyan hər kəsi bu oyuna daxil etməyin.

Bu tərcüməni yəhudilərin əllərində tutduqları şüarlardan da anlamaq olar: “İudaizm sionizmi və İsrail dövlətini rədd edir!”, “İsrail müqəddəs torpaqları işğal edib!”, “Dünya bilməlidir ki, İsrail - Yəhudi dövləti deyil!”, “Fələstin torpaqları fələstinlilərə qaytarılmalıdır!”...

Həzrət Musanın (ə) gətirdiyi Tövrata sahiblənən yəhudi başbilənləri də dinin dövlətdən ayrı olduğunu iddia edirlər və həqiqəti etiraf etmək cəsarətində bulunurlar. Bu cəsarətdən də anlaşılan odur ki, Qüds fələstinlilərindir, sakit olun. Nə olsun ki, bu müqəddəs məkanda indi İsrail hökmranlıq edir, de-fakto İsrailin mərkəzidir. Guya Qüds İsrailin paytaxtı elan olundu, ya olunmadı, nə dəyişir? Trampın günahı (bəlkə də gördüyü ən yaxşı iş) sakitcə şirə çəkən arı pətəyinə çöp dürtməklə, müsəlmanları duyuq salmaqdı.

Hə, İsrailin baş naziri də problemi həll etməkdə hazır olduğunu dedi. Bu da ABŞ-da etiraz edən yəhudi hərəkatı ilə İsrailin eyni maraqdan çıxış etdiyinə nümunədir. Hər iki tərəf arı pətəyinə uzanan çöpü uzaqlaşdırmağa çalışır. Tramp bu çöpü kənara çəkməlidir ki, problem həll olsun. Yəni Qüds İsrailin paytaxtı elan “olunmasın”. Müsəlmanlar da “ABŞ-İsrail cütlüyü üzərində qələbə qazandıq” deyə toy-bayram eləsinlər. Məncə məsələ bu.

Diqqətimi çəkən ikinci məsələ: Azərbaycan-İsrail dostluğundan dəm vuranların, bütün hallarda İsrailin mövqeyini dəstəkləyən və Trampın qərarını alqışlayanların davranışları çox gülünc görünür. Elə lap yamaq kimi. Birincisi, nə ABŞ-ın, nə də İsrailin sizin kimilərin dəstəyinə ehtiyacı yoxdur. Zatən adını çəkdiklərimi sizin yoxluğunuz, varlığınız qəti maraqlandırmır.

Amma və lakin... Vicdanınız olsa və çox kiçik bir müqayisə aparsanız, İsraili müdafiə etməyinizin tam yersiz olduğunu anlayacaqsınız. İkincisi, bütün faktlar İsrailin işğalçı olduğunu təsdiqləyir. Lap elə fərz edək ki, ABŞ-da keçirilən etiraz aksiyası səmimi olub. Həmin aksiyada qaldırılan “Fələstin torpaqları fələstinlilərə qaytarılmalıdır!” şüarı bu faktı əsaslı etiraf edir. II Dünya Müharibəsindən sonra Avropadan yəhudi ailələrinin Fələstin torpaqlarına köçürülməsi tarixi az oxuyanlara da məlumdu. (Əslində bu proses I Dünya Müharibəsindən sonra başlamışdı) İşğala məruz qalan isə Fələstin və fələstinlilərdir. Biz isə eyni taleyi yaşamaqda Fələstin və fələstinlilərə bənzəyirik. Kimsə iddia eləsə ki, biz işğala, filan məruz qalmamışıq, qız-gəlinlərimiz ermənilər tərəfindən əsir götürülməyib, ermənilər Xocalıda soyqırım törətməyib, İsraili rahat müdafiə edə bilər. O zaman bu dediklərim onun üçün yetərli sübut sayılmır.

Məsələnin daha betər tərəfi İsraillə dostluğumuzdur. İsrailin bizim neftimizi somurub, əvəzində istifadə edə bilmədiyimiz silah-sursatı barter etməsinə dostluq deyirsinizsə, bu Azərbaycan xalqına və dövlətinə xəyanətdir. İşğal olunmuş torpaqlar düşmən tapdağında inləyirsə, Qarabağ məsələsinə görə kiməsə dost demək nə məntiqdir? Əgər İsraildən aldığımız silahdan istifadə edib, İsrailin hüquqi dəstəyi ilə Qarabağı işğaldan azad etsəydik, İsrailə dost deyə bilərdik. Azərbaycan hakimiyyəti hər il silah alınması üçün büdcədən milyardlarla manat vasait ayırır. Alınan silahlarla bağlı ictimaiyyətə niyə açıqlama verilmir? Yaxşı, deyəcəksiz ki, hərbi sirrdir. O zaman, 25 ildə bu qədər silahla niyə torpaqlar işğaldan azad edilmir? “İsrail dostumuzdur” deyə şüvən salanlar niyə bu günə qədər İsraildə Azərbaycanın səfirliyinin açılmadığı haqqda düşünmürlər? Nə zamana qədər “Mən səni sevəcəm, sən sevməsən də” prinsipi ilə İsrail-Azərbaycan dostluğu xalqa yeridiləcək?

Tamam, “bizim Qarabağ kimi dərdimiz var” deyib, Qüds məsələsində geri çəkilənləri hardasa anlamaq olar. Amma bütün gücünü səfərbər edib İsraili Azərbaycanın “xilaskarı” kimi göstərmək istəyənlər hansı məntiq, əqidə, fakt və vicdanla bunu edirlər?

Sonda sizə bir şans buraxıram – bir fakt təqdim edin ki, İsrail Azərbaycana qarşı səmimi davranıb və dostcasına əlini uzadıb!

Məsləhətim də var - Bütün başbilənləriniz toplaşsa da təqdim edə bilməyəcəksiniz, özünüzü yormayın!

25181841 1930655080296694 652484050 n

 

 

 

 

 

 

 

Cavid Cabbarlı

İlahiyyatçı, jurnalist

Oxu 514 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.