Tuesday, November 21, 2017

“Ölkənin bütün varidatı bir neçə ailənin arasında bölüşdürülür...”

Bu məqaləni qiymətləndir
(0 səs)

310Cavid Cabbarlı: “Ölkədə baş verən iqtisadi çöküşün əziyyətini daha çox qadınlar çəkir”

 “Dünyada, xüsusən possovet məkanında cərəyan edən hadisələr, iqtisadi gərginlik fors-major xarakterli deyil, qlobal siyasətin nəticəsidir. Azərbaycanda baş verən iqtisadi çöküş isə hesab edirəm ki, hakimiyyətin yanlış siyasətinin nəticəsidir. Bir qrup ölkənin gəlirlərindən ən yüksək formada yararlanır, böyük əksəriyyət isə səfalət içində yaşamağa məhkum edilib. Bir sözlə ölkədə ədalətsizlik hökm sürür”. Bu sözləri Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Cavid Cabbarlı Azərbaycanda iqtisadi vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, ölkədəki iqtisadi vəziyyət psixoloji gərginlik yaradır: “Ölkəmiz çox çətin tarixi sınaqla üzbəüz qalıb. Baxmayaraq ki, biz bu hadisələri yaşamalı deyildik. Əslində indiyə qədər ölkə həyatında hökmran olan monopoliyanın, korrupsiyanın neftə söykənib qalan sahələri taleyin ümidinə buraxan bir idarəetmənin bədəlini ödəyirik və hələ ödəyəcəyik də. Çünki, hakimiyyətin bir qolu olan parlament idarəetməyə nəzarət funksiyasını yerinə yetirə bilmir. Cəmiyyət həyatında demokratik təsisatlar yoxdur. İnsanlar ölkənin idarə edilməsində iştirakdan kənardır. Nəticə də göz qabağındadır. Günahkar isə həm var, həm də yoxdur. Qarşıda bizi yaxşı nəsə gözləmir. Mən düşünmürəm ki, yarım əsrdən də çox müasir idarəetmədən uzaq olub, sovet düşüncə sistemi ilə ölkəni güya idarə edən bir klan islahata getsin. Bu mümkün olan şey deyil. Baxmayaraq tarixdə belə nümunələr olmuşdur. Amma Azərbaycanda hakim komandanın modern alternativ idarəetməyə keçməsi mümkün olan bir hal deyil. Odur ki, bizi təlatumlu və narahat günlər gözləyir. Millət çox acınacaqlı tarixi dövrə qədəm qoyub. Bir güman:- milli dərdin, milli problemin miqyası və ümidli gələcək arzusu insanlarımızı birlikdə bu çətinlikləri dəf etməyə səfərbər edə bilər”. 

C.Cabbarlı hesab edir ki, ölkədə baş verən iqtisadi çöküşün əziyyətini daha çox qadınlar çəkir: “Azərbaycan cəmiyyəti nizamsızlıq dönəminə girib. Bu ölkədə hər şey taleyin ümidinə buraxılıb. Hakimiyyət bütün məsuliyyəti üzərindən atıb. Hər gün işsizlik, qiymət artımı və bu amillərdən doğan problemlər, intiharlar haqqında eşidirik. Ölkə intiharlar şəhərciyinə çevrilib. Həndəsi silsilə ilə iqtisadi çöküş ola bilər, bunun riyazi qaydalarla həlli mümkündür. Lakin siyasi yanlışlıq və yarıtmazlıq nəticəsində yaranan iqtisadi çöküşdən qurtulmaq çox çətindir, bəlkə də mümkünsüzdür. Belə halda hesab edirəm ki, daha çox cəmiyyətin zərif nümayəndələri, qadınlar əziyyət çəkirlər. İqtisadi çöküş bir az əvvəl qeyd etdiyim kimi digər problemlərə sürətlə yol açır. Məsələn ailədaxili çəkişmələr və boşanmaların sayı artır. Bu zaman mövcud qanunlara görə, uşaqlar ana ilə qalır. Əksər halda ata aliment də vermir. Məhkəmə icra şöbələrinə sorğu ilə müraciət eləsək görərik ki, ən çox icra olunmayan məhkəmə qərarlarından aliment işləridir. Kişilərin işsiz qaldığı ölkədə qadınların işləyib özünə və uşaqlarına baxacağı necə mümkün ola bilər? Bu problemin üzərinə evsizliyi və digər çətinlikəri də əlavə eləsək qadınların hansı əziyyətlərlə üzləşdiyi tam aydın olur”.

Bu gün Azərbaycan cəmiyyəti içindəki bütün sərnişinlərini batıran qəzaya uğrayan gəmiyə bənzəyir. Burada kimliyindən asılı olmayaraq hamı batır. Əslində istənilən problem, təbii halda istənilən ölkədə baş verə bilər. Lakin hakimiyyət təmsilçilərinin sünii şəkildə yaratdıqları problemlərdən söhbət gedir. Ölkənin bütün varidatı bir neçə ailənin arasında bölüşdürülür, xalq isə taleyin ümidinə buraxılıb. Bununla da kifayətlənməyib, cərimələrin dəfələrlə qaldırılması, qiymət artımı və sair vasitələrlə əhalini tam müflisləşdirməyə çalışırlar. Ölkə birmənalı olaraq talan edilir. Hakimiyyət talançılıq siyasəti yürüdür və heç bir siyasi opponent qəbul etmir. Tənqidi fikir səsləndirən şəxs isə dərhal həbsə salınır - C.Cabbarlı vurğulayıb.

 

Oxu 121 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.