Ağlama Xocalım, ağlama...

Bu məqaləni qiymətləndir
(0 səs)

-Salam Xocalım.

-Salam.

-Tanıdın məni?

-Bəli tanıdım. İldə bir dəfə məni yad edən biganə övladım deyilsən?

-Biz səni sevirik Xocalım. Biz səni...

-Yenə başladın, əzbərlədiyin şablon cümlələrə?

-Nə deyim Xocalım? Nə eşitmək istəyirsən?

-Siz necəsiz? Mənsiz halınız necədir?

-Sənsizlik bizi üzür Xocalım. Amma...

-Bu “amma”lardır məni düşmənə tapdaq edən...

-Xocalım...

-Sözümü kəsmə. Çiçəklə suyun hekayəsini eşitmisən?

-Hansı çiçək? Hansı su?

-Vəfasız su və vəfasızlığı ucbatından ölən çiçək...

-Danış Xocalım. Sanki bu hekayə tanış gəlir mənə.

-Əlbəttə tanış gələcək. Bu mənimlə sizin hekayənizdir.

-Səni dinləyirəm Xocalım.

-Bir gün çiçək və su qarşılaşır.

-Yəni biz və sən?

-Elə də fərz edə bilərsən. Bəli, onlar zaman keçdikcə dostlaşır və...

-Deyirəmdə Xocalım, biz səni sevir və səninlə xoşbəxtik.

-Bəli, mən uzun müddət sizin oldum və sizinlə xoşbəxt idim. Üzərimdə zəhmətkeş, gözəl insanlar gəzir, dolanırdı. Özümü o qədər xoşbəxt hiss edirdim ki... Eynən çiçək kimi.

-Sən də bizə nemətlər bitirirdin, sənin qoynun bir ana qucağı tək isti və rahat idi.

-Bəli, çiçək o qədər xoşbəxt idi ki... Öz ətrini hər yerə saçır, sevinci yerə-göyə sığmırdı.

-Eynən bizim kimi Xocalım.

-Tələsmə. Hekayəni dinlə. Bir gün yağı düşmən məni sizdən ayırdı. Siz ilk günlərdə məni unutmurduz. KİV tez-tez başıma gətirilən hadisələdən danışırdı. Aradan günlər, aylar keçdikcə sanki soyuqluq yarandı aramızda.

-Xocalım hekayəni danış nə olar.

-Elə hekayə belədir. Çiçək artıq düşünürdü ki, görəsən su məni sevmir? Niyə mənə biganədir?

-Biz sənə biganə deyilik...

-Su da sizin kimi düşünürdü. Çiçək bir gün yenə suya “səni sevirəm” deyir. Su da cavabında “mən də səni sevirəm” deyir.

-Gördünmü Xocalım. Biz səni sevirik.

-Tələsmə. Çiçək hey səbr edir. Bir gün yenə də suya “səni sevirəm” deyir. Su da yenə “mən də səni sevirəm” deyir.

-Mən heçnə anlamıram Xocalım. İkisi də bir-birin sevirsə...

-Səbr et. Artıq çiçək o həddə çatır ki, güc və taqətdən düşür. O daha ətir saçmır, xoş qoxusu ilə suyu məst etmirdi. Xəstə yatağında son dəfə var gücünü toplayaraq “ey su mən səni sevirəm” deyir. Su da yenə “axı dedim, mən də səni sevirəm” deyir.

-Bəli, biz səni həmişə sevmişik.

-Çiçəyin rəngi solur, yarpaqları tökülür. Artıq danışa bilmir, xoş ətrindən də əsər əlamət qalmamışdı. Su çiçəyin bu halını görüb həkim gətirir. Həkim müayinədən sonra deyir: “Artıq gecdir, o öləcək.”

-Çiçəyin xəstəliyi nə idi?

-Bu sualı su da həkimdən soruşur. Həkim deyir: “Onun heç bir xəstəliyi yox idi. Sadəcə “su”suz qalmışdı.

-Axı necə? Onlar bir-birlərini sevir və bir-birlərinin yanlarında idilər.

-Sizin bizi sevdiyiniz kimi?

-Xocalım! Biz səni həqiqətən sevirik.

-Su anlayır ki, təkcə “sevirəm” demək bəs deyilmiş. Onu su ilə sirab etməli, ona həqiqətən məhəbbət bəsləməli idi. Su öz səhvini anladı bəs siz necə anlayacaqsınız?

-Axı biz nə edək Xocalım? Səni necə sevək?

-Mən sizi çox sevirəm. Sizdən sadəcə bir gözləntim var. Mənə həqiqətən eşq bəsləyin. Məni unutmayın. Məni sadəcə ildə bir dəfə deyil, hər an, hər gün xatırlayın. Sizin şüarınız mən olum mən... Axı mən sizi gözləyir, sizə ümid bəsləyirəm. Sizə biganə deməyimə baxmayın. Sizi çox sevirəm... Mən...

-Sən yenə ağlayırsan? Ağlama Xocalım, ağlama.

-Biz heç səni unudarıqmı? Düzdür hərdəm sənə biganə yanaşan övladların olur. Amma səni sevənlər daha çoxdur. Məgər görmürsən hər dəfə sənin uğrunda nə qədər övladın şəhid olur? Məgər Aprel şəhidləri uzaq bir tarixdir?

-Bilirsən necə sevinirdik? Qəlbimizdə qana dönən həsrət, sevinc göz yaşları ilə əvəz olundu. Bilirsən, nə qədər sizi sevməyə başladıq? Bizi unutduğunuz o illəri, o bir an sevincə fəda etdik.

-Bəli, Apreldə bütün övladarın ayaq üstə idi. Hamı səfərbərlik eşqində idi. Hətta xarici ölkələrdə olan övladların belə bu əmrin intizarında idi.

-Bizə ümid verdin. Hərdəm elə ümidsiz oluruq ki...

-Yox,əsla Xocalım. Bilirsən düşmən necə qoxaraq, qaçırdı? Biz sizi lazım gəlsə, bir saata tam azad edərik.

-Hələ də “lazım” gəlməyib? Hələ də...

-Tez bir zamanda bəzi ərazilərimizi düşməndən azad etdik.

-Bəli, bəli xəbərim var. Bəzi istiqamətlərdə, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olundu. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizləndi. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçdi.

-Lələ təpə barədə fikrin nədir? Bəziləri deyirdi ki, “bir təpəyə görə o qədər şəhid verərlər heç?”

-Lələ Təpəyə yüzlərlə övladım fəda olsun. Məgər o sözü deyənlər Lələ təpənin nə qədər mühum olduğunu anlamır? Məgər düşmən oradan dinc əhahlini hədəf alıb, evlərini tarla və zəmilərinə zərər vermirdi?

-Bəli, elədir Xocalım.

-O, şəhidlərin xəbəri bizə də gəlib çatdı. Şəhid mahirlər, təbrizlər, məcidlər... Onların necə sevgi dolu olması, fədakarlıqları! Hələ də onları yad edib danışırıq. Bizə belə mübarizlər lazımdır. Onları bu ruhiyyədə yetişdirən valideynlərin xoş halına.

-Gördün Xocalım, necə övladların var? O hekayə səninlə bizim hekayəmiz ola bilməz, olmayacaq. Biz su kimi vəfasız deyilik. Sən də çiçək kimi xoş ətrini, qoxunu itirməyəcəksən.

-Sizə həmişə ümid etmişik. Heç zaman barənizdə yanlış təsəvvürdə olmamışıq.

-Bir gün mütləq sizin sorağınıza gələcəyik. Sizi məzlum etməyəcəyik.

-Kaş bizi azad etmək yerinə, özünüzü günahlardan azad edəydiniz, onda o Xilaskar (ə.f) sizin yardımınıza gələr və bizi daha tez və birgə xilas edərdiniz.

-O, Xilaskara (ə.f) və əsirlikdə olan torpaqlarımıza salamımızı çatdır. Unutma! Biz sizi və Onu (ə.f) sevirik.

-Elə bir sevgi ilə ki, hər ikimizi məzlum edib?

-Görünən budur ki, məzlum siz yox, bizik.

-Keçən dəfə də bu sualıma cavab vermədin. Bizi azad etməyə nə zaman gələcəksiniz?

-Bizi azad etməyə nə zaman gələcəksiniz?

-Onları azad etməyə nə zaman gedəcəyik bilirsinizmi?

27073208 1978326522384458 3505125179416792724 n

 

 

 

 

 

 

Mahir Şəkərov

İlahiyyatçı araşdırmaçı

Oxu 377 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.