Xətai rayon İcra şöbəsi qaçqın ailəsini necə aldatdı? – 12 nəfər 2 otağa sığdırıldı

Bu məqaləni qiymətləndir
(1 Səs)

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Neapol dairəsinə yaxın ərazidə inşa edilən hündürmərtəbəli binada yaşayan Ağdam köçkünü ailəsi zorla öz evlərindən küçəyə atılmışdı. Buna səbəb mənzilin eyni anda iki nəfərə satılması və tərəflərdən birinin məhkəmə çəkişməsini udması olmuşdur. (Təfsilatı bu linkdə: http://ovqat.com/manset/16152-neapol-dairsind-bir-ail-col-atld-haqverdiyevlrin-ikinci-qacqnlq-hyat.html)

İkinci dəfə qaçqınlıq həyatı yaşayan ailənin indiki vəziyyətini öyrənmək üçün Arifə Haqverdiyeva ilə əlaqə saxladıq. Arifə xanımın bildirdiyinə görə, hazırda atasıgilə pənah gətirib və ikiotaqlı mənzildə 12 nəfərlə yaşamaq taleyilə üz-üzə qalıblar. Lakin evə sığışmadıqlarından əşyalarını atasıgilə qoyan Haqverdiyevlər hazırda gah bu, gah o biri qohumun evində gecələməli olurlar.

Çıxarıldıqları evə gəlincə isə, icra məmurları tərəfindən onlardan aktlaşdırılaraq  təhvil alınan mənzilin siqnalizasiya sisteminin kodu dəyişdirilərək, digər iddiaçının telefonuna yüklənib:

“Bizi evdən çıxaran icra məmurlarıyla razılıq əldə etmişdik ki, məzilin sahibi aydınlaşdırılana qədər  oraya heç kim girməyəcək və bunun üçün də siqnalizasiya quraşdırılacaq. Razılığa əsasən, mənzilin açarı Xətai rayon Mühafizə polisində saxlanılacaq və evdə qurulan siqnalizasiya sistemi mənim mobil telefonuma yüklənəcək. Biz ayın 10-da mənzilimizdən bayıra atıldıq. Üzərindən bir gün keçəndən sonra isə, yəni 11.01.2018 - ci il tarixində  bir neçə dəfə mobil telefonuma evə kənar şəxslərin müdaxiləsi ilə əlaqədar mesajlar gəldi. Bu barədə Xətai rayon İcra şöbəsinin məmuru Gündüz Sadıqova müraciət etdik. Onun verdiyi məlumata görə, guya, mühafizə polisinin əməkdaşları siqnalizasiya qoşanlarla birlikdə mənzilin yenidən sxemini çəkmək məqsədilə evə daxil olublar. Lakin atam Haqverdiyev Əlfi Qara oğlu və həyat yoldaşım Abbasov Elşad Sulduz oğlu Xətai rayonu Mühafizə polisinə gedib məsələylə maraqlananda əsl həqiqət ortaya çıxdı. Məlum oldu ki, mənzilimizin açarı Xətai rayon İcra şöbəsinin icra məmuru Gündüz Sadıqova 10.01.2018 – ci il tarixində, yəni bizi evdən zorla çıxardıqları gün təhvil verilibmiş. Gündüz Sadıqov isə elə həmin gün Xuraman Mirzəyevanın oğlu Elsəvər ilə birlikdə yaşadığımız ünvana daxil olmuş və siqnalizasiya kodunu dəyişdirərək, onların mobil telefonuna yönləndirmişdir”.

Arifə xanım bir vətəndaş kimi bu cür aldadılmasını isə Azərbaycan hüquq sisteminə yaraşdırmır və Ədliyyə Nazirliyindən tutmuş, Xətai rayon prokurorluğuna qədər müxtəlif orqanlara şikayət məktubları göndərib.

Qeyd edək ki, mübahisəli mənzil “Əzizbəyov M. K.” MMC tərəfindən inşa olunub və iki fiziki şəxsə satılıb. Hazırda tikinti şirkətinin rəhbəri dələduzluq maddəsi ilə həbsdədir, amma bu, aldadılmış şəxslərə vurulan zərəri kompensasiya etmir. Vətəndaşlar arasında mənzillərin kimə məxsusluğu barədə ciddi çəkişmələr var və tərəflər dövlət orqanlarından haqlarının geri qaytarılmasına köməklik gözləyirlər. Şikayətlərdən isə  belə anlaşılır ki, hökumət orqanları vətəndaşları aldadaraq məsələləri yoluna qoymağa üstünlük verirlər.

Ağdam qaçdını olan Haqverdiyevlər ailəsi Bakı şəhəri, Xətai rayonu, Telnov (Xocalı) küçəsi 2347/48 - ci məhəllədə yerləşən “Əzizbəy-KM” MMC - yə məxsus binanın 3 - cü girişin 10 - cu mərtəbəsindəki 252 saylı, sahəsi 102.0 km olan 2 otaqlı mənzilə 100 min manata qədər vəsait xərcləyib və 2014-cü ildən həmin ünvanda yaşayır. Ailə, valideynlərdən və 2 qız uşağından ibarətdir və onlar Ali Məhkəmənin hökmüylə qışın oğlan çağında küçəyə atılıblar. Ali Məhkəmənin bu hökmü çıxararkən təsadüfən ekspertiza rəyini gözdən qaçırdığına inanan Haqverdiyevlər yenidən I instansiya məhkəməsindən başlayaraq, hüquqlarını bərpa etməyə çalışırlar. 

Oxu 254 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.