Tanınmış hüquq müdafiəçisi partiya sədrliyinə namizəd oldu - Zalımın önündə olacağam

Bu məqaləni qiymətləndir
(0 səs)

Oqtay Gülalıyev: "Mənim üçün ən böyük Elçibəyçilik haqqa və xalqa xidmət etməkdir"

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) 2018-ci ildə növbəti qurultayını keçirmək barədə qərar verib. Qarşıdan gələn qurultayda təşkilatda ciddi dəyişikliklərin olacağı gözlənilir. 

KXCP-nin 2015-ci ildə keçirdiyi qurultayda hazırkı sədr Mirmahmud Mirəlioğlunun növbəti qurultayda namizəd olmayacağını bəyan etməsindən sonra, təşkilatın sədrliyinə namizədlərin kimlərin olacağı təşkilat üzvlərini düşündürən əsas məsələlərdən biri olub. Bu gün KXCP Ali Məclisinin keçmiş üzvü, tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev KXCP sədrliyinə namizəd olduğunu bəyan edib.

zzaaaaa.jpg

Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev özünün "facebook" səhifəsində yazaraq məlumat verib.

Həmin yazını olduğu kimi təqdim edirik:

"Dostlar, bilirsiniz ki mən hüquq- müdafiə fəaliyyəti ilə məşğulam. Haqqı, hüququ tapdanan insanlarımızın yanında olmaq, onların hüquqlarını qorumağa çalışıram. Fərqindəyəm ki, ölkədə avtoritar rejim dəyişməyincə insanlarımızın hüquqarı hər addım başı pozulacaq. Seçkilər saxtalaşdırılacaq, ölkədə monorxiya güclənəcək, dövlət büdcəsi talan edilib oğurlanacaq, monopoliya və korrupsiya qeyri- rəsmi səviyyədə dövlət siyasətinə çevriləcək. Bu siyasətə etiraz edənlər davamlı şəkildə repressiyaya məruz qalacaq, şərlənib həbs olunacaq, ölkədə siyasi məhbuslar problemi həll olunmayacaq. Fərqindəyəm ki, nəticələrə qarşı deyil, onu doğuran səbəblərə qarşı mübarizə aparmaq lazımdır. Diktaturadan demokratiyaya keçidi təmin etmək üçün insanlarımız təşkilatlanmalı, fəal olmalı və haqqına sahib çıxmalıdır. Mübarizəyə xalq qoşulmalıdır...

Mübarizəmizin effektini, gücünü artırmaq, daha çox insanlarımızı mübarizəyə qoşmaq üçün mən bir qərara gəldim. İstəyirəm həmin qərarı üzvü olduğum Klassik Xalq Cəhbəsi Partiyasının (KXCP) üzvləri və sizlərlə bölüşüm. Özümün, dostlarımın, əqidədaşlarımın müzakirə və tövsiyyələrindən sonra qərara gəldim ki, üzvü olduğum Klassik Xalq Cəhbəsi Partiyasının sədrliyinə namizədliyimi irəli sürüm. Bəri başdan deyim ki, mən heç bir zaman partiya sədri olmaq iddiasında olmamışam. Amma düşdüyümüz vəziyyət, ölkəmizin və xalqımızın taleyi bizi məcbur edir ki, daha fəal, mübariz, məsuliyyətli və qətiyyətli olaq. Daha çox insanları mübarizəyə qoşaq. Belə olmasa xalq olaraq qələbə əldə etməyimiz çətin olacaq...
Bu ilin 2- ci yarısında KXCP- nin növbəti qurultayının keçirilməsi nəzərdə tutulur. Mən hazırda partiyada heç bir vəzifə tutmuram, sıravi üzvəm. Xeyli vaxtdır ki, partiya rəhbərliyində təmsilçiliyim yoxdur. Bilirəm, bir çoxlarınız düşünə bilər ki, bu vəziyyətdə uğur qazanmaq çətindir. Amma mən fədakar cəhbəçilərin, xalqımızın dəstəyinə, apardığımız mübarizənin dürüst və haqlı olduğuna söykənərək bu marafona qoşuluram. Digər tərəfdən KXCP sədri, hörmətli Mirmahmud Mirəlioğlu partiyanın 2015- ci ilin avqust ayında keçirilən sonuncu qurultayında bəyan edib ki, o bundan sonra partiyanın sədri olmayacaq və növbəti qurultayda namizədliyini irəli sürməyəcək. Hələ ki, heç kim partiya sədrliyinə namizədliyini irəli sürməyib. Mən partiyanın Nizamnaməsi, qanunlar və etik çərçivədə mübarizəyə qoşulub partiyanın fəalları, qurultay nümayəndələri ilə görüşüb onlara fikirlərimi çatdıracam. Partiyanın sədri seçilərəmsə, qısa vaxtda KXCP- nin fəaliyyətinin güclənməsi, əvvəlki əzminin və nüfuzunun bərpası, eləcə də ölkə həyatına təsir imkanlarının artması, mübarizə meydanının önündə olması yolları ilə bağlı onlara fikirlərimi çatdıracam. Bir sözlə gözəl bir seçki kapmaniyası aparmağa, ölkədə rəqabətli seçki mədəniyyətinin formalaşmasına çalışacam. Milli demokratik düşərgənin toparlanmasına, təşkilatlanmasına və güclənməsinə çalışacam.

Dostlar, mən vaxtilə Əbülfəz Elçibəyin yaratdığı AXCP Gənclər Komitəsinin və Bütöv Azərbaycan Birliyi (BAB) Gənclər Təşkilatının sədri olmuşam, onun təyinatı ilə hər iki təşkilatın gənclər siyasətini aparmışam. Elçibəylə birgə addımlamaq böyük qürur idi. Amma onun arzuladığı, millətimizin nicatı olan arzuların reallaşması uğrunda mübarizə aparmaq daha böyük qürur və məsuliyyətdir. Biz müstəqilliyimizi bərpa etsək də ölkəmizdə demokratiyanı qura bilməmişik. 25 ildir xalqımız dikaturadan əziyyət çəkir. Amma mən inanıram ki, xalqımızın köməyi və iştirakı ilə biz diktaturaya qalib gələcəyik. Əlbəttə fərqindəyəm ki, bunun üçün daha çox çalışmalıyıq. Onun da fərqindəyəm ki, cəmiyyətə, topluma yönəlik yanaşmamızda, fəaliyyətimizdə müəyyən korrektələrə ehtiyac var, idarəetmə təkmilləşməlidir. Bizim üçün siyasi partiyalar xalqımızın təşkilatlanması üçün vasitədir. Ən böyük davamız xalqımızın azadlıq və hürriyyət davasıdır.

Fəaliyyətimi şəffaflıq, aşkarlıq və fikir prüalizmi çərçivəsində qurduğumdan istədim ki, sizlər də bu qərarımı biləsiniz. Bundan sonra da bütün gücümü, bilik və bacarığımı ölkəmizdə haqq- ədalətin bərqərar olmasına, azad, demokratik cəmiyyətin qurulmasına sərf edəcəm. Sizləri diktaturadan demokratiyaya keçidin bərpa olunması istiqamətində apardığımız haqq savaşında, azadlıq və demokratiya mübarizəsində bizlərə dəstək olmağa çağırıram. Mən inanıram ki, Elçibəyin də dediyi kimi biz qalib gələcəyik! Xalqımız layiq olduğu azadlığına qovuşacaq. Ölkəmizdə qanunların şah olduğu, insan hüquq və azadlıqların təmin olunduğu demokratik bir cəmiyyət qurulacaq. Mən buna bütün varlığımla inanıram. Sizlərin də inanmasını istəyirəm. Mübarizəmizin daha da qətiyyətlə, məsuliyyətlə davam etməsini arzulayıram!

Mənim üçün ən böyük Elçibəyçilik haqqa və xalqa xidmət etməkdir. Məzlumun yanında, zalımın önündə olmaqdır. Şərə qarşı mübarizə aparmaqdır.

Yolumuz Rəsulzadə- Elçibəy yolu, mübarizəmiz haqq davası, məqsədimiz demokratiya və Cümhuryyətçilik prinsipini bərpa etmək, Azad, Demokratik, Bütöv Azərbaycan qurmaqdır!

Tanrı bu yolda hamımıza yardımçı olsun!

Apardığımız haqq mübarizəsində hamınıza uğurlar arzulayıram!

Oxu 296 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.