“Tamaşa” bitdi, pərdələr də ən azı 7 il qapalı qalacaq Xüsusi

Bu məqaləni qiymətləndir
(3 səs)

Rejim böyük dövlətlərin maraqlarından imtina etdiyi an, Azərbaycan Suriyanın gününə düşəcək

Heç kimin anlamadığı bir seçki şousunu arxada qoyduq. Hamı nəticələri, seçkinin necə başlamasını, necə bitəcəyini bilirdi. Bu qədər zurna-qavala nə ehtyac var idi – heç kimin anlamadığı sual məhz budur

Hətta “namizəd”lər bir-iki faizin həndəvərində səs qazanacaqlarını bilirlərmiş. Kişi kimi uduzmağı da etiraf edənlər oldu. Seçkidə qazandıqları isə İlham Əliyevə telefon açmaq imkanı imiş. Hələ dəqiq bilinmir, İlham bunlara özü cavab verib, yoxsa Siyavuş, ya Əli Həsənov. İlham özünü seçkidən tam kənarda saxlamaqla bunların vasitəsilə daha 7 il postunu qoruyacaq.

Əlqərəz, bunların qazancı nə olacaq? 7 namizəddən dördü parlamentdə “vəzifə”lərini davam edəcəklər. Hafiz bir az əsəbi görünsə də, növbəti prezident seçkilərinə hazırlaşacaq. Razi gənc və təcrübəsiz olduğu qədər, tam güvənli də deyil. Adam bir müddət Əli Kərimlinin yanında desant olub. Sərdar Cəlaloğlunun başına Araz Əlizadənin sağ əli düşəcək. Növbəti, ya növbədənkənar parlament seçkilərində deputat mandatı verəcəklər. İlham Əliyev öz kefində olacaq, xalq isə aclıq içində səfilliyini davam edəcək. Nəhayət tamaşa bitdi, pərdələr də bağlandı, ən yaxşı halda 7 il qapalı qalacaq.

“Tamaşa”yaverilən qiymət haqqında;

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun prezident seçkiləri ilə bağlı verdiyi açıqlama Əli Həsənovun yedirtdiyi jurnalistləri olduğu kimi göstərdi. Əli Həsənov martın 10-da jurnalistlərə kütləvi hücum əmri vermişdi. Yəqin o zaman Həsənov düşünməyib ki, bir daxmaya görə, hər şeyini satanlar sadəcə hücum əmri gözləyirlər. Qarşıda kimin dayandığının fərqi yoxdu. ATƏT-in nümayəndələrinə qarşı edilən kobudluq məni narahat etmir. Çünki ən azı 15 ildir ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatlar bu rejimin saxta seçkilərini alqışlayır, ailə hakimiyyətinin davamlığını təmin edirlər. Hakimiyyət də qarşılığını necə ödəyir, çoxlarına məlumdur. Mənə başqa məsələ maraqlıdır – ailə hakimiyyətilə ATƏT-in arasında nə baş verir? Yaxud ATƏT bu kobudluğun cavabını necə qaytaracaq?

Bu sualları düşünəndə, bir neçə məqam fikrimi qarışdırır. 1) Hakimiyyətdaxili ciddi qarşıdurma var, tərəflərdən biri hökumətlə beynəlxalq təşkilarların münasibətini korlamaq istəyir. 2) Hökumət öz münasibətləri korlamaqda maraqlıdır. Bu zamana qədər sirr deyil ki, beynəlxalq təşkilatlar seçkiləri demokratik adlandırmaq üçün hökumət külli miqdarda vəsait xərcləyirdi. Artıq o qədər vəsaitin olmaması belə xoşagəlməz hallara rəvac verir. 3) Qərblə münasibətlərin pozulmasında Rusiya və Türkiyə maraqlıdır. Bu versiya bir az zəif görünür. Amma son zamanlar regionda dəyişən vəziyyət və adını qeyd etdiyim dövlətlərin davranışı belə düşünməyə əsas verir.

Nəticə nə olacaq?

Hər halda Azərbaycana qarşı təzyiqlər artacaq. Rejimin qanunsuz davranışları, vətəndaşların ciddi problemləri, üstəgəl beynəlxalq təşkilatların narazılığı hakim ailəni çətin duruma sala bilər. Ailə hakimiyyətinin sona çatması üçün təkcə bir amil çatışmır. Sadaladığım amillər hakimiyyətin süqutunu yaxınlaşdırır, müasir dünya siyasətini nəzərə alsaq ən əsas məsələ hələ hökuməti ayaqda saxlayır. Böyük dövlətlərin maraqları hər hansı bir formada təmin edilir. Rejim Rusiya və Qərbin maraqlarını təmin etməkdən çəkindiyi an, ölkədə sadaladığım üç amil işə düşəcək. O zaman ölkə Suriya və bu kimi digər ölkərin aqibətini yaşayacaq. Azərbaycanda daha ciddi itkilər olmadan demokratik dəyərləri qurmaq ancaq xalqın oyanışından keçir. Xalq oyanmalı, ölkəsinə sahib çıxmalıdır ki, böyük dövlətlər Vətənimizi döyüş meydanına çevirməsinlər.

Cavid Cabbarlı

Xeber.İnfo-nun baş redaktoru

Oxu 689 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.