Britaniya ofşor şirkətlərinin sahiblərini gizlətməyəcək

Bu məqaləni qiymətləndir
(0 səs)
Hökumət bununla bağlı qərar qəbul edəcək
 
Britaniya hökuməti mayın 1-də Kayman və Vircin adalarındakı şirkətlərin sahibləri üzərindən məxfiliyin qaldırılmasına razılaşıb.
 
Məlumatı "Reuters” agentliyi yayıb. 
 
Bildirilir ki, bu addım korrupsiya və vergidən yayınma hallarının qarşısını almaq məqsədi daşıyır. Hökumət planına görə, bu, 2020-ci ilin sonunadək həyata keçiriləcək.
 
Hökumətin bu qərarını antikorrupsiya kampaniyaçıları alqışlayıb.
 
"Christian Aid” təşkilatının əməkdaşı Simon Kirkland deyib ki, bu, çirkli pulların yuyulmasına və vergidən yayınmalara qarşı mübarizə aparan fəalların çoxdan gözlədiyi qərardır.
 
Britaniya son illərdə özünün dəniz və taxt-tac ərazilərində sahibləri anonim olan şirkətlərə görə beynəlxalq təzyiq altında idi. İnsan haqları və antikorrupsiya fəalları bildirirlər ki, ofşor ərazilərdəki məxfi şirkətlərdən ictimai pulların oğurlanaraq gizlədilməsi üçün istifadə olunur.
 
Simon Kirkland bildirir ki, ofşor ərazilərin yerli icra hökumətləri bu xəbərləri böyük sevinclə qarşılamayıb. Britaniya Vircin Adalarının (BVA) hökumət başçısı Orlando Smit deyib ki, o bu xəbərlərdən "dərindən narahat olub” və Londonun yeni şəffaflıq siyasətini "dərindən qüsurlu” hesab edir.
 
O bildirib ki, belə bir qərar nəinki əraziyə olan etimadı, hətta Britaniya hökuməti ilə gələcək münasibətləri sual altında qoyur, BVA əhalisinin konstitusiya haqlarını nəzərə almır.
 
Lakin Britaniyanın hakim Mühafizəkar Partiyanın bir neçə millət vəkili, müxalifətdən olan həmkarları ilə birləşərək dəyişikliklərin həyata keçirilməsi üçün hökumətə təzyiq göstərməyə başlayıb.
 
Ofşor ərazilərdəki məxfi şirkətlərin sahibliyinin açıqlanacağını hələ keçmiş baş nazir David Cameron vəd etmişdi.
 
"Reuters” yazır ki, bu ərazilərin bir çoxu geniş maliyyə xidmətləri göstərir, çünki buralarda vergi aşağı, bizneslərin sahibliyi isə qeyri-şəffafdır.
 
Daha çox açıqlığa edilən çağırışlara baxmayaraq, Britaniyanın taxt-tac və dəniz əraziləri lazımi informasiyanı yalnız hüquq-mühafizə orqanlarının tələbi ilə və yalnız belə bir tələb olanda açmağa borcludurlar.
 
Xarici işlər nazirinin müavini Alan Duncan deyib ki, hökumət qanuna iki millət vəkili tərəfindən təqdim olunmuş dəyişiklikləri qəbul etməyə hazırdır. Bu dəyişikliklərə görə, ofşor ərazilərdəki şirkətlərin əsl sahiblərinin adlarından ibarət mərkəzi reyestr jurnalistlər və ictimaiyyət üçün açıq olmalıdır.
Alan Duncan
 
Sözügedən dəyişikliklər bir sıra qanunlara, o cümlədən çirkli pulların yuyulmasına qarşı olan qanunlara tətbiq olunmalıdır.
Bu dəyişiklikləri təklif etmiş müxalif millət vəkili Margaret Hodge deyib ki, yeni qanunlar bir sıra rejimlərin və onların müəmmalı və çirkli pullarının gizlədilməsi və yuyulmasının qarşısını alacaq.
 
"Global Witness” antikorrupsiya təşkilatının sözçüsü Naomi Hirst deyib ki, əvvəllər buna bənzər dörd təklif qəbul olunmamışdı.
 
Onun fikrincə, hökumətdəki tərpəniş keçmiş Rusiya agenti Skripalın zəhərlənməsi ilə bağlıdır.
 
Bəzi təxminlərə görə hazırda ofşor ərazilərə axan kapital birbaşa Britaniyaya qoyulan investisiyalardan yeddi dəfə çoxdur.
 
"Reuters” yazır ki, sözügedən dəyişikliklər Man və Normand adalarına (Channel Islands) tətbiq olunmayacaq, çünki Britaniya parlamenti bu ərazilərə qanun diqtə etmək səlahiyyətinə malik deyil.
 
Xatırlatma
 
Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinin 2016-cı ildə apardığı araşdırmaya görə, Azərbaycan prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar və onların dayısı oğlanları Mircəlal və Mircamal Paşayevlər Londonda milyonlarla dollarlıq mülklərin sahibidirlər.
 
Bunlara Londonda başqa ünvanda 25 milyon dollarlıq malikanə, 8 milyon dollaradək dəyərləndirilən və üzü Hyde Parkdakı ("Natiqlər guçəsinə”) baxan mənzil, Dubayda ümumi dəyəri 44 milyon dollar olan 9 malikanə, Moskva yaxınlığında dəyəri 37 milyon dollar olan daça və Çexiyanın kurort şəhəri Karlovı Varıda 1,1 milyon dollarlıq villa da daxildir. Amma bunlar hələ yalnız jurnalistlərə bəlli olan mülklərdir.
 
Hyde Parkın yanında ailənin sahib olduğu başqa bir mülk "Natiqlər guşəsinə baxan ev” kimi tanınır. Burada beşmərtəbəli malikanə, qiyməti 7 və 10 milyon dollar arasında olan 7 mənzilə bölünüb, hərçənd mənzillərdən hansıların bu ailəyə aid olduğu aydın deyil, çünki bütün mənzillər ofşor şirkətlər tərəfindən alınıb.
 
Panama sənədləri göstərir ki, 2015-ci ilin yanvarında qızlar daha bir Vircin adaları şirkətini - Exaltation Ltd.-i qeydiyyatdan keçiriblər. Bu şirkət vasitəsilə qiyməti 1 milyon dollardan baha olan daha bir Britaniya mülkü alınıb. Leyla və Arzunu təmsil edən başqa bir London hüquq firması - Child & Child onların yüksək ictimai vəzifə tutan fiqura (politically exposed persons or "PEPs”) yaxın və yaxud onun ailə üzvləri olduğunu göstərməyib.
 
Mossack Fonseca-nın daxili sənədlərindən bu da bəlli olub ki, qızlar 2015-ci ilin aprelində bir mülkü almaq üçün sənədlərin hazırlanmasında böyük tələskənlik göstəriblər, çünki "kontraktlar gələn həftə imzalanmalıymış”. Qızların əgər alıblarsa da, hansı mülkü aldıqları aydın deyil.
 
2017-ci ilin sentyabrında "Azərbaycanın pulyuyan maşını” adlı araşdırma dərc edildi. Danimarkada dərc olunan "Berlingske” qəzetinə sızdırılan və "OCCRP”yə göndərilən məlumatlarda 3 mlrd. dollara yaxın köçürmələrin hansı məqsədlərə yönəldiyi qeyd olunur. Sənədlərdə pulların kimdən gəldiyi, hara göndərildiyi, kimin bu əməliyyatlara cəlb olunduğu, pulların necə xərcləndiyi haqqında məlumatlar yer alır.
 
Əli Nağıyev 2012-ci ilin dekabrı ilə 2013-cü ilin iyulu arasında "Metastar Invest"dən Çexiyadakı bank hesabına 25, 000 avro qəbul edib.
 
Əli Nağıyev Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavinidir. O, 2011-ci ildə əvvəlki işindən-milli təhlükəsizlik nazirinin müavini postundan uzaqlaşdırılıb. Buna səbəb o zaman milli təhlükəsizlik naziri olan Eldar Mahmudovla aralarındakı konflikt olub. Amma bu konfliktdən qısa müddət sonra o, hazırkı vəzifəsinə təyin olunub.
 
Həmin araşdırmada azərbaycanlı məmurların və əcnəbilərin, bir sıra şirkətlərin adları yer 
Oxu 225 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.