İmişli Rayon Məhkəməsindən hoqqabazlıq

Bu məqaləni qiymətləndir
(0 səs)

 Bolqarıstanlı Qavazov İmişlinin Xoşçobanlı   kəndindəki gölə necə “düşüb”?
İmişli rayonunun Xoşçobanlı kəndində balıq saxlanılan göllərlə bağlı illərdir mübahisə və çəkişmə gedir. Sakinlərin şikayəti ilə əlaqədar Ədliyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, İmişli rayon icra hakimiyyətinin və prokurorluğunun nümayəndələri dəfələrlə bu göllərə baxış keçirib, araşdırma, təhqiqat, inzibati icraat, məhkəmə çəkişməsi olub. Amma hamının bildiyi ən sadə həqiqət elə bu dayaz göllərdə batırılıb.
8E0BB24F 281D 408F 99CF 7400D6695289 w1023 r1 sBu barədə redaksiyamıza İmişli rayonunun Xoşçobanlı kəndində yaşayan şəhid atası Əmirov Əmiralı Gürşad oğlu məlumat verib. Onun sözlərinə görə, torpaq islahatı aparılarkən kəndin ərazisindəki 424 hektar torpaq sahəsi örüş məqsədilə əhalinin ümumi istifadəsində saxlanılıb. Bu ərazinin təxminən 40 hektaradək hissəsi Xoşçobanlı bələdiyyəsi tərəfindən ayrı-ayrı şəxslərin icarəsinə verilib, sonuncular isə 2005-ci ildən başlayaraq orada balıq yetişdirmək üçün süni yolla göllər yaradıblar.
“İcarədarlar təxminən 4500 metrədək uzunluqda kanal qazmaqla göllərin kənarına bənd vurub və bunun hesabına orada suyun səviyyəsini yer səthindən 1,5 metr hündürlüyə qaldırıblar. Nəticədə bu göllər, ətrafdakı əkin sahələrini və qəbiristanlığı daim zinə sularının altında saxlayır, münbit torpaqlarda şoranlaşma yaradır”- şikayətçi belə deyir.
Kənd sakinlərinin çoxsaylı şikayətlərindən sonra Ədliyyə Nazirliyinin regional şöbəsinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin, Ekologiya və Təbii Sərvətlətlər Nazirliyinin  Ətraf Mühitin Mühafizə Departamentinin, nazirliyin 7 saylı ərazi idarəsinin nümayəndələri dəfələrlə yerində araşdırma aparıb. Amma Əmiralı Əmirov deyir ki, şikayətlərdə göstərilən faktlar təsdiqini tapsa da, qanunsuzluğun qarşısını almaq üçün təsirli tədbirlər görülməyib:
“Bizə verilən cavablarda bildirilib ki, göl sahiblərinə xəbardarlıq edilib, barələrində inzibati tənbeh tədbiri görülüb, onlara icrası məcburi olan göstərişlər verilib, bəzi əməlləri cinayət tərkibli olduğundan prokurorluğa müraciət olunub. Amma bu qədər səlahiyyətli dövlət orqanları ötən üç il ərzində kiçik bir kənddəki qanunsuzluğun qarşısını ala bilməyiblər. İndi araşdırmaların qarşısını almaq, yaxalarını kənara çəkmək üçün məhkəməni önə veriblər. İmişli rayon məhkəməsi də bu göllərin çirkabına batıb.”
Ə. Əmirovun sözlərinə görə 2017-ci ildə 7 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsi İmişli Rayon Məhkəməsində “qanunsuz olaraq yaradılmış süni göllərin doldurularaq torpağın əvvəlki vəziyyətə gətirilməsinə dair” iddia qaldırıb. Məhkəmə iddianı təmin etməyib. Şikayətçi deyir ki, çıxarılmış qətnaməni uzun müddət üzə çıxarmayıblar, nəhayət əldə edib oxuyanda xeyli təəccüblənib:
“6 səhifəlik qətnamənin təxminən yarıdan çoxunda yazılanların işə heç bir aidiyyatı yoxdur. Məhkəmə qətnaməyə lüzumsuz olaraq mülki və bələdiyyə qanunvericiliyində yer alan bəndləri, cavabdehlərin izahatlarını köçürüb. Sonra “Mahmudov Rusiyaya qarşı”, “Qavazov Bolqarıstana qarşı”, Konstutisiya Məhkəməsinin M. Bağırovun şikayəti üzrə qərarlarına istinad edib. Ən mühümü isə məhkəmə hesab edib ki, “ekologiya idarəsinin subyektiv hüququ pozulmayıb”, yaxud “bələdiyyə ilə icarədarlar arasında bağlanılmış icarə müqaviləsi ləğv edilmədən bu tələb irəli sürülə bilməz”. Çox qəribədir. Əgər bu göllər qanunsuz yaradılıbsa, ətraf mühitə zərərli təsir edirsə, niyə də aidiyyatı dövlət orqanı iddia qaldıra bilməsin?! Məhkəmə işin faktiki hallarının obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırıldığını qeyd edir. Halbuki mübahisələndirilən əraiyə müstəqil baxış keçirməyib, heç bir dövlət orqanının sənədinə, araşdırmasına istinad etməyib.”
Ə. Əmirov daha sonra qeyd edir: “Göllərin yaradılması çox yaxın tarixdir, yəni son 10-15 ilə aiddir. Bunu saxtalaşdırmaq mümkün deyil. Sovet hakimiyyəti illərində bu ərazidə keçmiş Telman adına kolxozun mal ferması olub. Bu, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən tərtib edilmiş “Xoşçobanlı kəndinin islahata gedən yer quruluşu xəritəsi”ndə də öz əksini tapıb. Düzdür, kəndin ümumilikdə 20 hektar ərazisində kiçik göllər olub. Qeyd etdiyim xəritədə onların harada yerləşməyi də göstərilib. Həmin göllərin heç biri mübahisələndirilən ərazidə deyil. Biz bu xəritə və digər sübutları məhkəməyə təqdim etmişdik. Amma onların heç biri qətnamədə qeyd edilməyib. ”
Vətəndaş deyir ki, mübahisənin araşdırılmasında xüsusi əhəmiyyət kəsb edən, mötəbər sübutları Ədliyyə Nazirliyinə də göndərib, sonuncu isə Şirvan Apellyasiya Məhkəməsinə ünvanlayıb. Amma bu məhkəmədən ona bildirilib ki, “mülki iş üzrə tərəf olmadığınızdan müraciətinizə məhkəmə qaydasında baxılması mümkün deyil, iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edə bilərsiniz.” Vətəndaşı ən çox təəccübləndirən də budur ki, niyə məhkəmələr işin obyektiv araşdırılmasında maraqlı deyil? Axı onun təqdim etdiyi sənədlər də elə bu işə aiddir, ayrıca iddia qaldırmağa nə ehtiyac var?
“Bizim əlimizdə olan sübutları ona görə işə əlavə etmək istəmirlər ki, onlara hüquqi qiymət veriləndə hazırda mövcud olan göllərin süni surətdə yaradılmağı və qanunsuz fəaliyyət göstərməyi üzə çıxacaq. Bunları təkzib etmək mümkün deyil. Məhkəmənin istinad etdiyi “Qavazov Bolqarıstana” qarşı iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilib ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” standartlar tətbiq edilir. Ya “Mahmudov Rusiyaya qarşı” iş olsun. Sonuncuda məhkəmənin qiymətləndirməsi belədir ki, sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bizim bu göllərlə bağlı iddiamızın arxasında şübhə, qənaət və ehtimal yox, faktın özü, səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş sənədlər, digər mötəbər sübutlar dayanır. Belə iddianı araşdıran məhkəmə, qətnaməyə cəfəngiyyat köçürməkdənsə, elə özü də sorğu verib aidiyyatı orqanlardan rəsmi cavab ala bilərdi. Bu qərar dövlət orqanlarını da yalançı çıxarıb- Ekologiya Nazirliyi, Əmlak Komitəsi, İmişli RİH göllərin süni, məhkəmə isə təbii yolla yarandığını bildirir. İndi hakim Akşin Əfəndiyevdən soruşmaq lazımdır ki, sən bu göllərin təbii yolla yaranmağını necə müəyyən etmisən- balıqlarının dadına baxmaqlamı???”
Şəhid atasına ən çox təsir edən süni göllərin qəbiristanlıqda uyuyan əzizlərinin, o cümlədən, hərbi xidmət keçən zaman düşmən gülləsinə tuş gələn oğlu Vüqarın qəbrinin su içərisində olmağıdır:
“Göl sahiblərinin yaxınları, ətrafdakı üç kənddən vəfat etmiş adamlar bu qəbiristanlıqda dəfn edilib. Bu qanunsuz əmələ görə ölülərimiz də rahat deyil.” O, hələ də ümid edir ki, Ədliyyə Nazirliyi bu biabırçılığa son qoyacaq.

Oxu 445 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.