Cənab Əli Həsənov, Mehman bəyin dediyi həqiqətdirsə... Xüsusi

Bu məqaləni qiymətləndir
(2 səs)

...hələ bir neçə il də rejim ad dəyişərək ömrünü sürdürəcək. Siz deyən düzdürsə, rejimin zülmünə neçə il şahidlik edəcəyik, Allah bilir

Son günlərin ən hay-küylü mövzularından biri, tanınmış jurnalist Mehman Əliyevin açıqlamaları və ona verilən cavab oldu. Hətta bu məsələ digər bir jurnalistin Baş Prokurorluğa çağırılması ilə nəticələndi. Bütün bunlar mətbuatda dərc olunub. Amma və lakin mənim məqsədim Mehman Əliyevin iddialarıyla Əli Həsənovun cavabını müqayisə etməkdir.

Bu iki şəxs Azərbaycan ictimaiyyətinə tanışdırlar. Əli Həsənovun dediyi kimi, ikisi də eyni dövrun və eyni universitetin məzunlarıdırlar: “ Mən Mehmanı gəncliyindən tanıyıram. 1980-ci illərin sonu 90-cı illərin əvvəlində M.V.Lomonosov adına Moskva Dövlət Universitetində onunla paralel təhsil almışıq. O, jurnalistika, mənsə tarix fakültəsində oxuyurduq. Hər ikimiz də siyasətə elə həmin dövrdən qoşulmuşuq və ikimiz də əliyevçi olmuşuq. Sadəcə o, Əbülfəz Əliyevi, mənsə Heydər Əliyevi təbliğ etmişəm”.

Əli Həsənovun cavab müsahibəsinin bu yerindən təsadüfən başlamadım. Əli müəllim həmişəki taktikadan istifadə edir. Mehman Əliyevi elçibəyçi adlandırmaqla, hakimiyyətə düşmən olduğunu və yaxud ola biləcəyini vurğulayır. Yəni adam elçibəyçi olub, onun dediklərinə inanmaq olmaz, düşüncəsi hələ də hakimiyyət dəhlizlərini dolaşır. Bu düşüncə, hakimiyyətdə olan xalq düşmənlərini hələ ki, xilas edir. Dövlətini sevən və cəmiyyətə fayda vermək istəyən insanlar hakimiyyətə əyilmirlərsə, məhz bu taktika ilə əzilir, sıradan çıxarılırlar. Əli müəllim Heydər Əliyevi təbliğ etmək sayəsində bu gün prezidentin köməkçisi postuna qədər yüksəldiyini bildirir. Elə o təbliğatın nəticəsi olaraq da, Azərbaycan mətbuatını iflic edib. Bunu isə Mehman Əliyev deyir. M.Əliyev açıq şəkildə və əksəriyyətin bildiyi məlumatı bir daha təkrarlayıb. Bəlkə də həbs zəncirinin bir ucu gedib Əli Həsənova çıxıdğı üçün deyir, nəyə görə deyirsə, həqiqəti deyir: “Azərbaycanda media siyasətini Prezident Administrasiyasının ictimai-siyasi şöbəsi aparır və bütün təpkilər də medianın üzərinə oradan yönəlir. Kimin danışıb, kimin danışmaması məsələsini də onlar həll edir”.

Medianın tam nəzarətdə olduğunu və Əli Həsənovun icazəsi olmadan bir redaktorun səsini çıxarda bilməməsini iddia edir. Hörmətli Əli Həsənov da iddia ilə razılaşır: “Qoy mənə dünyada ölkə göstərsin ki, orada dövlət öz mediasını idarə etməyə çalışmır və başlı-başına buraxır. Odur ki, Mehman Əliyev də nə dediyinin fərqindədir və bu fikirlərin səsləndirilməsi sadəcə olaraq onun aldığı növbəti tapşırıqdır”. Mehman bəyi kimdənsə tapşırıq almaqda suçlayır, bununla işimiz yoxdu, həqiqətən tapşırıqla deyil, dövlətin inkişafı üçün danışırsa, lazım bilsə açıqlama verər, Mehman Əliyev. Məni maraqlandıran, Əli Həsənovun mətbuata yanaşmasıdır. Əli Həsənov hesab edir ki, ölkədə mətbuat adına danışan hər kəs ya hökumətin dediyini yazacaq, ya da ən pis halda həbsə, ən yaxşı halda mühacirətə göndəriləcək. Faktiki olaraq mətbuatla davranış bundan ibarətdir.

Qeyd edim ki, Əli Həsənov tez-tez dövlət deyəndə hakimiyyəti nəzərdə tutur. Bu iki termin ayrı-ayrı mənaları ehtiva etsə də, bunlar hakimiyyətlərini dövlətə elə pərçəmləyiblər ki, hökumət tənqid olunan ki, dövlət əldən getdi, deyə hay-küy salırlar.

Əli Həsənovdan soruşuram, cənab Həsənov dünyada elə bir dövlət göstərə bilərsiniz ki, jurnalistə havayı ev verilsin? Siz niyə ev paylayırsınız? Desəniz ki, ev problemini həll etmək istəyirik, deməli yalan danışmış olacaqsınız. Əlqərəz, nə desəniz, yalan olduğu adamın qulaqlarına püskürəcək. Çünki, ölkədə əhalinin yarıdan çoxu evsizdir, səfalət içində sürünür, hər il minlərlə ailə boşanır, yüz minlərlə körpənin gələcəyi qaranlığa yuvarlanır və sair. Taleyin ümidinə buraxdığınız insanları nədən unudub, jurnalist qayırdığınız (əksəriyyət belədir) insanlara ev paylayırsız? Siz ona görə ev payladınız və hələ də paylayırsınız ki, ölkədəki eybəcər davranışınızı yazmasınlar, hökumətin yanlış siyasətini, dövləti darmadağın etməyinizi deməsinlər.

Bəli, mən də sizin mətbuatla bağlı apardığınız “rüşvət siyasətinizi” uğursuz və sabunköpüyü kimi bir şey hesab edirəm. Elə Mehman Əliyev də bu düşüncədədir: “Mən qeyd eləmək istəyirəm ki, hakimiyyətin apardığı bu siyasət – pulla, evlər paylamaqla, fəxri adlarla ələ almaq kimi, digər tərəfdən də təhdid etməklə, həbs elətdirməklə jurnalistlərə yanaşma – uğursuz bir siyasətdir”.

 Sizin təmsil olunduğunuz hakimiyyət ölkəni hansı günə salıb, çox yaxşı bilirsiniz. Artıq məndə heç bir şübhə qalmır ki, Azərbaycanda bizi təkcə hüquq-mühafizə orqanları həbs eləmir, həm də pul payladığınız media qurumlarının, Mətbuat Şurasının işverənliyi həbs edir. Tez-tez “reket jurnalist”, “qara siyahı” deyirsiniz. Ən böyük mətbuat reketi sizin arxasında dayandığınız Mətbuat Şurasıdır. Bir dəfə qrant paylayan deputatı faktla tənqid etdiyim üçün Mətbuat Şurasının bütün üzvləri, yazının nədən ibarət olduğunu araşdırmadan, üstümə töküldülər. Dəfələrlə olub ki, MŞ-da təmsil olunan ayrı-ayrı şəxslər ya şirinlik, ya da hədə yolu ilə bəzi yazıların saytdan çıxarılmasını tələb ediblər.

Hörmətli Əli müəllim, Mehman Əliyev sizin və Zakir Qaralovun səyi nəticəsində həbs olunduğunu iddia edir. Siz də adəti üzrə onu xarici qüvvələrə işləməkdə ittiham edir və vergi ödəməməkdə suçlayırsınız. Bu da sizin işinizdir, özünüz bilərsiniz. Ama məsələ hakimiyyətin ikiyə bölünməsindən gedir. Mehman Əliyev bildirir ki, Mehriban Əliyeva baş verənlərdən daha çox narahatdır və ölkəni xilas etməyə çalışır və özü üçün komanda toplayır və sair. Siz də İlham Əliyevin mərhəmətindən söz açıb, Mehman bəyin məhz prezidentin xüsusi qayğısı ilə azad olunduğunu bildirirsiniz. Mehman bəyin dediyi həqiqətdirsə, deməli hələ bir neçə il də rejim ad dəyişərək ömrünü sürdürəcək. Siz deyən düzdürsə, rejimin zülmünə neçə il şahidlik edəcəyik, Allah bilir.

Sizin dediyiniz kimi Mehman Əliyev həqiqətən vergi ödəməkdən yayınmışdısa, niyə ölkə başçısının xüsusi tapşırığı ilə azad edildi? Yox, əgər bu ittiham sadəcə onu həbs etdirmək üçün bəhanə idisə, ölkədə ədalətsiz mühit niyə yaradılır? Mehman Əliyev vergidən yayınırsa, deməli faktiki cinayətkardır. İlham Əliyev onu hansı imtiyazla azad edir?

Mehman Əliyevin həmişə mühafizəkar davranışı və öz iddiasına görə Mehriban Əliyevanın adamları ilə bəzi razılığa gəlməsi, həbsi, azad olması və açıq şəkildə Əli Həsənova, Zakir Qaralova qarşı ittihamlar səsləndirməsi hakimiyyətdaxili parçalanma kimi də qiymətləndirilə bilər. Lakin bircə fakt - rejimin Sizin timsalınızda mətbuata basqısı danılmazdır.

P.S. Telefonun yaddaşından hələ də nömrəni silməmişəm. Cənab Həsənov, Sizin Cəmaləddin adlı əməkdaşınız mənə zəng vurub, Fuad Ələsgərovla aranızda yaranan çəkişmədən bəhs olunan bir məqaləni dərc etdiyim üçün məni necə hədələdi. Sizin mətbuat siyasətiniz ələ almaq, hədə və həbsdən ibarətdir!

26994345 1982388365123365 8445622965123413153 n

 

 

 

 

 

 

Cavid Cabbarlı

İlahiyyatçı, jurnalist

Oxu 551 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.