«Ağ Şəhər»də qara günlər

Bu məqaləni qiymətləndir
(4 səs)

Pozulan mülkiyyət hüququnun qarşılığında vəd edilən ən uzun bulvar, ən böyük ticarət mərkəzi Azərbaycanda mülkiyyət hüququnun pozulması adi haldır. Artıq bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı bir neçə qərar qəbul edib. Nazilə Hacıyeva da 25 il Xətai rayonu Ərzurum qəsəbəsində yaşayıb. Nazilə xanımın yaşadığı ev ötən əsrin 70-ci illərində tikilsə də, əmlak şəhadətnaməsini 2000-ci ildə alıb. Onun sənəddə 48 kvadratmetr mənzil sahəsinə sahib olduğu göstərilib. Evin həyətində isə daha 98 kvadratmetr torpaq sahəsi olub. Sonradan mənzil sahibi torpaq sahəsində yardımçı tikililər inşa etdirib və çardaq quraşdırıb. Bu işlər aparılarkən o, evinin söküləcəyindən xəbərsiz olub. «Bakı Ağ Şəhər» layihəsinin ona qara günlər yaşatdığını deyən Nazilə Hacıyeva dövlət qurumlarından şikayətçidir. N.Hacıyeva deyir ki, əgər vaxtında evinin söküləcəyini bilsə, nə külli miqdarda pul xərcləyib təmir aparar, nə də çardaq quraşdırardı: «Ötən il təkcə təmirə 25 min manat xərclədim. Amma günün birində gəldilər ki, bura söküləcək, evinizdən çıxın. Əvvəlcə birkvadrat metrə görə 750 manat verirdilər. Etiraz aksiyası keçirdik, üç aylıq davadan sonra yaşayış sahəsinə görə 1000 manat verdilər. Hamam, tualet və digər yardımçı tikililərə də 750 manat. Qəsəbədə elə ev var idi ki, təkcə həyətyanı sahəsi 40 sotdan çox idi. Bizə qarşı çox haqsızlıq etdilər. Kimin mənzilinin sənədi var, kimin yoxdur, fərq qoyulmadı. Hər kəsə eyni miqdarda pul verib mülklərini sökdülər. Köçməyənin evini başına uçurdular. Ərizələrimizi məhkəməyə çatdıranadək evimizi dağıtdılar. Hətta tikinti materiallarının çıxarılmasına da imkan verilmədi». Bu layihənin qara günlər yaşatdığı təkcə Nazilə Hacıyeva deyil. Ərzurum qəsəbəsinin 500-dən artıq sakini eyni aqibəti yaşadı. Hətta dekabrın 21-də pulu ödənilmədən evindən çıxarılan bir neçə sakinin əşyaları günlərlə qarın altında qaldı. ...sökülən evlərə görə verilən vədlər... «Bakı Ağ Şəhər» layihəsi. Əhaliyə gözəl günlər vəd edən bu biznes layihəsinin icrasını üç şirkət birgə həyata keçirir. Layihənin memarlıq və mühəndis layihələndirilməsi ilə "ATKİNS" şirkəti məşğul olub. Şirkətin ən məşhur layihəsi, Ginnesin rekordlar kitabına daxil edilən Bürc-Əl-Arab – dənizdə inşa olunan oteldir. Layihə üzərində işə məşhur “Fosters + Partners” memarlıq şirkəti də cəlb olunub. Layihə çərçivəsində kommersiya məkanlarının təşkilinə isə ABŞ-ın “F+A Architects” (http://www.bakuwhitecity.com/az/partners/) arxitektura bürosu cəlb edilib. Layihə çərçivəsində paytaxtın «Qara şəhər» adlanan hissəsində yenidənqurma işlərinə təxminən 7 il öncə başlanılıb. «Azərbaycanda yüz illərdən bəri Qara Şəhər adlanan şəhər ağaracaq, təmizlənəcək, burada gül-çiçək əkiləcək və Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir». Keçmiş Prezident Heydər Əliyevdən gətirilən bu sitatla (http://www.bakuwhitecity.com/az/about/introduction/) başlanan layihə ilə bağlı gözəl vədlər verilirdi: «100 ildən artıq bir müddətdə neft sənayesində mühüm rol oynayan Qara Şəhərin dirçəlməsi üçün indiyədək görünməmiş perspektiv yaranıb. Təxminən 221 hektar ərazinin yeni təyinatlı şəhər kimi canlanması və investisiyalar üçün ən cəlbedici imkanlardan birinə çevrilməsi şansı var. Layihə başa çatdıqda, Bakı Ağ Şəhəri əhalinin sayına görə (50 000 sakin) Andorra Knyazlığı ilə müqayisə etmək mümkün olacaq. Tikintinin ümumi sahəsi 3,7 milyon kvadrat metr təşkil edəcək. Ərazidə 18 000 yaşayış və kommersiya vahidi tikiləcək, 48 000 iş yeri açılacaq. Bakı Ağ Şəhər mövcud olan Bulvar xəttini daha 1,3 km uzadaraq, onu dünyada ən uzun bulvarına çevirəcək. Bakı Ağ Şəhərin Fəvvarələr Meydanı ölçülərinə görə mövcud Fəvvarələr Meydanından (2 hektar) böyük olacaq. Bakı Ağ Şəhərin ərazisində regionun ən iri ticarət mərkəzi – Baku City Mall yerləşəcək. Bir sözlə, Bakı Ağ Şəhər layihəsi investisiyanın həcmindən asılı olmayaraq, investorlara hüquqi və təşkilati dəstəyin göstərilməsini təmin etməyi vəd etdi.

Bəs mülkü əlindən alınan sadə insanlar?

Oxu 1289 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.