Oğluna görə Prokurorluğa çağrılan 70 yaşlı ANA reanimasiyaya düşdü – Azərbaycanda Xüsusi

Bu məqaləni qiymətləndir
(3 səs)

Azərbaycanın ilk və azad internet televiziyası “Kanal13”-ün rəhbəri Anar Orucov və Bakı bürosunun rəhbəri Əziz Orucov qardaşlarının 70 yaşlı anaları Almaz xanım Həsənovanı dünən (22 iyun 2017) Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə dəvət edib, 3 saat sorğu-suala tutublar. Bir çox xəstəlikdən əziyyət çəkən Almaz xanımın halı pisləşib və təcili yardım maşını ilə reanimasiyaya yerləşdirilib. Bu barədə Anar Orucov ətraflı məqalə yazıb. Xeber.İnfo həmin məqaləni oxucuların diqqətinə çatdırır:

Dünən 70 yaşlarında olan, insult xəstəsi, dizindən əməliyyat olunmuş və normal gəzə bilməyən, şəkər və qan təzyiqi problemlərindən əziyyət çəkən anam Almaz Həsənovanın Prokurorluga çağırılıb dindirilməsinə və psixoloji təzyiq göstərilməsinə, müstəntiq və prokurur tərəfindən hədə-qorxu gəlinməsinə nə mən, nə də bu hadisəyə münasibət bildirən çoxsaylı dostlarım, yoldaşlarım, həmkarlarım ad qoya bilmirik... Burdan açıq deyirəm, məni qoca anamın Prokururluğa aparılması yox, orda səhhətinin kəskin pisləşməsi və xəstəxanaya aparılıb reanimasiyada yerləşdirilməsi də yox, Prokurorluqda ANAMLA davranışlarında tərbiyəsizlik göstərən Orxan Babayev və Ramiq Babayev adlı dövlət qulluqçusunun anamın vəkil tələbinə yox demələri, bütün qanunların və Konstitusiyanın ziddinə olaraq ondan övladına qarşı ifadə almağa cəhd etmələri, "sənin o biri oğlunu da gətirib türmədə uşaqlarından komanda düzəldəcəyik" kimi ifadələrlə psixoloji təzyiq göstərmələri incidib. Məni millətimi təmsil edən bəzilərinin bu qədər naqis olması, bu qədər əxlaqsız olmaları, bu qədər səviyyəsiz olması incidir. Mən sizin ANANIZLA deyil, ay bədbəxtlər, 70 yaşlı erməni qadını ilə belə davranmazdım. İnsanlar tarix boyunca dünyanın hər yerində günahlı və ya günahsız həbs edilə bilər. Kanal13-ün Bakı ofisnin rəhbəri qardaşım Əziz Orucovu günahsız olsa da həbs edibsiz. Amma o, hələ təqsirləndirilən şəxsdir, günahı sübuta yetirilməyib və günahsız olduğu üçün yetirilməyəcək də. Amma siz hansı haqla və əxlaqla 70 yaşlı bir Azərbaycan ANASINA belə davranmısınız? Belə tərbiyəsiz ünsürlər üçün dəyərlər niyə bu qədər aşınıb görəsən, ay millətim??? Vəkillərlə də müzakirələrim oldu, Azərbaycanda kifayət qədər hörmət sahibi olan çox normal münasibətlərdə olduğum yoldaşlarla da bunu danışdıq: bu əxlaqsız ünsürlərin prokurorluq orqanlarından atılması üçün Azərbaycanda və Avropada hüququn imkan verdiyi bütün vasitələrdən istifadə edəcəyik. Bu məsələ AŞPA-nın növbəti toplantısında Azərbaycanla bağlı məruzədə qaldırılacaq və oktyabr sessiyasında baxılacaq bu işə. Qoy Azərbaycan höküməti və hüquq mühafizə orqanları həmin tarixə qədər belə əxlaqsız nakəslərdən qurtulsun ki, ölkənin imici belə "gəda"lara görə bir az da ləkələnməsin. Anama sual verib "müəlliməsən, kitab oxuyursanmı?" - özündən olsa bu naqis müstəntiq guya savadsız çıxaracaqmış yaşlı, qoca, xəstə ANANI. Amma cavabını da alıb: Anam təkcə bu il ərzində Elxan Elatlının 8 kitabını oxuyub mənə də danışıb hələ. Çüngiz Abdullayevdən tutmuş, Markesə qədər, Stefan Zweigdən, İlyas Əfəniyevdən tutmuş Oljas Süleymanova qədər, Cek Londondan tutmuş adını mən də bilmədiyim daha kimlərə qədər dahiləri oxuyub, ay bədbəxt. Hələ mənə də şikayət edirdi ki, kitab çox oxuya bilmirəm gözümdən su gəlir... Sən belə bir ANANI ələ salmaq istəyirsən öz ağlınca, ay tərbiyəsiz? Bu iş burda qalmayacaq, bu iki əxlaqsız öz cəzasını alacaq qanun qarşısında. Amma onların ANALARI bir gün mənim yanıma xahişə gələndə öz ANAM kimi hörmət edib əllərindən öpəcəm onların. Çünki mənim tərbiyəm bir ANAYA bundan başqa cür davranmağa imkan vermir, milyonlarla digər azərbaycanlının tərbiyəsi kimi... Yoldaşlarımdan və dostlarımdan xahiş edirəm bu yazını bacardıqları qədər yaysınlar, qoy bu namərdlərdən hər kəs xəbər tutsun...

Ramin Meherremov

Oxu 2025 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.