"Heç bir risk görmürəm bu səfərdə" - Partiya sədri İran səfərindən danışdı

Bu məqaləni qiymətləndir
(1 Səs)

İran səfərindən qayıdan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev mətbuata danışıb.

- İran səfəriniz necə keçdi? İrana bundan əvvəl getmişdinizmi? Səfərdə rəsmi dairələrlə görüşlər oldu?

- Bu, İrana ilk səfərim idi. Səfər İran İslam Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilmiş, İranın Azərbaycandakı səfirliyi vasitəsilə bizə çatdırılmışdı. Qeyd edim ki, səfər boyu İran hökümətinin yüksək diqqətini üzərimizdə duymuşuq. Tehran hava limanında qarşılanmadan son ana qədər xüsusi ehtiram və hörmət gördük. Qəzetiniz vasitəsilə bu səfəri təşkil etmiş və əziyyəti keçmiş bütün iranlı dostlarımıza minnətdarlıq bildirməyi özümə borc bilirəm. Görüşlərimiz bizə verilmiş proqrama tam uyğun olmasa da, normal səviyyədə hazırlanmışdı. İlk təqdim olunmuş proqramda prezident Ruhaninin təşkil edəcəyi qəbulda iştirak, deputatlar və Parlament rəsmiləri ilə görüşlər nəzərdə tutulsa da, səfər zamanı bir sıra korrektələrin şahidi olduq. Misal üçün, bayram tədbirləri ilə əlaqədar qəbulda deyil, mitinq zamanı dövlət lojasında prezident Ruhani başda olmaqla İran siyasi və dini rəhbərliyinin iştirakını izlədik. Parlamentdə İnsan haqları komissiyasının sədri ilə görüş nəzərdə tutulsa da, parlament sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi, yüksək diplomatik nəzakət qaydalarına sahib Hüseyn Amirabdullahiyanla görüşdük. Parlamentdə türkdilli deputatlarla görüş planlaşdırılsa da, görüşümüz İran qanunverici orqanında 50 deputat, o cümlədən Azərbaycan bölgələrindən olan millət vəkillərinin təmsil olunduğu fraksiyanın mənsub olduğu Motalefeh partiyasında rəhbərliklə görüşdük. İran Dövlət televiziyasının türkdilli proqramlarında canlı yayıma çıxdıq. 90-cı illərdə Qarabağ müharibəsində iştirak etmiş 2 iranlı türk əsilli generalla görüşümüz oldu. Məşhəd şəhərinə maraqlı ziyarətimiz oldu. Bu proqram dəyişiklərinin səbəbi İranda bayram tədbirləri ilə bağlı idi. İranlıların öz milli çıxarlarına münasibətinin canlı şahidi olduq. Xüsusən 11 fevral İnqilab günü münasibətilə sadə insanların küçələrdə izdihamına baxdıq. Son hadisələr fonunda iranlılar potensial rəqiblərinə etirazlarını göstərirdilər. Çox möhtəşəm və həsəd aparılası mənzərə idi. Ümumiləşdirərək onu deyə bilərəm ki, səfər haqda rəyim və təəssüratlarım çox müsbətdir.

- ADP sədrindən və sizdən başqa hansı partiya sədrlərinin dəvət olunduğu haqda məlumatınız var idi?

- Bu dəvət 2 partiyanın-ADP və VİP-in dəvəti idi. Məlumat aldıq ki, səfərdə olduğumuz zaman mətbuatda qeyri-dəqiq məlumatlar yayılmışdı. Bu bizim 2 partiyanın İrana rəsmi dəvəti idi.

- Azərbaycandakı seçkilər barədə hansısa formada fikir mübadiləsi oldumu?

- Seçkilər müzakirə olunmadı. Heç bir təmasda Azərbaycanın daxilindəki məsələlər müzakirə edilmədi

- Seçki öncəsi prezidentliyə namizəd Əli Əliyev İrana getməklə risk etmiş sayıla bilərmi? Bir də gördün sizə qarşı “İrana işləyir” kampaniyası aparıla biləcəyindən narahat deyilsiniz?

- Heç bir risk görmürəm bu səfərdə. Biz kimin nə deyəcəyi ilə hərəkət etmirik, düz bildiyimizi edirik. Dəvət olunmuşuq, sayılmışıq, getmişik. Hara dəvət alsaq, eyni münasibəti göstərəcəyik. Seçki gündəliyi dəyişdiyindən planlarımızı aça bilərəm. Qərargahımızın mənim namizəd olaraq 5 paytaxta nəzərdə tutulan planı var idi. 5-indən 3-ü qonşu dövlətlərin əsas şəhərləri-Ankara, Tehran, Moskva idi. Daha 2 şəhər Vaşinqton və Brüssel idi. Planlayırdıq ki, seçki təqviminin normal gedişində hər 5 paytaxtı ziyarət edək. Tehran baş tutdu. Görək seçkidə iştirak qərarımız olsa, daha hansı səfəri reallaşdıracayıq. Harasa işləməyə gəldikdə, biz fəaliyyətimizlə sübut etmişik ki, yalnız Azərbaycana və onun maraqlarına xidmət edirik. Belə fikirləri yalnız özləri casusluq edənlər söyləyə bilər. Çünki təhtəlşüurlarında kim olduqlarını bildiklərindən, başqalarını da eyni görməyə cəhd edirlər. Biz belələrindən çəkinmirik. Bu səfər haqda bir fikri də bildirmək istəyirəm. Hökümətimiz Azərbaycanda müxalifətin olmadığını bildirsə də, rəsmi dəvət almağımız qonşu dövlət tərəfindən bu fikrin yanlış olduğunun sübutudur. Bizim yalnız dəvət olunmağımız isə sübut edir ki, kifayət qədər potensiala və gücə malik ən çox azərbaycanlının yaşadığı və idarə olunmasında yaxından iştirak edən dövlət bizim partiya və siyasətçilər olaraq potensialımızı qəbul və etiraf edir. Buna yalnız sevinə bilərik.

İrana münasibətə gəldikdə isə onu deyə bilərəm ki, bu beynəlxalq vektora münasibət müxalifətimizin iqtidara uduzduğu mühüm istiqamətlərdən biridir. Mənim isə bu hakimiyyətə, yəni YAP-a uduzmaq fikrim yoxdur.

- Azərbaycan türkləri ilə təmaslarınız oldu? İrandakı prosesləri necə gördünüz?

- Təmaslarımız oldu. Rəsmi də söhbətlərimiz oldu. İran reallığı fərqlidir. Hər iş biz düşündüyümüz kimi deyil. Fərqli nüanslar var İran reallığında. Biz siyasətdə emosiyalarla deyil, real situasiya ilə hesablaşmalıyıq. Siyasət şer yazmaq deyil. Bu sənət daha soyuq yanaşma sevir. Bu yanaşma isə, Cənubda olanları düzgün təhlildən keçir. İran dünya siyasətində öz yeri və təsiri olan nəhəng dövlətdir. Orada ən yüksək vəzifədə-İranın Ali dini rəhbəri Xameneyi Azərbaycan türküdür. Bu faktı diqqətdən qaçırmamalıyıq. İran bizim tarixən bağlı olduğumuz ən yaxın siyasi coğrafiyadır. Unutmayaq ki, orada son minillikdən yaradılmış nəhəng imperiyalar bizlərin qurduğu siyasi quruluşlardır. Oranın əsas sülalələri və imperatorları türklər-soydaşlarımız olublar. Ona görə də İran İslam respublikası daha fərqli münasibət istəyir. Azərbaycanın dövlətçilik maraqları bunu tələb edir.

- Seçkidə namizədliyinizi verməklə bağlı son qərarınız nə vaxt olacaq?

- Özüm bir mənalı şəkildə seçkidə iştirakın tərəfdarıyam. Lakin prezident seçkiləri miqyaslı işdir. Burada yüzlərlə insan imza toplamalı, enerji məsrəf etməli, fəaliyyət göstərməlidir. 2013-cü ildə bu işi fəallarımız təkbaşına yüksək səviyyədə görə bildilər. Lakin həmişəki kimi yenə bizi haqsız olaraq kənarda saxladılar. Bizim opponentliyimiz onları narahat edir. Başqa izahat tapa bilmirəm onların davranışına. Ona görə də 11 fevral tarixində keçirilən Məclis toplantısında konsensus əldə edilməyib. İştirakçıların əhəmiyyətli hissəsi seçkiyə qatılmamaq mövqeyində olublar. Mən səfərdə olduğumdan prosesə qatılmamışdım, təsirə də cəhd göstərməmişdim. İstəyirdim ki, daxildə rəyi bilim. Çünki insanların fikri çox mühümdür. Sağ olsunlar, məni gözləməyə qərar veriblər. Fevralın 18-də iclas davam edəcək. Açığı əksəriyyətə təzyiq etməyəcəyəm. Belə şəraitdə, könülsüz fəaliyyət yalnız ziyan verə bilər. Ona görə də çalışacağam ki, əksəriyyət könüllü şəkildə münasibətini tam açıq şəkildə ortaya qoysun. Nə nəticə ərsəyə gələcək, həmin Məclis iclasından sonra biləcəyik.

Oxu 378 dəfə