“Bizim “keşikçi köpəklər”imiz ev iti olublar, daha hürə bilmirlər…” Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Senzura qoymaq və mətbuat azadlığını məhdudlaşdırmaq olmaz!”

Qulu Məhərrəmli: “Əgər “keşikçi köpək” yuxuya gedirsə, onun qarşısına sümük atıb, yedirdib susdururlarsa, bax, onda fəlakət başlayır”

“Xəbər portalları bəzən həqiqətə yox, məmurlara və oliqarxlara xidmət edir”

“İxtisas sahibləri, media camiyəsi kimin kim olduğunu yaxşı bilir”

(Tanınmış jurnalist və media eksperti, professor Qulu Məhərrəmli “Qafqazinfo”ya müsahibə verib).

– Jurnalistikanı necə sənət hesab edirsiniz? Doğuşdan insanla birgə gələn, yoxsa sonradan qazanılan?

–  Məncə, jurnalistika ilk növbədə peşədir, cəmiyyəti məlumatla təmin etmək, xəbər çatdırmaqla bağlı yaradıcı fəaliyyətdir. İkinci qatda cəmiyyətin bir sosial institutu, ictimai fəaliyyət sferasıdır. Üçüncü mərhələdə jurnalistika sosiologiya və kommunikasiyanın qovşağında dayanan bir elmdir. Amma praktik mənada jurnalistika daha çox peşədir. 

– Bu gün  jurnalistikanın missiyası və rolu barədə müxtəlif mülahizələr söylənilir, bəs sizcə, bu peşənin əsas missiyası nədən ibarətdir? 

–  Jurnalistikanın əsas işi həqiqətə xidmətdir, əsas missiyası insanlara yaşadıqları ölkə və cəmiyyət haqqında doğru-dürüst məlumat çatdırmaqdır. Bu xəbərlər insanlara öz həyatları ilə bağlı qərar qəbul etməkdə kömək olmalıdır. Jurnalistika cəmiyyətin getdiyi yolu işıqlandırmalı, bu yolda qarşıya çıxan təhlükələrdən xəbər verməlidir. Təbii ki, yolu cəmiyyət özü seçir, jurnalistin vəzifəsi həmin yolu düzgün işıqlandırmaqdır. 

Əlbəttə, cəmiyyət adından hakimiyyət üzərində ictimai nəzarətçi olmaq, nöqsanları tənqid etmək, auditoriyanı maarifləndirmək, bəşəri dəyərləri yaymaq, dialoq üçün tribuna olmaq və sosial harmoniya yaratmaq da jurnalistikanın missiyasına aiddir. 

– Bəs, jurnalistin şəxsi mövqeyi olmalıdırmı?

– Burada bəzi şeyləri qarışdırırlar. Xəbərdə jurnalistin heç bir mövqeyi ola bilməz. Ona görə də peşəkar jurnalistika xəbəri rəydən qəti şəkildə ayırır. Bu məsələdə  “jurnalistin vətəndaş mövqeyi, yaxud şəxsi yanaşması olmalıdır” kimi yanlışlıqlar ideoloji məsələdir, daha çox jurnalistləri manipulyasiyaya həvəsləndirmək məqsədi güdür. Sözsüz ki, ölkədə gedən hansısa bir proseslə bağlı jurnalistin şəxsi  mövqeyi ola bilər. Amma o, hazırladığı materialda həmin prosesə simpatiyasını və ya antipatiyasını bildirməli deyil. Bunlar jurnalistikanın əlifbasıdır. 

–  Bir çox sahələrdə olduğu kimi, jurnalistika da vicdan tələb edir. Çünki cəmiyyətdə baş verən prossesləri onlar işıqlandırıb bizə çatdırır. Bu gün jurnalistlərimizin dürüstlüyünə, vicdanına bel bağlaya bilərikmi?

– Vicdanlı olmağın ən yaxşı göstəricisi jurnalistikanın missiyasına münasibətlə bağlıdır. Bu gün həqiqətə xidmət edən jurnalistlərin sayı xeyli azalıb, televiziya bizə doğrunu demir, saytların çoxu manipulyasiya ilə məşğuldur. Xəbər portalları bəzən həqiqətə yox, məmurlara və oliqarxlara xidmət edir. Belə olduqda vətəndaş doğru xəbəri haradan və necə almalıdır? Məlumatlar dəqiq olmayanda bizim baş verən hadisələr və bütövlükdə mənzərə haqqında təsəvvürlərimiz dəqiq olmur. Sualınıza cavab olaraq deyim ki, indi çox az media qurumunun və jurnalistin dürüstlüyünə, vicdanına bel bağlamaq olar, çoxluq təbliğatla məşğuldur.

– Bu gün auditoriyanın bir qismi xəbərlərin məzmunundan da narazılıq edir. Sizcə, bu narazılığın əsası varmı?

– Təəssüf ki, xəbərlərin məzmununda da ciddi aşınma var və oxucu bundan narazıdır. Bəzən sayt boş qalmasın deyə, nə gəldi yazırlar. Belə media qurumları xəbər haqqında təsəvvürləri dumanlandırır. Ona görə də saytlar məişət, sensasiya, zorakılıq xəbərləri ilə dolub-daşır. Bunlar hamısı xəbər havasını, ümumilikdə jurnalistika ekologiyasını çirkləndirir. 10-15 il bundan əvvəl cəmiyyətə verilən xəbərlər daha keyfiyyətli idi. Düzdür, onda jurnalistlər mənbələrdən daha rahat xəbər ala bilirdilər, seçib daha ciddi xəbərləri verirdilər, bütövlükdə jurnalistika daha ciddi idi. Buna görə də oxucu, tamaşaçı jurnalistə daha çox inanırdı. 

Xəbər gərək ictimai əhəmiyyət daşısın, cəmiyyətə yararlı olsun. Əgər bu, cəmiyyətə lazım deyilsə, onu yayımlamağın heç bir mənası yoxdur. Məsələn, o məişət, zorakılıq xəbərləri kimin üçündür? Nəyə görə biz qonşu və ər-arvad davalarını bu dərəcədə prioritet xəbərə çevirmişik?! Cəmiyyət bundan hansı faydaları götürür? Doğrudanmı, bunlar oxucu marağına xidmət edir? Bu barədə ciddi düşünmək lazımdır. 

– Oxucu marağından söz düşmüşkən, bu gün zorakılıq, məişət, şou xəbərləri daha çox oxunur, nəinki ictimai əhəmiyyət daşıyan xəbərlər. Təkcə mədəniyyət sahəsinə nəzər salsaq görərik ki, çox da məşhur olmayan birinin yeni plastik əməliyyatı, qalmaqalları daha çox oxunur, nəinki hansısa bir ciddi sənətkarın yeni yaradıcılıq uğurları. Bu, nə ilə bağlıdır? Nəyə görə əsl mədəniyyət şounun içərisində itir?

–  Çünki biz 15 ildir ki, auditoriyanı bu şəkildə tərbiyə edirik. Əvvəllər şou xəbərləri qəzetlərin son səhifəsində olardı, indi isə ön səhifəyə gəlib çıxıb. Əgər bu gün şou xəbərləri manşetə çıxırsa, bu, artq şüurda, davranışda, əxlaqda yaranmış deformasiyanın nəticəsidir. Oxucu buna maraq göstərirsə, bu, artıq xəbərin auditoriyaya mənfi təsiri deməkdir. Məsələn, geniş auditoriyanın tanımadığı iki müğənninin söz davası heç bir ictimai əhəmiyyət daşımır, amma saytların bir çoxu bunu verir. Özü də addımını onunla əsaslandırır ki, guya, bunu auditoriyanın marağı tələb edir. Halbuki biz hansısa bir ciddi elm adamının ölkənin taleyi ilə bağlı hansısa fikirlərini ictimailəşdirsək, davamlı olaraq onun mülahizələrini yayımlasaq auditoriya da artıq buna meyl edəcək. Media qurumunun seçimindən, xəbərə yanaşmasından çox şey asılıdır. Amma təəssüf ki, artıq ox yaydan çıxıb. Situasiyanı düzəltmək üçün nümunəvi saytlar, layihələr hazırlamaq lazımdır. Məsələn, feysbukda tarixə, mədəniyyətə, iqtisadiyyata aid çox maraqlı layihələrə rast gəlirəm. Hesab edirəm ki, saytlar milli düşüncəni qidalandıran belə layihələrə dəstək verməlidir. 

Təəssüf ki, biz klassik mədəniyyəti deyil, yalançı şou-biznesin tör-töküntülərini yaymaqla məşğul oluruq. Amerikada da şou-biznes var, amma o, mədəniyyətə qarışmır. Bizim şou-biznes isə az qala mədəniyyətin yerini tutur.

– Bəzən jurnalistlər tanınmışların şəxsi həyatlarını daha çox qabardırlar, nəinki məşğul olduğu işin özəlliklərini. Bəs, bu nə ilə bağlıdır: yenə də auditoriyaya işləyirlər, yoxsa yetərincə peşəkar deyillər ki, müsahibin sənətinin dərinliklərini aça bilsinlər?

– Kiminsə şəxsi həyatı insanda ani də olsa bir maraq yarada bilər. Amma bunu davamlı olaraq media materialına, düşüncə və davranış tərzinə çevirmək düzgün deyil. Bu, insanların zehnini daraldır, beyninin işığını alır. Həm də axı bizimkilərin şəxsi həyatı nə ilə maraqlıdır ki?! Heç bayağı serial mövzusu üçün də heç nə yoxdur. 

– Bəs bütün bunlara görə sizcə, jurnalistikaya senzura qoyulmalıdırmı?

– Bu məsələləri əsas gətirib senzura qoymaq və mətbuat azadlığını məhdudlaşdırmaq olmaz. Həm də bu, senzura ilə həll olunan iş deyil, əksinə bu addım vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Çünki senzura psixoloji maneələr yaradır. Bu məsələləri yalnız peşəkar səviyyə ilə, savadla, etik qaydalarla idarə etmək olar. Bir də bu fikri beyinə yazmaq lazımdır ki, mənəviyyatı, mədəniyyəti pula, reklama qurban vermək olmaz…

– Hazırda xeyli gənc jurnalistikaya meyillidir. Amma sanki bəzilərini efirə çıxmaq, tanınmaq daha çox maraqlandırır. Bir müəllim kimi siz bunu necə qiymətləndirirsiniz?

– İstənilən insanın efirdə görünmək həvəsi var və mən buna çox normal baxıram. Amma aparıcı olmaq, efirə çıxmaq həvəsi bir mərhələdir: iş alındı, getdin televiziyaya, havasını aldın, efirə çıxdın və hamı səni gördü. Amma sonra ciddi yaradıcılıq yolu keçməlisən, yaxşı müəllif, aparıcı, jurnalist, moderator olmaq üçün çalışmalısan. İnsan vaxtında dərk etməlidir ki, efirdə görünmək hələ şərt deyil, əsas şərt mütləq məzmun daşıyıcısı olmaqdır. 

– Jurnalisitikaya qəbul olmaq üçün qabiliyyət imtahanı verilməlidirmi?

–  Qabiliyyət imtahanının tətbiq olunması məsələsi gündəmə gələndən mən buna qarşı olmuşam. İndi də o fikirdəyəm ki, jurnalistikada qabiliyyət imtahanının olması bu sahədə təhsil sisteminə ciddi ziyan verir. Birincisi, heç kim esse yazmaqla jurnalist olmur, ola da bilməz. İkincisi, esse yazmaq jurnalist işi deyil, bu, bir növ publisistikadır. Jurnalist real həyat faktları əsasında yazmalıdır və olanları doğru-dürüst, vicdanla təqdim etməlidir. Bu keyfiyyətləri isə qabiliyyət imtahanı ilə müəyyən etmək olmaz. 

– Mədəniyyət şouya keçdiyi kimi, jurnalistikada da “kopi-past” geniş yayılıb. Yaxşı, əsl xəbərçiləri də jurnalist adlandırırlar, onları da. Sizcə, bunları bir-birindən ayırmağın vaxtı deyilmi?

– Məncə, bunlar təbii şəkildə ayrılıblar. Auditoriya  hər şeyi öz yerində görməyə bilər, amma ixtisas sahibləri, media camiyəsi kimin kim olduğunu yaxşı bilir. Amma saytlarda istinadların olmaması, xəbər mənbələrinin göstərilməməsi, jurnalist əməyinə hörmətsizlik çox pis haldır.

– Vətənpərvərlik jurnalist vicdanına mane olurmu? Media mənsubu mütləq vətənpərvər olmalı və məhz bunu sərgiləməlidirmi?

– Bu “vətənpərvərlik” söhbəti də jurnalistikamızdakı ideoloji nağıllardan biridir. Özü də baxıram ki, bu nağılları danışanlar ciddi bir məzmun ifadə etmir, sadəcə gözə kül üfürürlər. Jurnalistin vətənpərvərliyi ilk növbədə həqiqəti yazmaqdır, öz işini vicdanla görmək, cəmiyyətin inkişafına mane olan nöqsanları tənqid etməkdir. Üzeyir bəy demişkən, “Vətən abadlığı, dövlət intizamı və millət səlamətliyindən bəhs etməkdir”. Sizə jurnalist vətənpərvərliyinə aid bir nümunə göstərim. Neçə il əvvəl Yaponiyada sunami olanda həmin şəhərdə televiziya, radio, internet – heç nə işləmirdi. Şəhər qəzetinin əməkdaşları dərhal redaksiyaya yığışıb bu dağıntılar şəraitində əhali üçün çox vacib olan məlumatları toplayaraq divar qəzetinə bənzər bir qəzet hazırladılar. Sonra onun üzünü əllə köçürüb 7-8  surət çıxarıb şəhərin müxtəlif yerlərində adamların gur toplaşdığı yerlərdən asdılar. Və yalnız bundan sonra onlar öz itmiş ailələrini axtarmağa başladılar. Bax, jurnalist fədakarlığı budur. 

– Deməli, jurnalist heç nəyə baxmayaraq, bütün vəziyyətlərdə öz peşəsinin arxasınca getməlidir, elədirmi?

– Mövlanənin yaxşı bir sözü var: “Ya həqiqəti de, ya da sus”. Əgər sənin məqsədin doğrudan da, cəmiyyətə xidmət etməkdirsə və bunun üçün mübarizə aparırsansa bu, təqdirəlayiqdir. Amma sən öz maraqların üçün hansısa bir məmurla savaşırsansa, deməli, şəxsi məqsədin naminə peşəndən bir vasitə kimi istifadə edirsən.

– Belə bir aforizm var: insana danışmaq üçün iki il, susmaq üçün isə altmış il lazımdır. Jurnalistə susmağı öyrənmək lazımdırmı?

– Jurnalistin işi danışmaq, səs salmaqdır. Susmaq və məlumatları gizlətmək isə siyasətçilərə xasdır. Amma bunun da sonu yoxdur. Baxın, dünyaya hökmranlıq etmək istəyən Hitlerin sonu nə oldu? Reyxin informasiya naziri Gebbels illərlə yalan məlumatlar yaydı və ya xəbəri gizlətdi. Yalan məlumatlarlar ciddi fəsadlar, məlumatsızlıq isə vakuum yaradır. Dürüst xəbər cəmiyyətin oksigenidir, oksigensiz mühitdə cəmiyyət boğulur. İnformasiya civədir, bir yerdən sıxsan mütləq başqa bir yerdən çıxacaq. 

– Gəlin bir az da televiziyadan danışaq.  Hərdən televizoru açıb maraqlı bir verlişə baxmaq, ya maariflənmək, ya dincəlmək istəyirik. Çox təəssüf ki, kanallarımızdakı toyxana, çal-çağırlar buna imkan vermir. Düzdür, bu proqramlara da maraq göstərənlər var. Amma necə etmək olar ki, televiziya hər təbəqənin istifadəsinə yararlı olsun?

– 80-ci illərin ortalarında Avropada ictimai televiziyaların yaranmasının əsas məqsədi bir kanalda əhalinin bütün təbəqələrinin zövqünü oxşayan verilişlərin hazırlanmasına nail olmaq idi. Avropa ictimai yayım sistemi bu problemi həll edə bildi. Bizim telekanallar hamısı bir-birinə oxşayır, belə təsəvvür yaranır ki,  ATV-dən başqa heç bir telekanalın aydın yayım konsepsiyası yoxdur. Dövlət büdcəsindən maliyyələşən kanallar da tamaşaçını yarıtmır. Fikrimcə, TV sahəsində ciddi addımlara ehtiyac var.  

Telekanallarda vəziyyətin düzəlməsi üçün onların sərbəstliyi artırılmalı, peşəkar səviyyə yüksəldilməli, mövzu rəngarəngliyi təmin edilməli, formatlar dəyişməli, ictimai müzakirələr çoxalmalı, əyalətçilik və kriminal meyillər aradan qaldırılmalı, işin sahibi işbilənlər olmalıdır. 

– Bəlkə siz – bir qrup işini bilən jurnalist belə bir nümunə yaradasınız?

– Bu, bir az romantik təklifdir. Televiziya mürəkkəb bir mexanizmdir, ilk növbədə yaradıcılığın, texnologiyanın və siyasətin sintezidir. Bu səbədən TV-lərin fəaliyyətinə nəzarət bir qədər güclüdür. İstək və dəstək olarsa, nümunəvi və cəmiyyətə yararlı bir telekanal ortaya qoymaq olar.

– Günümüzdə diktorlara necə, ehtiyac varmı?

– Məncə, bu gün diktorlara heç bir ehtiyac yoxdur. Diktorluq tarixən həm teleradio yayımının strukturundan, həm də avtoritarizmin mahiyyətindən doğmuşdu. Bir dövr oldu və bitdi. İndi çevik, bacarıqlı, intellektual aparıcılar zamanıdır. 

–  Bir çox Avropa ölkələrində jurnalistləri “keşikçi köpəyi” adlandırırlar. 

– Jurnalistlər cəmiyyətə keşik çəkməlidir. Oğurluq, əxlaq pozuntusu, deformasiyalar varsa, jurnalistlər həyəcan siqnalı verib cəmiyyəti ayağa qaldırmalıdırlar. Jurnalist, hər şeydən əvvəl, cəmiyyətdəki məsələləri dürüst işıqlandırsa insanlar da təhlükələri görərlər – yox, hadisələri malalamağa başlasa, biz də təhlükənin fərqində olmarıq. Amerika və Avropa jurnalistikası göstərir ki, jurnalist “keşikçi köpəyi” funksiyasını yerinə yetirəndə cəmiyyət bundan xeyir görür. Əgər o keşikçi köpəyi yuxuya gedirsə, onun qarşısına sümük atıb yedirdib susdururlarsa, bax, onda fəlakət başlayır. 

– Bizim “keşikçi köpək”lərimiz varmı?

– Vaxtilə bizim də “keşikçi köpək”lərimiz olub. Amma indi onlar əməlli-başlı ev iti olublar. Yağlanıblar, piyləniblər, sayıqlıqlarını itiriblər, ona görə də artıq hürmürlər, daha doğrusu hürə bilmirlər.

Oxu 420 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.