Tərcümeyi-halında bir sürü suallar var təzə nazirin - Sərdar Əlibəyli yazır

Bu məqaləni qiymətləndir
(0 səs)

Təzə təhsil nazirinin mətbuata yansıyan tərcümeyi halı ilə tanışlıq xeyli suallar yaradır. Adam zatən artıq bu görəvi üstlənmiş durumdadır və bundan sonrakı əsas məsələ ölkənin təhsil sisteminə verə biləcəyi katkılar, görə biləcəyi işlər, bir də təhsilimizin bundan sonrakı durumu müzakirə edilə bilər. Ancaq bu gənc naziri anadangəlmə “vunder kind” kimi təqdim eləməklə, baş vermiş təyinatı “QARĞA MƏNDƏ QOZ VAR” misalı təqdim eləmək, görən kimin ağlının məhsuludur?!

“1995-ci ildə orta məktəbi bitirib, instituta daxil olub … 1997-ci ildə 18 yaşında Xarici İşlər Nazirliyində diplomatik karyerasına başlayıb, 1997-2002-ci illər ərzində nazirliyin Beynəlxalq Təşkilatlar İdarəsində referent və attaşe vəzifələrində çalışıb.”

1. Bir halda ki, nazir təyin olunan şəxsin tərcümeyi-halı bu qədər təfərrüatlı şəkildə təqdim olunur, o zaman adamın təvəllüdü və doğulduğu yer niyə qeyd olunmur, əcaba bir sakıncasımı var, ya da gizlədiləcək bir şeymi?!

2. Adam institutu iki iləmi bitirib???!!!

3. Camaatın uşağı 18 yaşında əsgərliyə gedir, amma təzə nazirimiz bu yaşda diplomat olub(?). Tərcümeyi-halında, hərbi xidmət keçməsi barəsində çıt da yox.

Tərcümeyi-halın qalan hissəsi də, bu cür uyuşmazlıqlarla, özündə mənasız pafosdan və yersiz təriflərdən savayı heç nəyi ehtiva etməyən, nazir təyinatı üçün hər hansı məna daşımayan məlumatlarla doldurulub. Belə təqdimatdansa, susmaq yaxşı deyildimi, zatən kimsə təzə nazir  Yusif Məmmədəliyevin kimliyini, hardan gəlib, hara getdiyini sorğulamır ki, sorğulayamaz da. Neçə il Mikayıl Cabbarovu sorğuladılar, nəticəsi nə oldu ki, bir boy da yuxarı çıxarılmadımı?

Bütün hallarda, xeyirli və uğurlu olsun. Amma “xeyir və uğur” dediyin kimin üçün nə sayılırsa artıq ?!

P.S.Yeni təhsil naziri məlum oldu – SON DƏQİQƏ

Yusif Məmmədəliyev təhsil naziri təyin olunub.

Prezident İlham Əliyev Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyevin Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsinə təyin olunması haqqında Sərəncam imzalayıb. 

Qeyd edək ki,  Yusif Məmmədəliyev 1995-ci ildə Səbail rayon 134 nömrəli orta məktəbi bitirdikdən sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinə qəbul olunub. 1999-cu ildə qeyd olunan institutda bakalavr dərəcəsini aldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirib. 2001-ci ildə Akademiyanın İnzibati idarəetmə fakültəsini Dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.

1997-ci ildə 18 yaşlı Y. Məmmədəliyev Xarici İşlər Nazirliyində diplomatik karyerasına başlayıb, 1997-2002-ci illər ərzində nazirliyin Beynəlxalq Təşkilatlar İdarəsində referent və attaşe vəzifələrində çalışıb.

2002-2005-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində attaşe kimi fəaliyyət göstərib.

2003-cü ildə Azərbaycan Respublikası Prezident seçkilərində Leyla Əliyevanın rəhbərliyi ilə “İlhamla İrəli” şüarı altında gənclərin təşəbbüs qrupunun tərkibində İlham Əliyevin seçkiqabağı kampaniyasında iştirak edib.

2005-2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsində ikinci və daha sonra birinci katib vəzifələrində çalışıb.

2009-2011-ci illərdə Madrid şəhərində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində fəaliyyət göstərib.

2011-2013-cü illərdə ABŞ-ın Nyu-York şəhərində yerləşən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir və daha sonra Daimi Nümayəndənin müavini vəzifələrində çalışıb. 2011-ci il 14 noyabr tarixində Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi prosesində fəaliyyətinə görə birinci dərəcəli birinci katib diplomatik rütbəsini almışdır.

2013-cü il 1 may – 30 dekabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində idarə rəisi vəzifəsində çalışmış, ona birinci dərəcəli müşavir diplomatik rütbəsi verilib.

2014-cü il yanvar ayından etibarən Heydər Əliyev Fondunda ekspert qismində və İDEA İctimai Birliyinin icraçı direktoru vəzifələrində iş fəaliyyətini davam etdirib.

2017-ci il 1 iyun tarixində Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri təyin edilib.

Oxu 2285 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.