"Get qızım, ailənlə, uşaqlarınla məşğ ol" - Jalə Cəfərova yazır

Bu məqaləni qiymətləndir
(5 səs)

Hökumət yaxşı bilir, ancaq tədbir görmür, niyə?

Uzun alınacaq….ancaq ürəyimin sızıltısını paylaşmaq istədim sizlərlə…

Qanı qanımdan olan bir əzizim uzun illərdir ruhi xəstəlikdən əziyyət çəkib(ir). Aylarla Bayıl qəsəbəsində yerləşən disponserə hər fəsildə sürünmüşəm…məhz sürünmüşəm… (eynən həbsxana yollarında sürünənlər kimi).

Yalnız ilk dəfə xəstəxananın qapısını şəstlə, tələsik açdım ki boynuna sarılım, yanında əyləşib gətirdiyim sovqatlarla sevindirım… danışaq, gülək, könlünü alım əzizimin…

Mən bir stolun küncündə süfrə hazırlamaqla məşğul idim. Başımı qaldıranda nitqim qurudu. Əlində boşqab mənə sarı uzanmış bir neçə xəstəni görəndə özümü necə itirdimsə az qala yıxılacaqdım. Eşitdiyim səslər sanki quyunun dibindən gəlirdi: “ay gözəl, sən canin, o armuddan bir dənə ver də, iki dənə də konfet, ALLAH  balavu saxlasın”, “anaş, o dolmadan beş-altı dənə ver də…”

Birdən bütün xəstəxananın eşidə biləcəyi cingiltili, tükürpədici səs məni diksindirdi: “ay sürtüklər, ay yalaqlar, ölürsüz acından, indi yemədiz ki?? Ay boğmanız ölsun, gözdüyün də,  sizinkilər də gələcey də,  boğmalanarsız nə olub??”

Mən əsə-əsə,  dilim tutula-tutula dedim: “siz allah, işiniz olmasın mən sabah yenə gələcəm, izn verin paylayım”. Tibb bacısı fırk eləyib otaqdan çıxdı.

Dispanseri tərk edəndə ayaqlarımı zorla sürüyüb taksiyə oturdum. Bu minvalla hər gün gördüklərim, eşitdiklərim artıq mənim özümü yatağa salmışdı.

Ancaq sürünməyə məcbur idim. Yavaş-yavaş özümü toparlamağa çalışırdım.

Bir gün baş həkimin qəbuluna getdim: “F.xanım, artıq iki aydı mən bura gedib-gəlirəm, xəstələrlə söhbət edirəm. Bunların arasında vaxtıyla müəllim olanı var, vəzifədə olanı var, bir sözlə, burdakı insanlar, əsasən, stressdən , sarsıntıdan bu hala düşüblər. Bu disponserdə insanı stresdən çıxara bilən heç nə yoxdu. Nə isti münasibət, nə məşğuliyyət üçün müxtəlif oyunlar. Üstəlik, hər addımda “əl vurma, çəkil, rədd ol” kimi yersiz təhqirlər. Sizcə, hansı güclü dərman bu xəstələrə kömək edə bilər? Heç biri, axı bunlar insandı, canlı insan. Mən gələndə ətrafıma doluşurlar. Sadəcə, xoş danışıram ,vəssalam, çox üzülürəm, inanın, özüm artıq dəli olmaq dərəcəsinə çatmişam deyəsən”

Baş həkimin cavabı neştər kimi məni didib-parçaladı: “Get, qızım, ailənlə uşaqlarınla məşğ ol. Hökümət bilmir ki, bunlara nə lazımdı, nə lazım deyil? Tankdilar ee bunlar, tank,  eşşək kimi nə versən üyüdəcəklər. Bunlara nə yaraşır televezor, oyun-moyun? Sənə bura gəlmək pis təsir edir? Gəlmə…”

Daha nələr dedi, eşitmirdim. İki aydan sonra: “xəstəniz sağalıb, apara bilərsiz”–dedilər.

“Sağlam” xəstəmizin başında bit-sirkə ayaq tutub yeriyirdi, bədənində neçə yerdə döyülməkdən qançır izləri, uzanmış saçların əyri-üyrü kəsimi. Yox, daha sadalamayım… Artıq, yaza-yaza ağlayıram.

Üstündən bir qədər keçdi.

Bir neçə mənim kimi narazı valideynlə söhbət etdim. İnandırmağa çalışdım ki: “baxın, bina taxtadan, nə vəziyyətdə, burdakı münasibət və daha nələr, nələr. Gəlin səsimizi qaldıraq”.

Heç kəs, bir nəfər də olsun, səsimə səs vermədi.

P.S.

İllər keçsə də, xəstələr dəyişsə də, o dispanserdəki vəziyyət haqda elə hey bir-birindən acınacaqlı hadisələrin baş verdiyini eşidirdim və bütün bunları məharətlə ört-basdır da edə bilirlər.  Nədənsə,  “Narkoloji disponser”dəki faciədən sonra bu üzücü həyat hekayəmi sizlərlə bölüşmək istədim.

Vallah, heç bilmirəm niyə !

Jalə Cəfərova

Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri

Oxu 829 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.