“…biz duruşumuzu dəyişək”

Bu məqaləni qiymətləndir
(2 səs)

Tanışlardan birinin ailəsində ara-sıra problem yaranır. Əksər halda mənə danışır, mən də bir az bidliklərimdəm öyüd-nəsihət verirəm və dediyinə görə, hər şey qaydasına düşür. Aşağı, yuxarı hər 2 aydan bir şikayətlənir, qəti qərara gəldiyini deyir – qərarımı verdim, boşanacam. Uje iki ilə yaxındır,bu boşanma davası gedir. Bu gün elə yazmışdım ki, necəsən, nə edirsən? Pisəm, çox pisəm deyə başladı. Bir az gileyləndi və əlavə elədi ki, daha qərarımı vermişəm sən mənə hüquqi yardım et. Mən necə etməliyəm, boşanmaq üçün kimə vəhara müraciət edim və sair. Dedim, tələsmə, sən qərarını dəqiqləşdir, sonra rahat danışarıq. Nə isə, bir neçə saatdan sonra yazdım. Məni gözləyirmiş kimi mesajım yarıyolda olanda, uje cavabı mənə çatdı. Dedim hə, indi yavaş, yavaş boşanma qərarını izah elə. Nə səbəb oldu ki, sən bu qərara gəldim. Az danışdı, çox dinlədim, çox danışdı, az dinlədim, gördüm ki, insafən qarşı tərəfdə heç bir günah yoxdur. Qarşı tərəf ailəni qorumaq üçün əlindən gələni edir. Adam isə nə istədiyini, nəyin peşində olduğunu rəsmən bilmir. Ama hər sözünün əvvəli də, axrı da mən belə istəyirəm, mən filan istəyirəm və sair idi.

Söhbətin bu yerində yaddaşımda əbədi həkk olan və yaşam tərzimi tənzimləməkdə yardım edən bir hadisə yadıma düşdü. Dəyərli qardaşım, Hacı Əbülfəz deyir, bir dəfə məsciddə namazın iqaməsi oxunurdu, mən də ayaqlarımı bir az aralı, çiyin bərabəri səviyyəsində qoymuşdum. Yanımda dayanan Hacı Tapdıq əmi əyilib qulağıma dedi ki, ayaqlarını aralı qoymusan. Dedim, mənim duruşum belədir. Tapdıq əmi yenidən təbəssüm edərək əyildi: “Allah dini göndərib ki, biz duruşumuzu dəyişək”.

Qayıdaq mətləbə;

Adam dindar olduğu üçün, tez-tez “mən istəyirəm axirətimi qazanım” və sair sözlər də işlədirdi. Qarşı tərəfin haqlı olduğunu və hətta ona qarşı kobudluq etdiyinə görə, gedib üzr istəməli olduğunu dedim. Və Tapdıq əminin dəyərli sözü ətrafında xatırlamalar elədim. Çox sağ olsun ki, sakitləşdi, qərarından vaz keçdi və bir daha belə qərarlar barəsində düşünməyəcəyinə söz verdi.

Sözardı;

 Cəmiyyətdə rastlaşdığımız bəzi problemlərin də əsası “mən belə istəyirəm” iddiasından başlayır. İzah edəndə də ya harameyilli deyirlər, ya da başqa nəsə bir ad verirlər. Yaxın günlərdə bir şəkil paylaşmışdım. Şəkildə dinin qaydalara əməl olunmuşdu. Bəzi dostlar irad bildirdilər. Təbii ki, iradlarının, mən belə düşünürəm, iddiasından başqa heç bir əsası yox idi. Din hamının danışa biləcəyi sahə olduğu üçün kiməsə, sən dindən danışma, demək olmur. Çünki din hamı üçündür, hamınındır. Hər hansı bir məsələdə, mən belə düşünürəm iddiası, həmin problemə minlərlə baxış deməkdir. Əgər həmin məsələnin dinlə bir əlaqəsi varsa, mütləq o problemlə bağlı dinin düşüncəsi də var. Yaxşı olmazmı, həmin məsələ ilə bağlı ilk olaraq dinin nə düşündüyünü öyrənək? Daha yaxşı olmazmı, həmin məsələ ilə bağlı düşüncəmizi dinin düşüncəsinə uyğunlaşdıraq? Bəli, yaxud yox deyənlər ola bilər. Bu da normal. Bəli deyənlər, əməldə imanlarını təsdiq etmək üçün dinin göstərişini rəhbər tutacaqlar, yox deyənlər də dindən qopub düşdükləri cətin duruma görə dini suçlamayacaqlar. Yəni, mən müsəlmanam və din bizi geri aparır, iddıasında bulunmayacaqlar. Bu arada bir hadisə də danışım. Almaniyada biletsiz nəqliyyatdan istifadə edənlər böyük məbləğdə cərimə olunurlar. Tanıdığım bir nəfər qonşu şəhərə gedirdi. Mən yolu bildiyim üçün, hardan və necə gedəcəyini izah elədim, hətta bilet alacağı makinanı da göstərdim. Qayıdanda yenə rastlaşdıq. Dedi, cərimə elədilər 60 evro. Sən bilet almadınmı, niyə cərimə etsinlər, sordum. Dedi yox, səndən ayrılandan sonra fikrimi dəyişdim. Adam günahın özündə olduğunu etiraf etdi. Day bilmədim, səmimi etiraf idi, ya yox.

Gedəcəyimiz yol aydındır, hətta dinin göstərişi də var. Göstərişə əməl etmədən, dini suçlamaq insafdırmı? Fərqi yoxdur dindardır, ya ateist. Yəni kimliyindən asılı omayaraq, dinin göstərişinə əməl olunmalıdır ki, xaos yaranmasın. Hüquqa boyun əyməyən, qanun tanımayan məmuru özbaşına adlandırıb, cəmiyyətdə xaos yaratmaqda ittiham ediriksə, dinin qaydalarına uymayan dindarı niyə özbaşına adlandırmayaq?

Nəticə budur ki, həm hüquq kimi qəbul olunan qanunlar, həm də şəriət kimi tanınan dini göstərişlər fərdin şəxsi istəklərindən vaz keçməsi üçündür. O istəklər ki, insanın ümumi ziyanınadır. Cəmiyyətdə heç bir qanuna uymayan fərdlər çoxalarsa, o cəmiyyətin iflası deməkdir. Hamının, cəmiyyətin elə özümüzün xeyiri üçün, mən belə düşünürəm, iddiasından vaz keçməliyik. Həm inanclı, həm ateist düşüncəsini mütləq cilalamalıdır. Çünki, mən belə düşünürəm!

Cavid Cabbarlı

İlahiyyatçı, jurnalist

Oxu 508 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.