''Evimizi başımıza uçurdular''

Bu məqaləni qiymətləndir
(0 səs)

Mülk davası məhkəməyə daşınıb

"İllərdir yaşadığım evimi başıma uçurdular. Söz də o oldu ki, sənədim yoxdur. Bəs, 2003-cü ildən bu yana, 17 il ödədiyim kommunal xidmətləri, vergini görmürdülər? Qanunsuz tikilidir deyib, mənzilimi dağıtdılar başıma”. 

Bu sözləri Bakı şəhər sakini Elşən Hüseynov deyir. Noyabrın 15-də onun özünü doğraması ilə bağlı videogörüntülər sosial şəbəkələrdə yayıldı.

Elşən Hüseynov Meydan TV-yə açıqlamasında deyib ki, o, hirsindən bu üsula əl atmalı olub. Evinin uçurulması onu özündən çıxarıb. 

E.Hüseynovun evinin olduğu məhəllə Nizami rayonu ilə Suraxanı rayonunun kəsişməsində yerləşir. Ancaq ünvan Nizami rayonu, Şərq küçəsi 40/85 kimi göstərilir. Elşən deyir, illərlə Nizami rayonuna vergi rüsumu ödədiyi halda, Suraxanı rayon İcra Hakimiyyəti evini dağıdıb:

"Halbuki Suraxanı rayon Məhkəməsinin evlərin söküntüsünün dayandırılması ilə bağlı qərarı da var. Məhkəmə qərarına da baxılmadı”. 

Tək E. Hüseynovun yox, bir neçə ailənin də mənzili sökülüb. Elşən Hüseynov deyir ki, evi sənədləşdirmək üçün Nizami Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsələr də, onlara imkan verilməyib. Buna baxmayaraq, ailələr hər il Nizami Rayon Bələdiyyəsinə rüsum ödəyib.

"Rüsum ödəyəndə alırdılar, demirdilər, sənədiniz yoxdur. Sökülməyə gələndə, sənəd tələb etdilər”. 

Sakinlər deyir ki, son zamanlar hər gün bir nəfər çıxıb yerin ona aid olduğunu deyir. Hüseynov iddia edir ki, söküntü Bakı meri Hacıbala Abutalıbovun köməkçisi, eyni zamanda, qohumu olan Vüsal Cəfərovun istəyi ilə həyata keçirilib.

"Halbuki məhkəmə söküntü və tikinti işlərini dayandırıb. Məhkəmə söküntünü dayandırsa da, Vüsal Cəfərov dayandırmadı. Arxası güclüdü, Hacıbala Abutalıbova güvənir”.

Əlilliyi olan Familə Abdullayeva da evi sökülənlərdəndir. Deyir, evi sökülən gün xəstəxanaya gedibmiş. Qayıdanda evini dağıdılmış görüb:

"Gəldim ki, texnika, 15-ə yaxın adam evimi söküb. Özü də hər şeyim, əşyalarım içində ola-ola. Dedilər, bizə deyiblər buranı dümdüz edin, əmr almışıq”. 

Evi sökülən sakinlərə alqı-satqı sənədləri təqdim olunub. Müqavilə Vaqif İlyas oğlu Məmmədovla Vüsal İdris oğlu Cəfərov arasında bağlanıb. Müqavilədə ünvan kimi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi göstərilir. 

Meydan TV sənəddə satıcı kimi göstərilən Vaqif Məmmədovla əlaqə saxlayıb. V.Məmmədov belə bir alqı-satqı aparmadığını, ümumiyyətlə, V.Cəfərov adlı şəxsi tanımadığını deyib.

Meydan TV həmin alqı-satqı sənədinin surətini V.Məmmədova təqdim edib. Bir neçə gündən sonra V.Məmmədov məsələni araşdırdığını deyib:

"Öyrəndim ki, o adam bizimlə uzaqdan-uzağa tanışdır. Ancaq aramızda hər hansı alqı-satqı olmayıb, imza mənim deyil”. 

Meydan TV V.Cəfərovla da əlaqə saxlamağa cəhd edib. Lakin bu barədə münasibət öyrənə bilməyib.

E.Hüseynov da deyir ki, müqavilədə göstərilən ünvan onların yaşadığı ünvanla uyğun gəlmir, buna baxmayaraq, onların evi sökülür.  

Suraxanı rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən Meydan TV-yə deyiblər ki,  söküntü ilə bağlı hər hansı şikayət almayıblar: 

"Söküntü işləri adətən dövlət səviyyəsində həyata keçirilir. Üstəlik, həmin ərazidəki evlərin sənədi də yox idi. Ancaq şikayətçilər bizə müraciət etməyiblər. Hər bir halda araşdıracağıq”. 

Nizami Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Vüsal Aşurov isə bildirib ki, adıçəkilən küçə Nizami rayonu ərazisi hesab olunur. Amma ərazi həm Nizami, həm də Suraxanı rayonuna düşür:

"Söküntülər vacib məsələdir. Amma həmin söküntü Suraxanı rayonu ərazisinə düşür. Buna biz cavabdeh deyilik. Həmin ərazi də mübahisəli bölgədir. Bizə aidiyyatı yoxdur”. 

Meydan TV Bakı Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət öyrənə bilməyib.

Mülk davası artıq məhkəməyə daşınıb. Sakinlər mübahisənin necə nəticələnəcəyini gözləməkdən başqa çarələrinin qalmadığını deyirlər.

Oxu 259 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.