Gəncə polisindən şikayət var

Bu məqaləni qiymətləndir
(0 səs)

Sakin: ''Bütün günü parkları, çayxanaları dolaşırlar, vətəndaşlara ''ilişirlər''

"Üç gün əvvəl bir içkili kişini adamların gözü qarşısında maşına oturdub döydülər. Sərxoş olub, şüşəni sındırıb, ona görə döydülər. Polisə sual verirəm; vətəndaşı niyə döyürsən? İçkilidir, şüşə qırıb, lap elə deyək ki, ətrafdakıları narahat edib, apar, qanunla cəzası nədir – cərimə... Ver məhkəməyə, cərimələnsin, iş bitsin. O, şüşə qırmışdı, böyük cinayəti yox idi, ancaq siz birləşib onu döyməklə cinayət elədiz”.

Bunu Meydan TV-yə Gəncə sakini Eyvaz Məmmədov deyir. Onun sözlərinə görə, bir neçə gündür ki, üç polis əməkdaşı şəhərin mərkəzində gəzərək sakinləri hədələyir, ictimai asayişi qorumaq əvəzinə insanları təzyiq altında saxlayır.

"Qarşılarına çıxanı hədələyirlər"

"Küçədə it gəzdirəni, qoşa dayanıb söhbət edəni, mağazanı gec bağlayanı – qarşılarına kim çıxdı, hədələyirlər, təzyiq göstərirlər”- Eyvaz Məmmədov deyir.

İtdən söz düşmüşkən, elə şəhər sakini Kamil Qasımov polis tərəfindən itə görə "qulaqburması” alıb. Deyir, iki gün əvvəl Heydər Əliyev prospektində ona məxsus mağazanın qarşısında həmin polis işçiləri onu da hədələyiblər.

"Sahə müvəkkili deyir: hamı bezib"

"Zahiri görünüşcə də yekəpər polislərdir. Biz onları buralarda əvvəllər görməmişdik. Mənim ev itim var. Hər gün özümlə gəzdirirəm, gəlib mağazanın qarşısında hədələdilər ki, sabahdan burda itlə görünmə. Halbuki, körpə itdir. Qanunda ev itini çölə çxarmamaq kimi qadağa yoxdur. Deyirlər, ev itidir, evdə saxla, çölə çıxartma. Bilmirlər vətəndaşa necə ilişsinlər, necə incitsinlər... Bir az danışanda da, idarəyə aparacaqları ilə hədələyirlər. Bütün günü parkları, çayxanaları gəzib dolaşırlar, parkda skamyada oturana da ilişirlər ki, niyə burda oturmusan.. Hamıya göz ağardırlar, hədə-qorxu gəlirlər. Bu yolla insanlara psixoloji təzyiq göstərirlər. Gedib sahə müvəkkilinə şikayətlənmişəm, deyir, hamını bezdiriblər, hamı şikayətçidir, ancaq mənlik deyil, baş idarənin polisləridir, gedin rəisə şikayət edin”- Kamil Qasımov deyir.

Gəncə şəhər polis idarəsindən bildirilib ki, şikayətlər cəfəngiyyatdır. Gün ərzində idarənin post-partul xidməti növbəli qaydada şəhərdə ictimai asayişin qorunmasını həyata keçirir: "İdarəyə belə bir şikayət daxil olmayıb. Sizə şikayət edən niyə bir dəfə də olsun idarəyə şikayət etmir? Polis asayişi qoruyur, vətəndaşı qoruyur. Polis adam döymür. Deyilənlərin heç bir əsası yoxdur”.

Oxu 282 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.