“Ölü” toplusuna dönmüş cəmiyyət

Bu məqaləni qiymətləndir
(1 Səs)

Ölü ardınca pis söz danışmazlar. Bu deyim hər birimizin yaddaşına hopub. Ölən kəsin arxasınca “Allah rəhmət eləsin” deyib, keçirik. Ama çoxumuz bunun səbəbini bilmirik…

Ölü-diri söhbəti dini ədəbiyyatlarda bir az biz düşündüyümüzdən fərqli qeyd olunur. Quranda ölü insanlar, dirilərdən bir neçə yerdə fərqləndirilib. Məsələn, “Şübhəsiz  Allah  Quranı, onu  anlayıb  həyatlarına  tətbiq  etmək üçün dirilərə göndərdi” ayəsi göstərir ki, ölü-diri söhbəti fiziki həyatlarını davam edənlərə aid deyil. Yaxud, “Və (beyin və qəlb)  dirilər  ilə  (cəhalət əhli olan) ölülər  eyni deyil” (Fatir 21) ayəsində insan qəlbən, düşüncə baxımından diri olmağa dəvət edilir.

Başqa bir ayədə “Şübhəsiz ki, səsini ölülərə (diri ikən ölülərə) eşitdirə bilməzsən” (“Rum” surəsi, ayə 52.) qeyd olunur.

Və… nəhayət Ali-İmran surəsi 169-cu ayədə “Allah  yolunda öldürülənləri  əsla  ölü  zənn  etmə, əksinə, diridirlər  və  onlara  Rəbbi  yanında  ruzi  verilir”, deyilir.

Deməli Quran məntiqi ilə insanın ölü və diri olması haqqı qəbul edib, ona itaət etməsiylə ölçülür. Diri insanlar haqqı qəbul edib, onun uğrunda döyüşənlər və şəhid olanlar hesab olunurlar. Hətta belələri fiziki yoxluğa məhkum olsalar da, diridirlər. Haqqı qəbul etməyib, heç zaman onun müdafiəsinə qalxmayanlar isə "ölü"dürlər, lap elə fiziki olaraq kanfort yaşasalar da.

Qayıdaq, ölü haqqında pis danışmazlar, deyiminin əsas səbəbinə. Bu barədə də bir Quran ayəsi qeyd edim. “…bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar…” (Hucurat -12)

Əvvəlcə, qeybətin nə olduğunu bir cümlə ilə deyim – Qeybət, bir insanın gizli şəkildə etdiyi hər hansı bir əməlin faş olunmasıdır ki, o insan tanıdıqları arasında hörmətdən düşür.

Əslində bu ayə ciddi ictimai mesajdır.

Qeybət, niyə ölü və qardaş əti yeməyə bənzədilib? Təfsir alimləri iki məsələni xüsusi qeyd edirlər. Birincisi, Quranda qeybət ölü qardaşın ətini yeməyə ona görə bənzədilib ki, tam ölmüş hüceyrələr yenidən bərpa ola bilmədiyi kimi, itirilmiş hörmət və şərəf də yerinə qayıda bilmir. İkincisi, fiziki varlığını itirmiş insan hüquqlarını qorumaq imkanına sahib deyil.

Bəs, niyə məhs qardaş?! Dediyim kimi bu mesaj, ictimai tarazlığı təmin etməyə yönəlib. Cəmiyyətin sağlam inkişaf etməsi üçün qardaşlaşmaq və bütövləşmək əsas amillərdən biridir. İnsan qardaşına qarşı yanlış addım atarsa, onun günahı və qınağı daha çox olur və unudulmur. Hətta, kimsə qardaşına bir pislik edərsə, digərlərinin gözündən düşür, ona qarşı daim hər hansı formada basqı olur. Amma heç bir qan qohumluğu olmayan şəxsə qarşı yönəlmiş səhv davranış tez undulur.

Cəmiyyət fərdlərdən təşkil olduğu üçün, fərdlər arasında qardaşlıq bağının olması şərtdir. Bir az əvvəl göstərdiyim ayələrin ümumi nəticəsi budur ki, ölü ilə diri eyni deyil. Və eyni zamanda bu mövzunun ölçü vahidi Haqq tərəfdarı olmaqdır. Deməli, cəmiyyətdə “diri” insanların sayı çoxalarsa, cəmiyyət daha möhkəmlənəcək. Əks halda öz hüququnu belə, müdafiə edə bilməyən fərdlərin toplusuna dönəcək. Bu zaman, belə toplumdan ancaq ölülərə xass olan davranışlar baş verə bilər.

Həzrət Məhəmməd (s) kəlamlarına müraciət edəndə daha faydalı tövsiyyələrlə rastlaşırıq. Həzrət (s) bir gün buyurdu: “Ölülərlə oturub durmayın”. Soruşdular bu, necə mümkündür? Peyğəmbər(s) dedi: “Qəlbini dünya ilə öldürənlərlə əlaqəni kəsin”.

Nəticə: Bu ayələr və Həzrət Məhəmmədin (s) kəlamı yaşadığımız cəmiyyəti tövsif edir. Etiraf edək ki, cəmiyyətimizdə öz hüquqlarını müdafiə edən şəxslər çox azdır. İnsanlar ən çətin sınaqlarla üz-üzə qalıblar, azğın proqramlarla cəmiyyətin müqavimət hissimi öldürülüb. Beləliklə, cəmiyyətimiz “ölü” toplusuna dönüb.

Yəqin ki, nə etmək lazımdır, xilas yolu nədir və sair suallar çoxunu maraqlandırır. Yuxarıda qeyd etdiklərimdən belə nəticəyə gəlirəm ki, toplum fərdlərin cəhalətə salınaraq, “öldür”ülməsi ilə bu hala düşdüyü kimi, islah olunmuş fərdlərin artması sisiləsilə “diri”lə bilər. Yəni cəmiyyətdə fərdlər islahata başlamalıdır. Cəmiyyət dəyişməyincə, ona rəhbərlik edən rejim daha güclənəcək. Biz rejimin dəyişməsini, insan kimi yaşamağı istəyiriksə, hər şeydən öncə özümüz və düşüncəmiz dəyişməlidir.

Rejimə lənət oxumaq, çıxış və dəyişiklik yolu deyil! Ən kiçik daş parçasını öz nəfsi istəklərimizə qarşı ata bilmiriksə, özümüzdə islahat aparmağı bacarmırıqsa, deməli bu rejimi haqq edirik.

Xeber.İnfo

Cavid Cabbarlı

Oxu 817 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.