Həbsdəki jurnalistin ağzını tikdiyi deyilir

Bu məqaləni qiymətləndir
(0 səs)
Həyat yoldaşı: ''Vurulan iynələrin nəticəsində ayaqlarında şiş gücləndi, təzyiqi artdı''
 Jurnalist Əfqan Sadıqovun haqqında açılan yeni cinayət işinə etiraz olaraq ağzını tikdiyi bildirilir.
 Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Meydan TV-yə deyir ki, həyat yoldaşının səhhətində ciddi problemlər olsa da, Penitensiar Xidmətin müvafiq qurumu müalicə üçün heç bir müdaxilə etmir:
 "Bir dəfə Penitensiar Xidmətə müraciət etdik və onu 17 saylı Cəzaçəkmə Müəssisəsindən xəstəxanaya göndərdilər, 10 gün orda qalsa da, müalicə effektli olmadı. Yeni cinayət işi açıldığından onu hazırda Kürdəxanıya gətiriblər. Düzgün müalicə aparılmadığından təzyiq və ayaqlarında şiş əmələ gəlib. Xüsusən ona vurulan iynələrin nəticəsində ayaqlarında şiş gücləndi, təzyiqi də artdı. Bunu özü mənə dedi. Baxmayaraq ki, o, Kürdəxanı həbcxanasının rəhbərliyinə şikayət etsə də, onu Cəlilabada apardılar. Aprelin 26-da onunla Kürdəxanıda görüşəndə aclıq aksiyasına başlamışdı. Həmin axşam sudurğa keçirib. Bir gün sonra aclıq aksiyasına başlayıb və ağzını tikib”.
 Sevinc Sadıqova mayın 3-də Cəlilabad Rayon Məhkəməsində növbəti prosesin keçiriləcəyini bildirib.
 "Azel.tv” saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı ilin noyabrın 22-də saxlanıb. Ona CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü.
 İttiham Cəlilabad Rayon İcra Hakimiyyətinin xanım işçilərindən biri ilə bağlı idi. İddia edilirdi ki, ötən ilin avqustunda jurnalistlə həmin xanım arasında insident baş verib. Jurnalistin xanıma yönəlik xuliqanlıq əməlinə yol verdiyi, ona xəsarət yetirdiyi iddia olunur.
 Məhkəmə prosesi zamanı jurnalist və onun müdafiəçiləri ittihamın qurama olduğunu açıqlamışdılar. Məhkəmə prosesi zamanı insidentin baş verdiyi icra hakimiyyəti binasındakı müşahidə kameralarının görüntüləri də istənilmişdi. Ancaq məhkəmə bunu təmin etməmişdi.
 Cəlilabad Rayon Məhkəməsi ittihamı təsdiqləmiş, yanvarın 12-də Ə.Sadıqovu 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Ə.Sadıqovun adı hüquq müdafiəçilərinin tərtib etdiyi "siyasi məhbus” siyahısına daxil edilib.
Oxu 189 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.