''Özümümzü aldatmayaq, nə səhiyyə pulsuzdur, nə də dərmanlar''

Bu məqaləni qiymətləndir
(2 səs)

Əhliman Əmiraslanov Fazil Mustafanın fikirlərinə sərt reaksiya verib

"Məcburi tibbi sığorta bütün Azərbaycan üçün tətbiq olunmalıdır. Pilot layihə hara qədər davam edəcək? Biz bu pilotla nə qədər uçacağıq? Türkiyə, başqa dövlətlər icbari tibbi sığortaya keçib, biz niyə tətbiq etməyək?”

Bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib. 

O, Azərbaycanda səhiyyənin keyfiyyəti aşağı olduğunu, tibbi təhlisin qənaətbəxş olmadığını deyib. 

Onun sözlərinə görə, Azərbaycan alternativ tibb universitetinin açılması üçün Türkiyəyə müraciət etməlidir: "Gəlin özümüzü aldatmayaq, hər yerdə yazırlar ki, səhiyyə pulsuzdur, müəyyən dərmanlar pulsuzdur. Amma hamımız bilirik ki, həkim də pul istəyir, bir çox halda, hətta pulsuz olan dərmanları da xəstələrə pulla aldırırlar. Kimin imkanı var Türkiyəyə, Avropaya gedir. İmkansızlar İrana gedirdi, orda da qiymətləri bahalaşdırdılar. İndi imkansızlar pulsuzluqdan sakitcə evində oturub öləcək. Heç olmasa çalışaq ki, insanlar vaxtından əvvəl ölməsinlər. Onsuz da onkoloji xəstəliklər baş alıb gedir. Heç olmasa ölümlərinin vaxtını uzadaq”.

Fazil Mustafanın çıxışına Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov sərt reaksiya verib. O, həmkarına müraciətlə deyib ki, hansısa fikri səsləndirən zaman əsaslandırmaq lazımdır. Sabiq rektor olan Əhliman Əmiraslanov deyib ki, Tibb Universitetinin həm kadr bazası, həm maddi-texniki bazası günbəgün artır:"Bilmədiyinizi deməyin, universitetdə alternativ təhsil də var. Bir dəfə Tibb Universitetinə gedin, görərsiniz ki, səviyyə necədir. Bu gün Türkiyədən gələn mütəxəssislər bizim Tibb Universitetinin maddi-texniki bazasına həsədlə baxırlar. Xahiş edirəm, bilmədiyiniz şeyləri deməyin!”

Ə.Əmiraslanov əlavə edib ki, tibbi sığortaya tam keçidlə bağlı da iş gedir: "Artıq üçüncü rayon – Ağdaş da pilot layihəyə daxil edilib. Mingəçevir və Yevlaxda isə artıq iki ildir tibbi sığorta tətbiq edilir. Baxın görün, dünya ölkələri neçə ildə icbari tibbi sığortaya keçib. Yəni bir-iki ilə tibbi sığortaya keçmək heç də gec deyil. Əminəm ki, yaxın illərdə ölkəmiz tam icbari tibbi sığortaya keçəcək”.(Meydan.tv)

Oxu 470 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.