Mingəçevirdə icbari tibbi sığortanın əyri dalanları

Bu məqaləni qiymətləndir
(0 səs)

Mingəçevir şəhər sakini, 2-ci qrup əlil Mübariz Qasımov şəhər xəstəxanasındakı özbaşınalıqdan şikayətçidir. 

Bu barədə Mübariz Qasımov feysbuk profilində yazıb. 

Vətəndaş bildirir ki, ondan sağlamlıq arayışı üçün rüşvət tələb ediblər: "Sürücülük vəsiqəmin vaxtı bitdiyi üçün şəhərimizdə yeni açılan ASAN xidmətə müraciət etdim. Sağlamlıq arayışı tələb etdikləri üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına üz tutdum. Xəstəxanadan mənə bildirdilər ki, sürücülük komissiyasından bu arayışı almaq üçün 30 AZN ödəniş etməliyəm. Mən bu tələbə etiraz etdim və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin baş həkimi ilə görüşmək istədim. Ancaq sən demə, baş həkimlə görüşmək üçün böyük mühafizə səddini aşmaq lazım imiş". 

"Mühafizəçilər ordusu qarşımı kəsərək, bunun mümkünsüz olduğunu bildirdilər. Çox cəhddən sonra məni müavin İlham Mayılova yönəltdilər. Cənab İlham Mayılov da təsdiqlədi ki, mən bunun üçün 30 azn ödəməliyəm. Mənim Mingəçevir sakini olmağım və icbari tibbi sığorta çərçivəsində pulsuz müayinə hüququndan yararlanmalı olmağım barədə suallarım isə cavabsız qaldı. Bilmirəm, ayda aldığım 130 AZN təqaüdlə ailəmi dolandırım, yoxsa hər iki ildən bir 30 AZN tibbi komissiyaya, hər il isə texniki baxışa və sığortaya ödəyim?", -deyə M. Qasımov yazıb. 

Məlumatda qeyd olunur ki, yerli sakinlər də tibbi müayinə zamanı belə hallarla qarşılaşırlar: "Mingəçevirdə icbari tibbi sığorta tətbiq olunandan bu yana, bütün dövlət müəssisələrində çalışan yerli sakinlər ildə iki dəfə, məcburi tibbi müayinə zamanı 15 AZN ödəyirlər. Başa düşülməyən odur ki, dövlət tərəfindən edilən məcburi tibbi müayinənin xərcini, vətəndaş nə üçün ödəməlidir? Belə çıxır ki, icbari tibbi sığorta ilə "Azərbaycan Respublikasında tibbi müayinə və müalicənin pulsuz olması haqqında" Qanunu bir-biri ilə ziddiyyət təşkil edir. Əslində, belə olması təbiidir, çünki bizim ölkədə qanunlar qüvvəyə minmir, həmişə əksi olur!".

Məsələ ilə bağlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin baş həkimi ilə əlaqə saxlamaq mümkün olmadı.

Yazıda adıkeçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.(Arqument.az) 

Oxu 322 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.