Fazil Məmmədovun obyektləri əlindən alınır Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Sabiq vergilər naziri Fazil Məmmədov vəzifədən çıxarılmasını səhhətindəki problemlərlə əlaqələndirsə də, əldə etdiyimiz məlumatlar məsələnin daha dərin olduğunu göstərir. Bu məlumatlar Fazil Məmmədov hakimiyyətdaxili ziddiyətlərin qurbanı olduğundan xəbər verir.

Etibarlı mənbə bildirir ki, ölkə başçısının Fazil Məmmədovu vergilər naziri vəzifəsindən azad etmək barədə sərəncamından dərhal sonra, birbaşa, yaxud dolayısı ilə ona məxsus olan obyektlər əlindən alınıb. 

“Fazil Məmmədov vəzifədən çıxarılması barədə xəbəri özü mətbuatdan oxuyub. Onun üçün tam gözlənilməz olub. Bundan sonra bir günün içində Bakıda və Şamaxıda Fazil Məmmədovun obyektləri boşaldılıb. Hamısına möhür vurulub. Deyirər ki, prezidentə Fazil Məmmədovun hansısa əməli ilə bağlı məlumat ötürülüb”, – mənbə bildirir.

Mənbənin bildirdiyinə dekabrın 17-də Dövlət Yol Polisi əməkdaşlarının peşəkar velosipedçiləri saxlayaraq, cərimə meydançasına aparması da bununla əlaqələndirir, çünki Fazil Məmmədov Velosiped Federasiyasının sədridir. 

Mənbə hesab edir ki, Fazil Məmmədov hakimiyyətdəki Paşayevlər qruplaşması ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi qruplaşma arasında gedən mövqe dartışmasının qurbanı olub.

Qeyd edək ki, Fazil Məmmədov son vaxtlar hakimiyyətdəki mövqelərini sürətlə itirməkdə olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrı sayılıb. Kəmaləddin Heydərov Dövlət Gömrük Komitəsinin sədri olarkən, Fazil Məmmədov onun müavini olub. Mənbənin məlumatına görə, həm Paşayevlər qruplaşması ilə, həm də hakimiyyətin Ramiz Mehdiyev qanadı ilə problemləri olan Kəmaləddin Heydərova etimad sıfıra yaxınlaşıb. Kəməladdin Heydərovun həm bu etimadı bərpa etmək, həm də Fazil Məmmədovun ondan uzaqlaşmaq istəyinə cavab olaraq, onun hansısa gizli əməlləri barədə ölkə başçısı İlham Əliyevə məlumat ötürdüyü və keçmiş kadrının vurulmasında həlledici rol oynadığı deyilir. 

Fazil Məmmədovun məhz hakimiyyətdaxili mübarizənin nəticəsi olaraq işdən çıxarıldığı barədə başqa media orqanlarında da yazılar dərc olunub.

24saat.org-un məlumatına görə, Fazil Məmmədov dekabrın 4-də Kəmaləddin Heydərovun yaxın adamı, Vergilər Nazirliyinin İnsan Resursları üzrə Departamentinin baş direktoru Faiq Şahbazovu işdən çıxarıb. Bundan cəmi 2 gün sonra Fazil Məmmədovun özünün qəfildən vəzifədən azad edilməsi bu məsələdə Kəmaləddin Heydərovun rolu  barədə versiyanı inandırıcı edir. 

Qeyd edilir ki, Fazil Məmmədovun işdən çıxarılması ümumilikdə hakimiyyət daxilində yeni düzənin yaradılması istiqamətində atılan addımların tərkib hissəsidir. Bundan əvvəl hakimiyyətin əsas bosslarından sayılan Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin ləğv edilərək, bu səlahiyyətlərin Heydər Əliyev Fondunun təlimatçısı olmuş Ramin Quluzadəyə təhvil verilməsi, Fazil Məmmədovun isə məhz Arif Paşayevin kadrı sayılan Mikayıl Cabbarovla əvəzlənməsi buna sübutdur. Başqa sözlə, hakimiyyət hər fürsətdən yararlanaraq komanda daxilində Paşayevlərin nüfuz dairəsində olan şəxsləri daha önəmli vəzifələrə yerləşdirir. 

Oxu 736 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.