Xədicə Eyvazova: “Hakimiyyət qeyd-şərtsiz siyasi məhbusları azad etməlidir"

Bu məqaləni qiymətləndir
(1 Səs)

“Azərbaycanda siyasi məhbus problemi çox ciddi görkəm alıb”

Xədicə Eyvazova: “Hakimiyyət qeyd-şərtsiz siyasi məhbusları azad etməli və ölkədə tüğyan edən neqativ halların qarşısını almalıdır”

 “Azərbaycanda siyasi məhbus problemi çox ciddi görkəm alıb. Lakin hakimiyyət birmənalı şəkildə ölkədə siyasi məhbus olmadığını iddia edərək, zaman-zaman bu problemlə manipulyasiya edib və hətta bir sıra ölkələrə və beynəlxalq təşkilatlarla siyasi “alış-veriş”-ə girib”. Bu sözlər  “Azərbaycan İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi Komitəsi” İctimai Birliyi sədrinin muavini Xədicə Eyvazovaya məxsusdur.

X.Eyvazova bildirdi ki, vətəndaş cəmiyyətinin sıradan çıxarıldığı, müstəqil medianın çökdürüldüyü, məhkəmələrin qeyri-müstəqil olduğu, repressiyaların davam etdiyi hazırkı dövrdə ölkəmizdə ictimai, siyasi, dini, bloggerlik, jurnalist, hüquq-müdafiə fəaliyyətinə görə hazırda 100-lərlə şəxs qanunsuz həbs həyataı yaşayır: “Müstəqil vəkillərin sayının az olduğu, olanların da hakimiyyət tərəfindən sıxışdırıldığı, Vəkillər Kollegiyasının üzvlüyündən çıxarıldığı, məhbuslara vaxtında və lazımi peşəkar hüquqi xidmətin göstərilməsi problem olaraq qaldığı, təzyiq və repressiyaların davam etdiyi indiki məqamda ictimai-siyasi fəallığına, tənqidçi mövqeyinə görə həbs olunan bütün şəxslər barədə məlumat toplayıb, onları aşkara çıxarıb müəyyənləşdirmək müəyyən çətinliklər yaradır. Bu kateqoriyadan olan bəzi şəxslər isə köməksiz və inamsız durumda, bir qismi isə təzyiq və təhdid altında olduqlarından, bəziləri isə şirin vədlərlə aldadıldıqları üçün zamanında hüquq müdafiəçiləri ilə təmas qura bilmirlər”.

Azərbaycan hakimiyyəti qəbul etməlidir ki, sağlam və ədalətli dövlətlər güclü vətəndaş cəmiyyətinin olduğu olkələrdə  mövcud olur. Son baş verənlər də göstərdi ki, hakimiyyətə real təhlükə vətəndaş cəmiyyətindən deyil, onun daxilindən, yürüdülən yarıtmaz siyasətdən və bu siyasətdən narazı qalan ölkədə sosial problemlərdən əziyyət çəkən xalqdan gəlir. Əksinə sağlam vətəndaş cəmiyyəti xalqla dövlət arasında körpüdür. Hakimiyyət bu körpünü dağıtmaqla özünü narazı və qəzəbli xalqla üz-üzə qoyur - X.Eyvazova bildirib.

Müsahibimiz hakimiyyətin beynəlxalq təşkilatların tələb və təklilərinə əhəmiyyət vermədiyini diqqətə çatdırıb: “Beynəlxalq ictimaiyyətin təkidli tələblərinə baxmayaraq, ölkədə siyasi məhbus problemi həll olunmur. Azərbaycan hakimiyyəti bu problemi həll etmək əvəzinə repressiya siyasətini davam etdirərək, siyasi məhbusların sayının artırılması ilə məşğuldur. Bu gün Azərbaycanda yüzlərlə siyasi məhbus var. Ölkəmiz siyasi məhbusların sayına görə dünyada lider ölkələr sırasındadır”.

X.Eyvazova hesab edir ki, siyasi məhbus problemi Azərbaycan üçün milli təhlükəsizlik məsələsinə çevrilib: “Bu problemin mövcudluğuna görə Avropa Şurası ölkəmizdə siyasi məhbusların vəziyyətinin tədqiq olunmasının vacibliyi barədə qərar qəbul edib. ABŞ Konqresinin Helsinki Komitəsində Azərbaycan hökumətinə qarşı sanksiyalar haqqında qanun layihəsi qəbul olunub. Bu layihə Konqresin təsdiqinə verilib. Siyasi məhbus problemi beynəlxalq aləmdə Azərbaycanın iştirakı ilə aparılan bütün proseslərdə mövqeyimizi zəiflədir. Hakimiyyət indiki siyasi şəraitdə, cəmiyyətin, demokratik təşkilatların, siyasi partiyaların və beynəlxalq təşkilatların davamlı səylərinə məhəl qoymur, əksinə siyasi məhbusların sayının artması prosesi davam edir”.

X.Eyvazovanın fikrincə, siyasi motivli həbslərə əsasən söz, mətbuat və toplaşmaq azadlığı hüququnu reallaşdırmaq istəyənlər məruz qalır: “Ona görə də siyasi məhbusların sayı artmada davam edəcək. Hakimiyyət narazı insanların toplaşmasından qorxur. Narazı insanlar fəallıq göstərib danışan kimi həbs edilir. Siyasi həbslərin əsas səbəbləri həm də korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı ilə bağlıdır. Hakimiyyət qeyd-şərtsiz siyasi məhbusları azad etməli və ölkədə tüğyan edən neqativ halların qarşısını almalıdır. Çünki günahsız insanların həbs olunması cəmiyyətdə çox ciddi problemlərə yol açır”.

Oxu 178 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.