Friday, November 24, 2017

Nurlan Quliyev: “Hakimiyyət gec-tez anlamalıdır ki..."

Bu məqaləni qiymətləndir
(1 Səs)

“Hakimiyyətin gənclərlə bağlı siyasəti ya yoxdur, ya da iflasa uğrayıb”

Nurlan Quliyev: “Hakimiyyət gec-tez anlamalıdır ki, ölkənin gələcəyini qorumaq üçün gənclərin gələcəyini təmin edən layihələr həyata keçirməlidir”

“Azərbaycanda gənclərlə bağlı vəziyyət düşündüyümüzdən də ağırdır. Gənclər çox ağır şərtlər altında yaşayırlar. Böyük əksəriyyətin gələcəyə ümidi ya yoxdur, ya da çox azdır. Hökumətin və dövlətin gənclərlə bağlı heç bir proqramı yoxdur”. Bu sözlər Demorkatik Gənclər İnstitutunun rəhbəri Nurlan Quliyevə məxsusdur.

N.Quliyev hesab edir ki, gənclərlə bağlı siyasət yanlışdır: “Ölkədə əhalinin çoxu səfalət içində yaşayır. Hökumətin sosial problemlərin həll edilməsi ilə bağlı heç bir əsaslı layihəsi yoxdur. Belə olan halda gənclər də çox ciddi çətinliklərlə üz-üzədirlər. Hakimiyyətin gənclərlə bağlı siyasəti yanlışdır. Ancaq idman sahəsində bəzi statistik rəqəmlər göstərmək olar. Lakin bu sahədə də vəziyyət ürəkaçan deyil. Milli komandalarımızda ölkəmizi təmsil edən idmançıların böyük əksəriyyəti legionerlərdir. Azərbaycan dövlət büdcəsindən fantastik məbləğlər legionerlərə verilir. Həm də bizim üçün xarakterik olmayan idman növlərində legioner gətirib əlavə pul xərcləmək başa düşülən deyil. Hökumətin idmana göstərdiyi münasibət səmimi olsaydı bu illər ərzində müşahidə edərdik. Rayonlarda böyük pullar xəcləyib olimpiya mərkəzləri tikiblər. Həmin mərkəzlər vətəndaşların büdcəsinə uyğun olmayan məbləğdə çox pul tələb olunduğu üçün qapıları açılmır, toz basıb”.

Azərbaycanda yüzdən çox siyasi məhbus var. Onların böyük əksəriyyəti gənclərdir. Qiyas, Bayram, Nicat və onlarla gənc saxta ittihamlarla ağır şərtlər altında məhbus həyatı yaşamağa məcbur ediliblər. Kanal13 internet televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucovun haqqında absurd ittihamla 4 ay həbs qətimkan tədbiri seçilib. Onlarla belə fakt demək olar. Bu gənclər niyə və hansı cinayətə görə zindanlara salınıblar? Hakimiyyətin siyasətini tənqid etdikləri və ölkənin uçuruma yuvarlandığını dedikləri üçün cəzalanrılırlar. Cəmiyyətdə aktiv və istedadlı gənclərin hakimiyyətin cəza maşınına tuş gəlmələri heç nə müsbət vəd etmir, əksinə gələcəyə olan ümidlərin üstündən xətt çəkir. Hakimiyyət ölkənin gələcəyini düşünürsə, istedadlı və fəal gəncliyə yol açmalıdır - N.Quliyev bildirib.

Müsahibimiz ölkənin təhsil probleminə də toxunub: “Azərbaycanda uzun illər sovet təhsil proqramı işləyirdi. 25 ilə yaxındır ki, müstəqil dövlətik, amma bir çox sahələr kimi hələ də təhsil haqqında və xüsusən ali təhsil ocaqlarına qəbul olunmaqla bağlı normal qanun və proqram yoxdur. Təhsil sistemi hər il dəyişir. Dərsliklər bərbad vəziyyətdə, hər il tədris olunan fənnlər dəyişdirilir. Bu mövzu ayrıca araşdırılmalıdır, sadəcə gənclərlə bağlı olduğu üçün bir neçə fatkı demək yerinə düşərdi. Ölkə rəhbərliyi hər il milyonlarla vəsait lazımsız idman yarışlarına xərcləyir. Əksəriyyəti legionerlərdən ibarət olan idmançılara milyonlarla ölçülən mükafatlar verilir. Olimpiya çempionuna inkiaf etmiş ölkələrdə 50000 yuxarı mükafat verilmir. Lakin Azərbaycanda 400000 manat hədiyyə olunur. Ən yüksək balla – 700 balla universitetə daxil olan tələbəyə isə bir manat da mükafat verilmir heç, təhsilini davam etdirmək üçün şərait yaradılmır. Hər il minlərlə istedadlı gənc təhsil haqqını ödəyə bilmədikləri üçün təhsildən kənarda qalırlar. Dövlət bu gənclər üçün heç bir güzəşt etmir. Bu ziddiyyətlər təbii ki, gənclərə ciddi ziyan vurur. Başqa bir fakt isə daha ciddi təhlükədən xəbər verir. 2016-cı ildə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində ailənin tək oğlu, 700 bal toplayaraq Azərbaycan Texniki Universitetinə qəbul olan Müşviq Arif oğlu Orucov şəhid oldu. Amma hələ də heç bir məmur övladının cəbhə xəttində hərbi xidmətdə olması barədə məlumat almamışıq. 700 bal toplayan, evin tək oğlu arxada cəbhədə xidmət edib, sonra Azərbaycanın elminə daha çox fayda verə bilərdi. Belə bir yanlış addımla həm bir ailənin nəsli kəsildi, həm də Azərbaycan elminə böyük zərbə vuruldu. Budurmu Azərbaycan hakimiyyətinin gənclərlə bağlı uğurlu siyasəti?”

N.Quliyev gənclərin işsizlik probemlərindən də söz açdı: “Əvvəldə qeyd etdiyim kimi hər bir azərbaycanlı işsizlikdən əziyyət çəkir. Ölkə işsizlər diyarına çevrilib. Paytaxt Bakının mərkəzi hissələri kosmetik dəyişikliklərə məruz qalsa da, bir çox çoxmərtəbəli binalar tikilsə də, qul bazarlarının çoxalmasına da şahid oluruq. İş o yerə çatıb ki, qadınların toplaşdığı qul bazarları fəaliyyət göstərir. Xüsusən rayonlarda yaşayan gənclərin əksəriyyəti həmin qul bazarlarının sakinlərinə çevrilirlər. Bir tərəfdən Bakını çoxmərtəbəli binalar bəzəyirsə, digər tərəfdən paytaxta gənclərdən ibarət qul bazarları “yaraşıq” verir. Hakimiyyət hər 6 aydan bir işsizlik faizinin aşağı düşdüyü barədə hesabat verir, eyni zamanda vergi ödəyiciləri də azalır. Bu ziddiyyəti zopa ilə, həbslərlə, qorxu və hədələrlə aradan qaldırmağa çalışan hakimiyyət gec-tez anlamalıdır ki, ölkənin gələcəyini qorumaq üçün gənclərin gələcəyini təmin edən layihələr həyata keçirməlidir”. 

Oxu 167 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.