"Dünya 6 əsrdir ki, Şah İsmayılın dövlətçilik nümunəsini təhlil edir" Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Azərbaycanın sərhədlərini genişləndirən hökmdarımızı, Səfəvilər dövlətinin banisi və ilk şahı, klassik Azərbaycan şairi Şah İsmayıl Xətainin doğum günüdür bu gün.

Vetenugrunda.az sosial şəbəkədə Şah İsmayıl Xətai ilə bağlı sorğu götürüb. Sorğunu oxuculara təqdim edirik:

download Cavid Cabbarlı. İlahiyyatçı, xeber.info saytının baş redaktoru

 -“Tarix şəxsiyyətlər yaradır, şəxsiyyətlər də tarix yazır” deyimini əksəriyyətimiz  eşitmişik. Şah İsmayıl Xətai haqqında bir kəlmə demək kifayətdir ki, onun kimliyi barədə  təsəvvür yaransın.

 Şah İsmayıl bəşər həyatı və dövlət quruculuğu sahəsində heç zaman silinməyən və inkar  olunmayan tarix yazıb. Fikrimi bir az da dəqiqləşdirsəm belə deyərəm: Şah İsmayıl Xətai  bu gün qürur duya biləcəyimiz və iftixarlanacağımız keçmiş qurub, şanlı tarix yazıb bizim  üçün. Onun barəsində yanlış düşüncə aşılayanlar isə ya həqiqəti anlamaqda çətinlik  çəkirlər, ya daxain təəssübkarlardılar. Belələrinin canfəşanlığı özlərini xar etməkdən  başqa bir şeyə yaramaz.

Şah İsmayıl ilk növbədə özünə məxsus dövlətçilik nümunəsi yaradıb. Dünya tarixi 6 əsrdir bu dövlətçilik nümunəsini təhlil edir. Hesab edirəm ki, bundan sonra da qüsursuz dövlət ənənəsi kimi araşdırılacaq.

Şah İsmayıl təkcə güclü dölvət qurmayıb, həm də orta əsrlər tarixində dövlətlər arası münasibətlərin əsasını qoyan şəxs kimi tarixə düşüb. Onun diplomatik davranışı və idarəçilik metodları siyasilər üçün çox yaxşı örnəkdir. Mədəniyyət, incəsənət və ədəbiyyat baxımından da kiçik zaman kəsiyində xeyli böyük nümunələr yarada bilib.

O hakimiyyətdə olduğu illər ölkənin orta əsrlər tarixində tərəqqi baxımından ən önəmli dövr sayılır. Şah İsmayılı öz dövrü ilə müqayisəli şəkildə təqdim etsək, sonrakı dövrlərdə onun ənənəsinin təsir imkanlarını düzgün araşdırsaq, deyə bilərik ki, yaşadığı 36 il ərzində gördüyü işlərin əksəriyyəti örnək götürüləsi hadisələr olub.

Mən tarixçi deyiləm. Ona görə də Şah Xətainin yaşayışını hər xırda detalı ilə araşdırmamışam. Lakin haqqında bilgisiz də deyiləm. Hesab edirəm ki, onun davranışı ədalətli, yaşayışı insaflı olub. Bir məsələni də qeyd edim. Bir neçə əsr keçmişə boylanıb başa düşdüyümüz kimi tarixi şəxsiyyətlərə daş atmaq ən azı insafsızlıqdır.

Həyatda hər şey müqayisə ilə qiymətləndirilir. Yəni heç bir şey mütləq deyil. Bir insanın elmi, siyasəti, imani, cəsarəti və sair xüsusiyyətləri müqayisəli formada dəyərləndirilir. Şah İsmayıl Xətainin gördüyü işləri də bu qəbildən qiymətləndirsək, ona çox yüksək dəyər vermək zorunda qalacağıq. Çünki, müasirləri ilə müqayisədə onların edə bilmədiyini edib. Nöqsanlara gəldikdə, bu məsələ bir qədər fərqlidir.

Hər kəs, hətta əlindən heç bir iş gəlməyən şəxs də milyonların qəhrəman hesab etdiyi şəxsiyyət barədə müxtəlif qüsurlar sadalaya bilər. Bu məsələ fərdi insaf və vicdana söykənir. İnsafsız və vicdansız adamlar tarixi şəxsiyyətləri gözdən salmaq məqsədilə daha çox qüsurlar tutmağa çalışacaqlar. Yəni vicdan hər bir insanın həqiqət ölçüsüdür.

Həqiqət ölçüsünü itirən insandan isə müsbət nəsə gözləmək sadəlikdən başqa bir şey deyil. Bir məsələni də unutmayaq ki, Şah Xətai ilahi tərəfdən xüsusi görəvlənmiş imam və peyğəmbər olmayıb ki, etdiklərində heç bir qüsur olmasın. Lakin bizim miqyasımıza görə deyil ki, onun qüsurlarını və idarəçilikdə siyasi nöqsanlarını sadalayaq. Onu gözdən salmaq məqsədi ilə belə bir iş görəriksə, çox ədalətsiz mövqedə dayanmış olarıq. Şah İsmayıl Xətai sözün hər mənasında qürur mənbəyimizdir. Onun mirasına sahib çıxmaq isə bizim borcumuzdur.

download 1Azər Qaramanlı. Jurnalist

-Mənim üçün Səfəvi xanədanı bu günkü Azərbaycan, eyni zamanda bugünkü İran dövlətçiliyinin təməlini atan bir xanədandır. Daha doğrusu bu təməli tam anlamıyla Şah İsmayıl deyil, Osmanlıya qarşı cəbhə alan və Osmanlı hakimiyyətini qəbul etmək istəməyən türk-şiə bəylikləri atıb. Yəni Şah İsmayıl taxta çıxarkən 13 yaşında olduğu üçün, təbii ki, bu təməli ata bilməzdi. Səfəvilər xanədanının hakimiyyət əldə etməsində Lələ Hüseyn bəyin strateji dühası xüsusi olaraq qiymətləndirilməlidir.

Səvəvilər dövlətinin özündən əvvəlki Azərbaycan Qaraqoyunlu və Azərbaycan Ağqoyunlu dövlətlərindən fərqi ondaydı ki, Lələ Hüseyn bəyin və digər türk şiə bəylərinin səyləri nəticəsində sırf ideoloji üzərində bir dövlət quruldu və bu dövlət qısa zaman kəsiyində bütün Azərbaycan torpaqlarını öz sərhədləri içinə aldı.

Şah İsmayılın yetkinlik dönəmində isə bu sərhədlər Tüküstanın içinə və Əfqanıstana qədr genişləndi. Anadolunun Şərq hissəsi də Səvəvi dövlətinin hakimiyyətini tanıdı. Yəni faktiki olaraq, daha əvvəlki Azərbaycan xanədanlarından fərqli olaraq, Səvəvi dövləti Azərbaycan Hülakü dövlətinin sərhədlərini aşdı və tamailə yeni bir ideolojiyə tapınan bir dövlət formalaşdırıldı.

Zamanla fars mədəni mühiti qarşısında tənəzzülə uğrayan və Şah Abbasın dönəmində tamamilə süqut edən Azərbaycan türk-şiə dövləti daha sonralar da öz geosiyasi məqsədlərini həyata keçirməyə çalışdı. Bu geosiyasi məqsədlərə çatmaq yolunda ən böyük işlərdən birini isə Səvəvi xanədanını yıxan Nadir şah Əfşar gördü. Hindistanı işğal edən Nadir şah faktiki olaraq bir dünya impeatorluğu qurdu. Amma nə yazıq ki, bu imperatorluğun ömrü elə Nadir şahın ömrü qədər oldu.

Şah İsmayılın bəşəriyyət üçün hansısa əməllərini nümunə gətirə bilmərəm. Fakt odur ki, yetkinlik yaşına çatdıqdan sonra Lələsini və Anadolu türk bəylərini dinləməyən Şah İsmayıl dövlətin əsas prinsiplərini, yəni türk qayəsinə dayanan prinsipləri darmadağın etdi. Elə ona görə də Çaldırandan sonra Xətai oldu.

Çaldıran döyüşündən sonra incik türk-şiə bəyləri dağınıq düşdü və bu da Səvəvi sarayında farsların geniş nüfuz qazanması ilə nəticələndi. 100 ildən sonra Səvəvi dövləti bir türk dövləti olmaqdan çıxaraq, fars dövləti oldu. Yalnız Nadir şah Əfşar türk qayəsini yeni qurduğu dövlətə qaytarsa da, artıq çox gec idi və Nadir şahdan sonra farslar yenidən türk Qacarların simasında hakimiyyəti ələ keçirdilər.

Mənə görə, sonradan baş verənlər Şah İsmayılın özbaşına yürütdüyü siyasətin nəticələri oldu. Ona görə də Şah İsmayılı dahi, filan hesab etmirəm. Dahi olanlar Lələ Hüseyn bəyin rəhbərliyi altında o dövləti quranlar və 13 yaşında bir uşağı taxta çıxaranlar idi.

Buraxılan səhvlərdən sonra Səfəvi dövlətinin uzun zaman yaşamasının səbəbi isə farsların şiə dövləti ideyasını mənimsəmələri və bu dövləti özününküləşdirmələri oldu.

Elşad Məmmədli. Jurnalist

-O zaman, Şah İsmayıl Xətai Azərbaycanın bir dövlət kimi mövcudluğunun 15-ci əsrdə təməlini qoymuş şəxsdir. Düzdür, bunu hüquqi baxımdan isbatlamaq çətindir, amma tarixi baxımdan belədir. Böyük sərkərdədir və tariximizin şanlı səhifəsidir. Bəşəriyyət üçün isə gənclərə yer verilməli olduğunun nümunəsini hələ 15-ci əsrdə qoyub. Yəni yeniyetmə yaşında dövlət qurub. Bu, gənclər üçün həm də örnək olmalıdır.

download 2 Vüsal Hətəmov. Birlik.az saytının direktoru, şərqşünas

 -Azərbaycan xalqının bütün ərazi iddialarında, dilinin mövcudluğunda, dinin  kamilləşməsində Şah İsmayıla borcludur. 3 milyon kvadrat kilometr ərazidə hökmranlıq  etmiş və ədalətdə ad çıxartmış şəxs barədə biz kimik fikir bildirək?! Şah İsmayıl  bəşəriyyətə sübut etdi ki, iki ayrı məzhəb dövlətləri qardaş kimi yaşaya bilər.

 Sünni osmanlı dövlətinin sultanı Bayazidə "ata" deyə müraciət edir , o da İsmayıla "oğul"  deyə müraciət edirdi. Qaniçən Səlimə qədər hər iki dövlət qardaş kimi yaşayırdı. Odur ki,  İsmayılı bu gün təriqətbazlıqda ittiham edən bisavadlar tarixə baxıb görsünlər ki, Şah İsmayılın dövründən Azərbaycanda kim hansı dini, məzhəbi yaşayırdısa,  indi də həmin etiqaddadır.

Zümrüd Yağmur. Yazar

-İlk olara onu deyim ki bu gün  mənim üçün həm də Elmar Hüseynov günüdür. Müasir  tariximizin demokratiya şəhidi olan Elmarın da doğum günüdü  və əgər tarix baxımından dəyərləndirsək hər iki şəxsiyyət bu torpalar üçün nəsə etməyə çalışıb.

Bunlardan biri, Şah İsmaıl tarixin səhifələrində bir çox sirrləri özü ilə aparıb. Çünki tarix rəqəmlərə istinad edir. insan duyğularına deyil. Amma bir anlığa Şah İsmayılın nələr düşündüyünü. nələr etmək istədiyini anlamaq. Onunla ruhi bir bağlantı yaratmaq istəyirsən və bu bağlantı nəticəsində bir acı, faciəvilik insanın üzərinə axır sanki... İlk olaraq ona gərə ki, o dövrə demək olar ki,  eyni zamanda yaranmış iki dövlətin yaradıcılarının taleyinə baxanda Şah İsmayıl öz missiyasını sona yetirə bilmədi, bu azmış kimi onun varisləri də qoyub getdiyi dövləti tarixə daşıya bilmədi. Amma bundan fərqli olaraq Osmanlının nəvələri onun qurduğu dövləti 600 yüz il yaşada bildi və tarixin ən böyük imperiyasını, Osmanlını yaratdı..

Şah İsmaylın yanaşmaında dövlətçilk bəzən  mənə  təsəvvüfün siyasətlə sintezi kimi görünür. Ümumən bu yanaşma Azərbaycanda sayasətlə hər zaman birgə yol alıb və bəlkə də bizm dövlətçilk şüurumuzn  formalaşmasına  əngəl olan amillərdən biri də budur.. Ədəbiyyat və fəlsəfə, sufuzmlə siyasət bir arada ola bilmir. Bizm 1988 ci il xalq həraktının uğuruzluğu da məhz praktik siyasətin yürüdülə bilməməsi ilə bağlı idi.

Tarixi şəraitə baxılırsa o dövrdə Xətainin təriqətə üz tutmsı anlaşılandı. İnsanları bir arada tutacaq ideologiyanın vacibliyi bunu qaçınılmaz edirdi Və Xətai dövrünün insanının əhvalını  yəqin ki düz dəyələndirmiş, yeni bir ideologiya axtarışına çıxmamış, artıq 1000 illik bir təfəkkürün üzərində divarlar hörməyə çalışmışdır və qısa zamanda da buna nail olmuşdur.

Siyasi gedişlərində yanlış olanı məncə onun Osmanlı ilə, eyni şəkidə də Osmalının da  Səfəvi dövləti ilə qonşuluq prinsiplərinə əməl etməməsi olmuşdur. Bu iki dövlətin dini və milli eyniliyini nəzərə alsaq bu hər iki dövlətin yanlışı  Çaldıran döyüşü idi və müasir dövrdə də  bu çoğrafiyada  bir türk zolağının yarana bilməməsinin  təməlləri məhz o dövrdə atılıb..

Bu gün Xəti haqqında gedən  söhbətləri də az-çox izləyirəm. Düşünürəm ki,  tarix  düz dəyərləndirilməlidir. Amma Xətai ilə bağlı yazılanları bəzən səs yaratmaq iddiası kimi dəyləndirirəm. Çünki bütün hallarda inkarçılığı qəbul etmirəm

İlkin Əli Məmmədli. Jurnalist

-Şah İsmayıl Xətai Azərbaycançılıq ideyasının və dövlətçilik ənənəsinin  yaradıcısıdır.

O, göstərdi ki, insanlara zülm ilə hökmranlıq etmək olmaz

Amma məncə Çaldıran döyüşündə onun sərkərdələrinin təklifini rədd etməsi düzgün deyildi və bu da nəticəsini verdi. Yəni sərkərdələri ona Səlimin qoşununa gecə basqın etməyi məsləhət bilsə də Şah İsmayıl Xətai bunu özünə sığışdırmamışdı.

Kərbəlayi Əli. Müəllim

-Şah İsmayıl Xətai 17 iyul 1487-ci ildə Ərdəbil şəhərində anadan olub. Səfəvilər dövlətinin banisi və ilk şahı olub.

Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur.

Şah İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan,İraq,Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir..Dəmir qapı Dərbənddən ta İraqın əyri bucaq Türkmənlər diyarına kimi uzanan Böyük bir Azərbaycan dövləti qurub...

img1622971Fərhad Mehdiyev. Politoloq

- Şahları ümumiyyətlə sevmirəm. Yeniyetmə dövründə ancaq Makedoniyali İsgəndəri sevirdim. Lakin ədalətli monarx prinsipinə inanmadığım üçün onlari gözümdə böyütmürem. Bununla bərabər sarayda fars dili əvəzinə türk dilindən istifadə etməsi müsbət bir hal kimi dəyərləndirirem.

Ümumilikdə isə Şah Ismayilin varlığını Azərbaycançılıq üçün müsbət dəyərləndirirem. Sultan Yavuzla olan ixtilafına gəldikdə isə, bunun türk dünyasına bölücülük kimi qiymət verilməsini düzgün görmürəm, eyni tənqid Sultan Yavuz Selime irəli sürmək mümkündür.

Əfşar Hüseynli. İlahiyyatçı

-Şah İsmayıl böyük Azərbaycan sərkərdəsi və hökmdarıdır .Onun sayəsində Azərbaycan tarixdə ən qüdrətli dövrünü yaşayıb .Siyasi fiqur kimi çox böyük şəxsiyyətdir .

Rövşən Məmmədli. Jurnalist

-Şah İsmayıl Azәrbaycanın milli kimliyinin formalaşmasında әn böyük rolu olmuş şәxsdir. Böyük Azәrbaycan ideyasını reallaşdıran ilk hökmdardır. Onun tәk türk dilini dövlәt dili sәviyyәsinә yüksәltmәsi faktı bәs edir ki, biz tarix boyu özümüzü ona borclu hesab edәk.

Elgün Mənsimov. Jurnalist

-Əslində bu cür şəxslər haqqında sonradan şübhəedici və ya şübhəyaradıcı məqalələrin yazılamsını, sorğuların aparılmasını istəməzdim. Digər tərəfdən isə Şah İsmayıl barədə hamı kimi, mən də oxuduqlarımdan o yana məlumatlı deyiləm. Tarix kitablarının əxz elədiyinə görə, yaxşı sərkərdə olub.

Səfəvilər boyda imperiyanı qurub yaratmaq təbii ki, ancaq böyük hökmdarların işi ola bilərdi. Tarixə nəzər salsanız, görərsiniz ki, Hətta Səfəvi-Osmalı müharibələrində də ilk hücum edənlər osmanlılar olub. Nəhayət, Çaldıran döyüşündəki məğlubiyyətdən sonra Şah İsmayıl döyüşlərə qatılmayıb. Bu da onun böyüklüyünün göstəricisi idi məncə.

O ki, qaldı onun beynəlxalq siyasətinə, fikrimcə, İran körfəzini Qərbə güzəştə getməməliydi. Bunun sonrakı fəsadlarını tarix də göstərdi.

Onun dövründə tarixi Azərbaycan əraziləri 250 min kv km-dən çox olub. sonrakı sələflərinin yarıtmazlıqları ucbatından bu gün müstəqil Azərbaycanın 86.6 min kv km qalıb. Siz bunun səbəblərini araşdırın, bu prosesi şərhləndirin. Şah İsmayıl etdiyini edib. Tarix isə saxta, ya qeyri-saxta yazdığını yazıb. İndi kiminsə onu necə bir kişi kimi tanımasının heç bir mənası yoxdur!

Oxu 440 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.