Tuesday, November 21, 2017

Döyüş, rəqs, ənənə və mərasim anlayışları ilə birləşən idman - FOTO

Bu məqaləni qiymətləndir
(2 səs)

Azərbaycanda gənc kapoeyristlər yeni kəmər aldılar

 Azərbaycan Kapoeyra Federasiyası “BATİZADO” (kəmərlərin dəyişdirilməsi-yenilənməsi) üzrə yarış keçirib. Yarışda yüzlərlə kapoeyraçı kəmərə sahib olub. Qeyd edək ki, Kapoeyra idman döyüşünün qaydalarına görə idmançıya birinci mərhələdə yaşıl kəmər verilir.

Bu idman növü ilə 2001-ci ildən Azərbaycanda məşğul olunur və haqqında məlumat azdır. Məhz buna görə də, Kapoeyranın yaranma tarixi haqqında məlumat verməyi düşündük.

Qulların Braziliya ərazilərinə gətirilməsində üç – Baya, Resife və Rio-de-Janeyro limanlarından istifadə olunub. Odur ki, tədqiqatçılar afro-braziliya döyüş növü olan kapoeyranın yaranış köklərini məhz bu yerlərdə axtarıblar. Axtarışlar uzun müddət davam etdiyindən, bir çox fərziyyələr də ortaya çıxıb. Zənn edilir ki, döyüş növünün yaranmasında qulların böyük zəhmət və əziyyəti olub.

Sözügedən qullar özlərinə məxsus bir neçə qədim ənənəyə də sahib olublar. Onlar yaratdıqları ənənəvi rəqslərlə çox ciddi məşğul olaraq gələcək nəsillərə də ötürüblər. Belə ki, döyüş rəqs, ənənə və mərasim anlayışları ilə birləşdirilib.

Ən geniş yayılmış fərziyyəyə əsaslansaq, kapoeyranın silahsız vəziyyətdə özünümüdafiə üsulu kimi yaradıldığı və yaradıcılar tərəfindən rəqs adı verilərək, döyüş növü olduğunun gizlədildiyi məlum olur.

Portuqaliyalılar yerli sakinlərdən, yəni hindulardan qul kimi istifadə etməyə başlamışdılar. Hinduların çoxu portuqaliyalıların yeni qaydalarına əməl etmək istəmir, onların vadar etdikləri ağır və dözülməz işləri görməyə qüvvələri və səbirləri çatmır və buna görə də canlarını qurtarmaq üçün ölkənin daha dərin və ayaq basılmayan yerlərinə gedirdilər. Mühacirlər arasında yaxşı döyüşçülər, musiqiçilər, həmçinin təbiblər də var idi. Onlar sağ qalmaları üçün həmrəy olmalı və bir-birlərinə kömək etməli idilər. Yeni məkan onlar üçün əvvəlkindən daha yaxşı idi. Lakin köhnə məkan qədər əsrarəngiz deyildi.

Portuqaliyalılara qarşı çıxan yerli sakinlər isə dərhal öldürülmüş, sağ qalan qadınlar, uşaqlar və qocalar çox incidilmişdilər. Onlar bu əziyyətlərə tab gətirə bilmirdilər. Əhalinin çoxunu xəstəliklər bürümüş, bir hissəsi ölümdən qurtula bilməmişdi.

Hollandların portuqaliyalılarla müharibəsi zamanı qarma-qarışıqlıq nəticəsində qullar yeni düşünülmüş addımı atmaq üçün fürsət tapdılar. Onlar qaçmaqla canlarını qurtarmağı qərar verirlər. Qullar daha gizli və qəliz yerlərdə toplaşdıqdan sonra "quylombuş" adlı qruplaşma yaratdırlar.

Quylombuş müstəqil yaşayan və heç kimdən tamamilə asılı olmayan insan toplumudur ki, kapoeyranın yaranmasında böyük rolu olub. Qruplaşmanın kənardan gələn hücumlar və təzyiqləri qarşılaşması zamanı kapoeyra daha da möhkəmlənirdi. Elə bu səbəbdən kapoeyra get-gedə təhlükəli döyüş kimi formalaşırdı.

XIX əsrin əvvəllərində kapoeyra indikindən çox fərqli idi. Kapoeyrada möhkəm duruş vəziyyəti, güclü zərbələr, sındırma və atma fəndləri zənginlik təşkil edirdi.

Kapoeyristalar soyuq silahlara, bıçaqlara, qılınclara və ülgücə üstünlük verirdilər. Onlar ülgücü əsasən ayaq barmaqları arasında sıxmaqla zərbə endirirdilər. Bir neçə təhlükəli görüşlərdən sağ çıxdıqdan sonra, onlara "peşəkar kapoeyraçı" adı verilirdi.

Küçə döyüşü sayılan kapoeyranın unudulması üçün yerli qanunverici orqanlar 400 ilə yaxın çalışmışdılar. Kapoeyranın qorunub saxlanılması üçün yalnız bir çıxış yolu var idi.

Kapoeyristalar məcbur olub daha çox akrobatik hərəkətlər, akrobatik zərbələr, dairə daxilində üzbəüz vəziyyətdə musiqi sədaları altında döyüş texnikası (daha çox rəqs kimi göstərməklə) nümayiş etdirməli oldular. Bizim dövrə yaxınlaşdıqca aydın olur ki, kapoeyra quylombuşdan kənara çıxdıqdan sonra əhali arasında yayılmaqla, böyük rəğbət qazanmış və həyat tərzinin dəyişkən axarına düşməklə əvvəlki kapoeyradan çox fərqlənib.

Kapoeyranın yaşanmasında böyük şəxsiyyətlərdən ikisinin – usta Bimba (Manuel duş Reyş Maşadu) və usta Paştinyanın (Visente Fereyra) daha çox zəhməti olub.

 

Əvvəllər Kapoeyra Braziliyada qanunsuz hesab edilmiş və bu idman növü ilə məşğul olan kəs həbsə atılırmış. Lakin, Mestre Bimba (23.11.1899 – 05.02.1974) Kapoeyranın genişlənməsində böyük işlər görüb. O, Kapoeyranın Braziliyada böyük mədəni dəyərə çevrilməsi üçün ciddi səylər göstərib. 1932-ci ildə o, ilk “Capoeira School” (Kapoeyra məktəbi) yaratmışdır. 1942-ci ildə isə Mestre Pastinha (05.04.1889 – 13.11.1981) tərəfindən “Centro Esportivo de Capoeira” (Kapoeyra İdman Mərkəzi) yaradılır və bir neçə il sonra Kapoeyra Amerika Birləşmiş Ştatlarında və Avropada öyrənilməyə başladılır.

Hal-hazırda, Kapoeyra bütün dünyada tanınır və çox məşhur döyüş sənətidir. Əksər məktəblər və universitetlər öz proqramlarına daxil edir. Azərbaycanda da bu idman növünə maraq artır. Xüsusən gənc və sağlam düşüncəli müəllimlərin yeniyetmələrə və gənclərə bu diman növünün sirrlərini həvəslə öyrətmələri alqışa layiqdir. Belə müəllimlərdən biri də tələbələri tərəfindən sevilən Zahid Rüstəmovdur. Zahid müəllim gənc olsa da kapueyra idmanında xeyli uğura imza atıb və müəllimlik peşəsinin öhdəsindən də ləyaqətlə gəlir.

Biz “Doğru xəbər” olaraq Zahid müəllimin timsalında Azərbaycan Kapoeyra Federasiyasını təbrik edir, bol-bol uğurlar arzulayırıq!

Hüseyn Alışzadə

Oxu 632 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.