Tuesday, November 21, 2017

Lamiyyə Əhmədova: “Azərbaycan hakimiyyəti tolerantlıq mövzusundan məhdudiyyət yaratmaq üçün istifadə edir”

Bu məqaləni qiymətləndir
(1 Səs)

“Demokratiyaya söykənməyən “tolerantlıq” cəmiyyətdə mütləq fəsad verəcək”

 Lamiyyə Əhmədova: “Azərbaycan hakimiyyəti tolerantlıq mövzusundan məhdudiyyət yaratmaq üçün istifadə edir”

“Azərbaycanda hökumət heç bir mövzuda müzakirəyə açıq deyil. Bütün hallarda öz mövqeyini təlqin edir, bildiyi kimi davranır və heç mövzuda heç kimi dinləmək istəmir. Bu münasibət dinə və dindarlara da aiddir. Hətta dindarlara qarşı daha kəskin və repressiv münasibət görürük”. Bu sözlər ictimai-siyasi fəal Lamiyyə Əhmədovaya məxsusdur.

L.Əhmədova hesab edir ki, Azərbaycanda dini tolerantlıq vacibdir: “Müasir dünyamızın əsas müzakirə mövzularından biri də tolerantlıqdır. Bu mövzuya baxışlar fərqli olduğu üçün onu fərqli anlayanlar da müxtəlifdir. Tolerantlıq — dini dözümlülük mənasını ehtiva edir. Yəni digər inanc və əqidələrə dözümlü yanaşma. Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlıdır. Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi və demokratiya əsasında formalaşır. Demokratiyaya, insan hüquq və azadlığına söykənməyən “tolerantlıq” cəmiyyətdə mütləq fəsad verəcək. Başa düşdüyümə görə, səmavi dinlər və xüsusən sonuncu səmavi din olan İslam dini bu mövzuda çox həssasdır. Din təkcə bizim anladığımız ibadət və itaətlə məhdudlaşmır. Məsələn Quranda 6 mindən çox ayə olduğu halda onlardan təqribən 360 ayə ibadət mövzusunu əhatələyir. Deməli Quranın böyük əksəriyyəti başqa mövzuları çatdırır və tövsiyyə edir. Sizcə Quranda əsas müzakirə mövzusu hansılardır? Təbii ki, insan həyatını daha gözəl edən mövzular. Bura insanın şəxsi yaşayışından tutmuş, onun hüquq və azadlıqlarına qədər bütün mövzular daxildir. Müsair terminlərlə desək demokratiya, insan hüququ, söz və ifadə azadlığı və sair hamısı səmavi dinlərdə öz əksini tapıb. Mütaliə edənlər yaxşı bilirlər ki, səmavi dinlər insana fərdi yanaşmanı, onun əxlaq keyfiyyətlərini və digərləri ilə münasibətlərini necə tövsiyyə edir və məhz bu göstəricilər ilə insana dəyər verilir. Bu məntiqə əsasən cəmiyyətdə tolerantlığın çox vacib olduğunu düşünürəm. Təbii ki, bu ad altında manipulyasiya edənlər də tapıla bilər. Lakin biz düz olanı deməliyik”.

Tolerantlıq radikalizm və digər xoşa gəlməz hadisələrə qarşıdır. Bəziləri düşünür ki, mən tolerant ölkədə yaşayıram, istədiyim zərərli əqidəni yaya, istədiyim sözü danışa bilərəm. Tolerantlıq demokratiya və insan hüquqlarına əsaslandığı üçün radikalizm düşüncəsini kökündən inkar edir. İnsan həyatı üçün zərərli nə varsa tolerantlıq hamısına qarşıdır. Çox təəssüflər olsun ki, bu termindən istfadə edib Azərbaycanda qeyri-ənənəvi cərəyanlar və siyasiləşmiş dini hərəkatların yayılmasına çalışanlar da var. Bu cür tendensiyalar hər şeydən əvvəl cəmiyyətin tarazlığını pozur - L.Əhmədova əlavə edib.

Müsahibimiz belə hallara hakimiyyət tərəfindən rəvac verildiyini istisna etmir: “Düşünürəm ki, istənilən sahədə qadağalar və təzyiqlər çoxaldıqca problemlər və çətinliklər də artır. Azərbaycan hakimiyyəti tolerantlıq mövzusuna birmənalı yanaşmır, məhdudiyyət yaratmaq üçün istifadə edir. Qadağalar qoymaqla, sünii şəkildə qanunlara məntiqsiz dəyişiklik etməklə insanların hüquq və azadlıqlarını məhdudlaşdırır, sonra da azadlıqdan məhrum etməklə cəmiyyətdə qorxu yaradır. Belə hallar cəmiyyətdə hansısa sinifə aid edilmir. Kütləvi şəkildə hakimiyyətin siyasətini tənqid edənlərə qarşı yönləndirilir. Azərbaycanda yüzlərlə siyasi məhbusun çoxu inanclılar və jurnalistlərdir. Birmənalı olaraq hakimiyyətin siyasətinə tənqidi yanaşan istənilən şəxs təzyiq və təhdidlərlə üzləşir və hətta saxta ittihamlarla həbsə atılır. Hesab edirəm ki, bu idarəetmə gec-tez ölkədə xautik vəziyyəti qaçılmaz edəcək. Hakimiyyət demokratik cəmiyyətin yaranmasında maraqlıdırsa, mütləq dialoq siyasətini həyata keçirməli, cəmiyyətin aktiv hissəsi ilə müzakirələr aparmalı, demokratik düşərgənin inkişafında maraqlı tərəfləri dinləməlidir. Eyni zamanda ölkədə normal dini-demokratik mühit olmalıdır. Din cəmiyyətdə tarazlığın və ədalətli yanaşmanın tərəfində olduğu halda, onu köşəyə sıxışdırmaq mütləq partlayış yarada bilər. Ona görə də qadağalara son qoyulmalı, siyasi məhbuslar qeyd-şərtsiz sərbəst buraxılmalıdırlar ki, bu kimi partlayışların qarşısı alınsın. Əks halda baş verə biləcək hər bir xoşagəlməz hadisənin məsuliyyətini hakimiyyət daşımalı olacaq”.

Oxu 329 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.