Tuesday, November 21, 2017

Əli (ə) – Quran; Quran – Əli (ə)

Bu məqaləni qiymətləndir
(1 Səs)

İki Quran hadisəsinə təsadüf edir Ramazan ayı:

Ramazan ayı bir Quranın yerə endiyi, digərinin göylərə yüksəldiyi aydır. Çox qəribədir, Quranın nazil olduğu gecələrdə onun canlı təzahürünün başına zərbə endirildi, həyatına son verildi. Təbii ki, bu da səbəbsiz deyildi. Öz mənfur dünyalarına yenilmiş insanlar danışan Quranı - Əlini (ə) qətlə yetirməklə göydən enmiş yazılı Quranı öz istəklərinə uyğunlaşdırmağı düşündülər. Əlini (ə) səhnədən kənarlaşdırmağa, onu həyat səhifəsindən silməyə çalışanların ən böyük xətası, ən böyük günahı da məhz  bu iki Quranı bir-birindən ayırmaq olmuşdu. 14 əsr keçməsinə baxmayaraq, eyni xətanın yaşanması indi də davam edir. Əlisiz Quran nəfslərin istəklərinə uyğunlaşdırılmış Qurana çevrilir. Bu gün Quranı təhrif emək isəyənlər öncə Əlini (ə) təkrar-təkrar qətlə yetirməlidirlər. Çünki Quran yalnız Əlidən (ə) təcrid edildikdə təhrif edilə bilər. Onu təhrif etmək üçün öncə İbn Mülcəmin işini görmək, Əlini (ə) qətlə yetirmək lazımdır. Əlinin (ə) qatili təkcə İbn Mülcəm deyil, tarix boyu Quranı Əlisiz (ə) izah, təfsir və təbliğ etməyə çalışanlardır. Yerə enmiş Quran o zaman məzlum olur ki, onu danışan, həyat tərzi ilə göstərən, tam mənası ilə təzahür etdirən izahedicisindən – Əlidən (ə) ayrılır. Quranla nicat tapanlar yalnız o insanlar olacaqlar ki, Qiyamətə qədər bu ikisini – Əlini (ə) Qurandan və Quranı Əlidən (ə) ayırmayacaqlar. Əks təqdirdə, Quranın özü də buyurduğu kimi, hidayət üçün göndərilmiş Quran özü çoxlarını zəlalətə düçar edəcək. Quran yalnız fasiqləri zəlalətə düçar edir.

Müaviyə Quranı oxuya-oxuya Əliyə (ə) qarşı çıxırdı, xəvaric göydən endirilmiş Quranı oxuya-oxuya Əliyə (ə) qarşı qılınc çəkirdi. Əlini (ə) səhnədən kənarlaşdırmağa çalışanlar hamısı Quran oxuyurdular. Onlara Əli (ə) ilə bütövləşən Quran sərf etmirdi. Əli (ə) ilə bütövləşən Quran onların nəfsani istəklərinin həyata keçməsinə mane olurdu. Bu gün də Quranı Əlisiz (ə) tərcümə və təfsir etməyə çalışanlar eyni aspektdən çıxış edənlərdir.

Siffeyn döyüşündə Quranın vərəqlərini nizəyə taxan ataların balaları Kərbəlada danışan Quranın balasının başını nizəyə taxdılar. Bir zaman Qurana vərəqləri cırıla bilən, ona hiylə vasitəsi kimi baxan, nəfsinin istəklərinə xidmət edə biləcək bir kitab münasibəti bəsləyənlərdən belə övladların törəməsi labüd idi. Qeyd olunan hər iki cəbhə bu gün də öz missiyasını canla-başla yerinə yetirməkdədir. Bu gün Quranı Əlisiz (ə) izah etməyə çalışanlar, onu Əlidən təcrid edərək öz subyektiv görüşləri əsasında təbliğ edənlərlə bir zamanlar öz nəfsani istəklərini həyata keçirmək üçün Əlini (ə) səhnədən kənarlaşdıranlar, onu nizəyə taxaraq siyasət yürüdənlər eyni cəbhənin adamlarıdırlar. Bu gün Suriya və İraqda Əlinin (ə) adını çəkənləri, onların məsum körpələrini qətlə yetirənlər Kərbəlada İmam Hüseynin (ə) başını kəsib nizəyə taxanlar, məsum körpəsini qətlə yetirənlərlə eyni məqsədə xidmət edənlərdirlər. Bir qədər dinc və münaqişəsiz regionlarda isə Quranı öz bildikləri kimi tərcümə və izah etməyə çalışanlar, bu sahədə məsumların hədislərini tamamilə inkar edənlər, əllərinin arxası ilə bir kənara itələyənlər, ən yaxşı halda, mən hədisləri inkar etmirəm deyə-deyə əməldə Quranı öz nəfsani istəklərindən çıxış edərək şərh edənlər və ən doğru yolun bu olduğunu iddia edənlər Əlini (ə) səhnədən kənarlaşdıranlarla eyni xislətin daşıyıcılarıdırlar.

Quranı Əlidən (ə) təcrid etməklə, onu öz nəfsimizə uyğun şəkildə izah eməyə çalışmaqla Əlinin (ə) təkrar qatillərinə çevrilməyək!

Famil Burxanoğlu (Maide.Az)

Oxu 372 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.