Tuesday, November 21, 2017

Dünyanın ən bədbəxt insanının bəşəriyyətin ən fəzilətli şəxslərindən birinə qəsd etdiyi GECƏ Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Mübarək Ramazan ayının ikinci ongünlüyünün bitməsinə 3 gün qaldı. Bu həm də ilin ən dəyərli üç gecəsinin başlanğıcı deməkdir. Əslində ilin ən dəyərli və fəzilətli bir gecəsi var. Lakin bir gecənin üç gecədə gizlənməsi ilə möminlərin daha çox Yarandanla ünsiyyət qurub, savab qazanmaları üçün fürsət yaranır.

Bu gecənin haqqında hətta Qurani Kərim bəhs edir. Barəsində surə belə nazil olan gecənin adı "Qədr”dir. Allah Təala bu gecənin min aydan üstün olduğunu açıq mətnlə deyir: "Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir” (Qədr surəsi, ayə-3).

Qədr gecəsinin ən üstün tərəflərindən biri də müqəddəs Quranın məhz bu gecədə nazil olmasıdır: "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik!” (Qədr surəsi, ayə-1)

Qədr gecəsi məlum olduğu kimi bir gecədi. Lakin dini mənbələrdə bu gecənin ən azı üç gecədə qeyd olunması tapşırılıb. Daha dəqiq desək, Ramazan ayının 19, 21 və 23-cü gecələri qeyd olunur. Bəzi mənbələrdə sonuncu ongünlüyün bütün tək gecələrinin qeyd olunması tövsiyə olunur. Hədislərdə göstərilir ki, bu gecə Tanrının mərhəmət qapıları açılır, günahların yandırılması üçün ən yaxşı fürsət yaranır. Təbii ki, bu gecənin mahiyyətini dərk edən, bağışlanmağını istəyən, Allahın mərhəmət qalasına daxil olmağa can atan mömin, bir sıra xüsusi əməlləri etməlidir. Allahdan razı olduğu halda, Allahın da ondan razı qalmasına çalışmaq lazımdır. Əks halda Qədr gecəsinin fəzilətindən, dəyərindən il boyu danışsaq da faydası olmayacaq.

Qədr gecəsi bu il iyulun
13-dən 14-ə, 15-dən 16-a17-dən 18-ə keçən gecələrə təsadüf edir. Bu gecədə edilən ibadət min ayın ibadətindən üstündür

Qədr gecəsinin əməlləri:
- Gün batarkən Qədr gecəsinin qüslunu almaq, şam və xiftə namazlarını həmin qüsuldan sonra qılmaq
- Əhya saxlamaq (şam azanından sübh azanına qədər oyaq qalmaq)
- Quran oxumaq
- Peyğəmbər (s) və onun Əhli-Beytinə (ə) salavat göndərmək
- Qədr gecəsinin namazını qılmaq. Həmin namaz iki rükətlidir, hər rükətdə "Fatihə” surəsindən sonra yeddi dəfə "İxlas” surəsi oxunulur. Namaz bitdikdən sonra dərhal səcdəyə gedib yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh” (Allahdan günah və xətalarıma görə üzr diləyir və ona tərəf qayıdıram) deyilməlidir.
- Allahumməlğən qətələtəl Əmirəl-möminin - İlahi Əmirəl-möminin Əlini (ə) şəhid edənə lənət et (70 dəfə)
- 100 rükət "Qədr gecəsinin namazı” niyyəti ilə başqa namaz qılmaq (50 dəfə iki rikətli namaz). Qəza namazları olanlara tövsiyə olunur ki, bu namazı qılmaq əvəzinə 6 günün qəza namazlarını qılsınlar.
- Yaxşı olar ki, bu gecə hamıya haqqınızı halal edəsiz, Sizə pislik edən hər kəsi bağışlayasız ki, Allah da Sizə rəhmət nəzəri ilə baxsın.
- Quranı açıq halda qarşıya qoyub, aşağıdakı duanı oxumaq sonra isə Allahdan istəyini diləmək:
Allahummə inni əsəlukə bi kitabikəl-munzəl və ma fihi və fihismukəl-əkbər və əsmaukəl-husna və ma yuxəfu və yurca ən təcələni min utəqaikə minənnar
(İlahi, nazil etdiyin Kitaba, onun içində olanlara, onun içindəki ən uca adına və gözəl adlarına, onun içində qorxudan və ümidverici şeylərə Səni and verirəm ki, məni cəhənnəm atəşindən azad edəsən).
- Quranı başa qoyub aşağıdakı duanı oxumaq:
Allahummə bihəqqi hazəl-Quran və bi həqqi mən ərsəltəhu bihi və bi həqqi kulli muminin mədəhtəhu fihi və bi həqqikə əleyhim fəla əhədə ərafu bihəqqikə minkə

(İlahi, bu Qurana və bu Quranı göndərənə xatir, bu Quranda mədh etdiyin bütün möminlərə xatir və Sənin onların üzərindəki haqqına xatir ki, Səndən başqa Sənin haqqını tanıyan yoxdur).

Bikə ya Allah! – Özünə xatir, ilahi! (10 dəfə)
Bi Muhəmmədin! – Muhəmmədə (s) xatir! (10 dəfə)
Bi Əliyyin! – Əliyə xatir (10 dəfə)
Bi Fatimətə! – Fatiməyə xatir! (10 dəfə)
Bil-Həsəni! – Həsənə xatir! (10 dəfə)
Bil-Huseyni! – Hüseynə xatir (10 dəfə)
Bi Əliyyibnil-Huseyni! – Hüseynin oğlu Əliyə (İmam Səccada) xatir (10 dəfə)
Bi Muhəmməd ibni Əliyyin! – Əlinin oğlu Muhəmmədə (İmam Baqirə) xatir (10 dəfə)
Bi Cəfər ibni Muhəmməd! – Muhəmmədin oğlu Cəfərə (İmam Sadiqə) xatir (10 dəfə)
Bi Musəbni Cəfər! – Cəfərin oğlu Musaya (İmam Kazıma) xatir (10 dəfə)
Bi Əliyyibni Musa! – Musanın oğlu Əliyə (İmam Rzaya) xatir (10 dəfə)
Bi Muhəmməd ibni Əliyyin! – Əlinin oğlu Muhəmmədə (İmam Cavada) xatir (10 dəfə)
Bi Əliyyibni Muhəmməd! – Muhəmmədin oğlu Əliyə (İmam Hadiyə) xatir (10 dəfə)
Bil-Həsən inbni Əliyyin! – Əlinin oğlu Həsənə (İmam Həsən Əskəriyə) xatir (10 dəfə)
Bil-Huccəti! – Höccətə (İmam Sahibəzzamana) xatir (10 dəfə)

Sonra Allahdan öz istəklərinizi diləyin.

- İmam Hüseyn(ə) ziyarətnaməsini oxumaq:
- Cövşən-Kəbir duasını oxumaq.

Bu əməllər xüsusi olaraq Qədr gecəsinə aiddir. Gecənin mahiyyətini anlamaq, ondan faydalanmaq və ən azı İlahi mərhəmət qazanmaq üçün bu əməllər şərtdir. Qeyd edim ki, bu əməllərin ardıcıl edilməsi zəruri deyil. Hər bir insan sərbəst və istədiyi kimi edə bilər. Yetər ki, Yaradanı ilə razu-niyaz edib, dərdlərini Ona anladıb, Ondan yardım diləsin. Sadaladığımız əməllər isə bəndə ilə Tanrı arasında yarana biləcək hər hansı bir ünsiyyətə səbəb ola bilər.

Qədr gecəsi həm də insan müqəddəratının təyin olunduğu gecədir. Hədislərdə göstərilib ki, növbəti bir il məhz bu gecə ilə bağlıdır. Yəni Uca Yaradan insanın bir illik taleyini məhz bu gecədə onun əməllərinə uyğyn olaraq yazır. Daha doğrusu hər insan bu gecədə özünü necə aparmaqla növbəti bir ildə taleyini çözür.

Bu gecənin başqa bir özəlliyi də var - Ramazan ayının 19-cu gecəsində (birinci Qədr gecəsi) dünyanın ən bədbəxt insanı bəşəriyyətin ən fəzilətli şəxslərindən birinə, İmamət səmasının ilk parlaq ulduzuna, Vilayət Şahı, yetimlər atasına qəsd edib.

Hicrətin 40-ci ilində (milad 661-ci il) Ramazan ayının 18-dən 19-a keçən gecə xəvaric kimi tanınan cərəyanın üzvlərindən olan Əbdürrəhman ibn Mülcəm dövrünün xəlifəsi və İmamı Həzrət Əlini (ə) Kufə məscidində sübh namazı vaxtı zəhərli qılıncla başından yaralayıb.

Əziz İslam Peyğəmbərindən sonra bəşərin ən dəyərli şəxsi hesab olunan Həzrət Əli (ə) İbni Mülcəm timsalında 3 dəfə boşadığı dünyanın Ona arxadan vurduğu zərbə nəticəsində Ramazan ayının 20-dən 21-ə keçən gecə (II Qədr gecəsi) gözlərini fəna mülkünə yumdu. Bu gecə həm də tarixin ən böyük xəyanətinə şahidlik edib. Elə buna görə də Qədr gecəsinin əməllərindən biri də məhz budur -Allahumməlğən qətələtəl Əmirəl-möminin - İlahi Əmirəl-möminin Əlini (ə) şəhid edənə lənət et (70 dəfə)

Qədr gecəsini dərk edib, ondan faydalanmaqda Uca Rəbbimin yardımçı olması diləyilə…

1436129694 1

 

 

 

 

 

 

 

 

 

İlahiyyatçı, jurnalist Cavid Cabbarlı

06.07.2015 arqument.az

Oxu 366 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.