Friday, November 17, 2017

Şeyx məscidlərə axund təyin edə bilmir Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

1500 məscidə axund və ya imam təyin olunmayıb; dini sahədə ən ciddi problemlərdən biri kadrların yetişdirilməsi və onlara müvafiq statusun verilməsidir

Azərbaycanda 1500 məscidə axund və ya imam təyin olunmayıb. Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli məlumat verib. O bildirib ki, ölkədə hazırda 2100 məscid var və onlardan yalnız 600-ə yaxınına QMİ axund və imam təyin edib.

1500 məscid isə imam və axundsuz fəaliyyət göstərir. Hacı Sabir Həsənli məscidlərin boş qalmasının başqa bir təhlükəli tərəfinə toxunub. Onun sözlərinə görə, boş qalan məscidlər radikal qüvvələrin təsiri altına düşür. Sitat: “Bu da digər təriqətlərin nümayəndələrinin boş qalan məscidlərdən istifadə etmələrinə və dağıdıcı təbliğatla məşğul olmalarına gətirib çıxarır. Onlar insanların beynini cihad fikirləri ilə doldururlar”.

S.Həsənli bildirib ki, BİU-nun tələbələrinin 46-47 faizi qızlar olduğundan onları imam və axund kimi göndərə bilmirlər. Bu da digər təriqətlərin nümayəndələrinin boş qalan məscidlərdə dağıdıcı təbliğatla məşğul olmalarına gətirib çıxarır. 

Qeyd edək ki, bu məsələ əslində yeni deyil və bir daha Azərbaycanda dini təhsil və din xidməti mövzularını gündəmə gətirir. Azərbaycanda həqiqətən də savadlı, hansısa xarici dini qrupların təsiri altında olmayan ilahiyyatçı kadrların sayı azdır. Ümumilikdə, ölkədə dini mühitdə xarici təsirin çox güclü olması heç kimə sirr deyil. Uzun illər bu sahə boş qalıb və dövlətin hansısa bir konsepsiyası olmadığı üçün din sahəsində yetişən kadrların böyük çoxluğu xarici təsir altında olub və ya xaricdə yetişib. Hökumət bu sahəyə çox gec, 2000-ci illərin əvvəllərində diqqət ayırmağa başlayanda isə artıq gec idi. Üstəlik və ən pisi o idi ki, hökumətin bu yöndə fəaliyyətləri problemin yenidən aradan qaldırılması, vəziyyəti düzəltmək üçün kifayət edəcək səviyyədə deyildi.

Konkret olaraq məscidlərdə əhaliyə din xidməti verəcək kadrların olmamasının və ya bu sahənin yarıtmaz olmasının bir sıra səbəbləri var. Qeyd etdiyimiz kimi, bu sahədə uzun illər boşluq səbəbindən yerli kadrlar yetişdirilməyib, din təhsili dəstəklənməyib, bu səbəbdən də çoxları normal dini təhsili xarici dini təhsil mərkəzlərində almaq yolunu tutub. Bu məsələdə xarici ölkələrin missioner fəaliyyətləri də rol oynayıb, nəticədə bütöv bir 10 illik dövrdə dini kadrlar xaricdə təhsil alıb. Ancaq 2000-ci illərin əvvəllərində hökumət xaricdə dini təhsil alan ilahiyyatçılara qarşı savaş açıb və nəticədə “Dini etiqad azadlığı haqqında” Qanun dəyişdirilib və xaricdə dini təhsil alanların Azərbaycanda dini vəzifə tutması yasaqlanıb.

Yerli kadrların sayı isə dini vəzifə tutmaq üçün yetərli olmayıb. Çünki Azərbaycanda 1989-cu ildən yaradılmış Bakı İslam Universiteti (ilk 3 il mədrəsə - K.R) və onun Zaqatala, Lənkəran və daha bir neçə filialı (daha bir neçəsi qapadılıb - K.R.) və o cümlədən Bakı Dövlət Universitetinin ildən-ilə kiçilən ilahiyyat fakültəsi yetərli sayda kadr hazırlaya bilmir. Dövlətin isə nə özünün bu cür dini məktəblər yaratmağa həvəsi var, nə də başqalarının yaratmasını təmin edəcək qanuni baza. 

Din xadimi çatışmazlığının daha bir obyektiv səbəbi isə din xadimlərinin maddi təminatı mövzusudur. Azərbaycan qanunları din xadimlərinin təminatına icazə vermir. Yəni məscid mollalarına dövlət tərəfindən maaş verilmir. Belə olan halda din xadiminin və ya belə desək, mollanın yeganə yolu yas mərasimlərindən aldığı pulla dolanmaqdır. Bu isə heç də hamı üçün münasib deyil. Üstəlik, normal ictimai və dövlət statusu verilmədiyi üçün din xadimliyi iş yeri hesab olunmur. 

Yəni BDU-nun ilahiyyat fakültəsini və ya BİU-nu bitirən ilahiyyatçı gedib hansısa ucqar kənddə işləməyə həvəsli deyil. Üstəlik, yerli ənənələr, bu istiqamətdə qanunvericiliyin və ya fəaliyyət əsasnaməsinin olmaması məscidlərdə ruhani işini sistemli hala gətirməyib. Bu səbəbdən də məscidlərdə işləmək istəyən gənc ilahiyyatçıların sayı azdır və paralel olaraq məscidlər boş qalır. 

QMİ-nin bu vəziyyəti aradan qaldırması üçün müvafiq qanunvericilik, hüquqi baza yaradılması, bu istiqamətdə ciddi fəaliyyət konsepsiyası hazırlanmalıdır. Hələlik isə bu istiqamətdə hansısa əməli fəaliyyət yoxdur. 

Kənan Rövşənoğlu

Oxu 339 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.