Xaçı atan keşiş: “O vaxtdan Aşura gününün fəlsəfəsi bütün ruhumu sardı”

Bu məqaləni qiymətləndir
(1 Səs)

Hamımız uşaqlıqdan Şeyx Sənan adına yaxşı bələdik. 1000 il əvvəl bax həmin bu dərviş bir gürcü gözəlinin təsiriylə xirqəsindən, əbasından, əmmaməsindən əl üzüb başlayır donuz otarmağa, şərab içməyə, namaz qılmamağa. Bəs görəsən, nə vaxtsa bir gürcü keşişi oxşar hərəkəti edib öz xaçından-filanından əl çəkərdimi?

2013-cü ilin yayına qədər bu tərəzinin bir gözünə Şeyx Sənan əfsanəsi ağırlıq edirdi. Lakin həmin ilin yayında baş vermiş bir əhvalat, şükür, bu tərəzinin müvazinətini, nəhayət, bərpa etdi. 

***

Həmin vaxt Qərbi Gürcüstanın Samtaskaro kəndində öz xidməti vəzifəsini icra edən polislər ağlasığmaz cinayətə əl atırlar. Kənd yolunun üstündə dayanıb gedəni də saxlayıblar, gələni də. Kimin yaxasında xaç olmayıbsa, maşından düşürüb döyüblər. Xaçsız olanlar arasında isə təbii ki, mütləq əksəriyyət müsəlmanlar olub. Qoca, yaşlı, uşaq bilmədən hər kəs dəyənəkdən keçirilib. Bu xəbər azsaylı hüquq müdafiəçiləri, mətbuat nümayəndələri ilə yanaşı xristian keşişlərin bir çoxunun da qulağına çatır. 

İşə Amerika səfirliyi də qarışsa da, xeyri olmur. Müqəssirlər cəzasız qalırlar. 

Gürcüstan Baptist kilsəsi rəhbəri Malxaz ata Sonqulaşvili etiraz aksiyalarına qoşulduğu zaman hadisələrin yönü çönür. Gürcü ictimaiyyətinin hadisəyə biganəliyini görən Malxaz ata telekameralar qarşısında sinəsindən xaçını çıxarır. 

“Cəmiyyətimiz bu işdə öz günahını boynuna almayınca, bu xaçı boynumdan asan deyiləm!” deyib  Gürcüstanı möhkəmcə silkələyir.

“Müasir Şeyx Sənan”ın etiraz aksiyaları təkcə bununla kifayətlənsəydi nə vardı ki?! Etirazın əhatə çərçivəsinə tezliklə  müqəddəs Qum, Kərbəla şəhərləri də qatılır. Malxaz ata öz məsləkdaşı, yepiskop İliya Oseraşvili ilə birgə bu şəhərlərə gedir. Müsəlmanları dinlərarası dialoqa çağırır. Kərbəlada, Nəcəfdə, Qumda namaz qılır. Allahın birliyindən danışır ətrafını sarmış öz çaşqın tamaşaçılarına.

Nəhayət...

Nəhayət,  Marneulidəki Aşura yürüşünə qatılıb  ön sırada mərsiyə deməyə başlayır, sinə döyür, nöhələr oxuyur. Hadisənin fotoları ildırım sürəti ilə bütün mass-media səhifələrini, FB-ni bürüyüb axır gəlib yetişir bizim Azərbaycana. 

Malxaz ata haqda ilk bilgilər çox ziddiyyətlidir. Biri deyirdi, bəs guya xaricdə yaşayır. Guya Malxazı Gürcüstanda tapmaq qəti mümkün deyil...

Amma son Gürcüstan səfərimiz zamanı biz “şeytanın qıçını” sındırmağı bacardıq. Tiflisin Sereteli küçəsindəki baptist kilsəsinə gəlib burda Malxaz ata ilə görüşməyə müvəffəq olduq.

***

Baptistlərdə  kilsəni cəh-cəlala, bər-bəzəyə bürümək adəti yoxdur. Əksinə, kasıbçılığı, aza qane olmaq hissini əbədi dəyər bilərlər. Divarlarındakı ikonaları, digər təsvirləri peşəkar fırça ustalarına deyil, sıravi sadə adamlara, bəzən hətta uşaqlara çəkdirirlər. Adətləri belədir...

Tiflisin gözəl payız mənzərələrindən sonra bütün bunları görmək, seyr edib xəyala dalmaq kilsədə bir xeyli vaxtımızı aldı. Bir də ayılıb gördük ki, Malxaz ata öz məsləkdaşlarının sıx əhatəsində elə burada, düz qarşımızdadır.  

Malxaz ata adi, sadə adamı xatırladırdı. Saçlarını peysərində topalayıb düyünləmiş keşişə yaxınlaşınca sifəti xoş təbəssümə qərq oldu. Əynindəki çəhrayı mahuddan tikilmiş uzun don, maşallah, boy-buxununa xüsusi yaraşıq verirdi. Nəhayət, cürətlənib ilk “cığal” sualımızı “batono” Malxaza verdik.

-Bizdə adətdir, Kərbəla, Nəcəf zəvvarları “Kərbəlayı” adını qazanarlar. Kərbəla səfərinizdən sonra sizi bu adla çağırmaq necə, mümkündürmü?

- Əlbəttə. Bu adı ən dəyərli, əziz nailiyyətim bilərəm.

Xidmətçi qadın, Malxas atanın lal baxışlarında “Çay, qəhvə gətirin” arzusunu anında oxuyub mətbəxə çəkilr. Gözümüzü yumub-açınca isti qəhvənin, ətirli məxməri çayın xoş qoxusunu burnumuzda duyuruq. Quru dodaqlarımı çayla yaşlayıb keçirəm növbəti sualımıza. 

Həmkarımın “müsəlmanlarla ilk görüşünüz nə vaxt baş verdi” sualına  üzü nurlu bu insan oğlu “1999-cu il idi”cavabını verib sözünü belə davam edir: 

“İkinci çeçen-rus savaşı özünün ən qızğın dövrünü yaşayırdı. O vaxt Tiflisə xeyli çeçen qaçqını gəlmişdi. Düzü, xeyriyyəçi təşkilatlar,  Tiflisdəki dini qurumlar bura pənah gətirmiş çeçenlərlə görüşməyə meylli deyildilər. Bizdən başqa. O vaxt ac-yalavac, köməksiz çeçen qaçqınları qapımızı döyüb bizlərdən yardım umdular. Umacaqlarının kiçik siyahısını bizə təqdim etdilər. Biz də kiçik imkanlarla həmin siyahının bir hissəsini qarşılaya bildik. 700 dollarlıq kəsir qaldı. Kömək xahişimi dünyadakı xristian fondlarına yolladığım zaman özüm də tərəddüd içində idim. Yardım istəyim müsəlmanlar üçün idi deyə ilk cavabları aldığım zaman, inanın, heyrətləndim. İlk günlərdə ünvanıma 15 min, az sonra 300 min dollar yardım gələndə bunu Allahın lütfü bildim.

-1999-cu ildə bəlkə də 300 min dollar pula bütün Tiflisi bir il yedizdirmək mümkün idi...

- Bilirsiz, balıqçı balıqçını, dindar dindarı elə lap uzaqdan görüb tanıyır. Tiflisdəki xeyriyyəçilik fəaliyyətimizin əhatəsi tezliklə çox dar göründü bizə. Xeyriyyəçilik fəaliyyətimizi  Pankisi dərəsinə, Çeçenistanla sərhəd bölgəsinə köçürdük. Oturaq həyatı buraxıb keçdik səyyar fəaliyyətə. Pankisi dərəsində qaçqın uşaqlarına məktəb təşkil etdik. Milad bayramına az qalmış müsəlman çeçen uşaqlarından  xahiş etdik ki, hərə öz kiçik arzusunu yazıb zərfə qoysun, bizə göndərsin. 300-ə yaxın uşağın ağrılı, zədəli daxili aləmi ilə tanışlığımız zamanı hərdən göz yaşlarımızı saxlaya bilmirdik. Uşaqlardan biri Qroznıda qoyduğu pişiyini qaytarmaq istəyirdi, digəri yazırdı ki, bəs bütün xristianları yer üzündən silmək istəyir. 

-Sildimi?

-Yox...əvəzində yazdığı o məşum kəlmələri  qayıdıb sildi o. “Xristianlar” sözü üzərindən yağlı xətt çəkdi. Fikrini dəyişdi. Dedi, dünyadakı bütün əclafları həyatdan silmək gərəkdir indi.

- Lakin bu sizin hələ ki müsəlmanlarla tanışlığınızdır, İslamla deyil. Bəs İslamla nə vaxt görüşdünüz, tanış oldunuz? Necə oldu ki, xaçı sinənizdən çıxardınız? 

Malxaz atanın mavi gözləri qəfil işıldayıb ürəyinə sancıldı elə bil. “Bioqrafiyanızı danışın” xahişim özümdən ixtiyarsız dodaqlarımdan qopdu.

-Uzun söhbətdir.

Qarşımdakı bu əzablı sifətdə nələr görmədim, vallah. İstədim bu tanışlığa görə batona Malxaza öz dərin təşəkkürümü bildirim. 

***

1963-cü ildə batono Malxaz dünyaya gələrkən valideynləri nə biləydilər ki, gələcəyin məhz Aşura keşişini həyata gətiriblər. İlk ali təhsilini Tiflisdə, Şərqşünaslıq İnstitutunda alan Malxaz elə o vaxtlar digər tələbələrdən öz qeyri-adi istedadı ilə seçilirmiş. Qədim semit dillərinə burda mükəmməl şəkildə yiyələnən batono qərara gəlir bu istedadını tərcümə sahəsində sınasın. Ağır bir yükün altına girir o - Tövratı İvritdən, yəni qədim yəhudi dilindən götürüb gürcücəyə çevirir. Nəticələrini 1989-cu ildə nəşr edən batono tezliklə bütün Gürcüstanda tanınıb sevilir. 2007-ci ildə o, fəaliyyətinin dairəsini genişləndirmək qərarını verərək, Britaniyanın Oksford Universitetinə gedir. Doktorluq dissertasiyasını orda müdafiə edib elmi dərəcə qazanır. 

***

- Müsəlmanlarla o vaxt artıq tanışdım. Ancaq İslamla hələ ki yox...

- Harda tanış oldunuz bəs islamla?

- Britaniyada.

- Müfəssəl, geniş danışın bu haqda. 

- Oksford kitabxanasında oturmuşdum. Bir də gördüm pakistanlı bir gənc tələbə yaxınlaşdı mənə ki, bəs xahiş edirəm məni xristianlıqla tanış edin. Razılaşdım. Bircə şərtlə ki, əvəzinə o da mənə İslamı öyrətsin. Namaz qılmağı öyrəndim. Sonra 2012-ci ilin 21 dekabr tarixində kürsüyə qalxıb müsəlmanlar qarşısında öz ilk xütbəmi oxudum.

- İnanclara görə məhşər günü İsa peyğəmbərlə İmam Mehdi eyni sırada dayanıb dəccəlla son döyüşə atılacaqlar. İşarələdiyiniz tarix- 21 dekabr 2012-ci il,  məhşər günü elan edilmişdi. -deyib, azca həyəcanlanıram.

- O vaxtdan Aşura gününün fəlsəfəsi bütün ruhumu sardı. Aşuranı bir növ apokalipsisin məşqi saydım. Özümə dedim- “bundan kənarda qala bilmərəm. Müsəlmanlarla xaçpərəstlər Aşurada çiyin-çiyinə dayanmalıdırlar bütün haqsızlığa, zülmə, cinayətlərə qarşı”.

Batononun mavi gözləri, ovçu kibriti sayağı alışıb yandı bu zaman. Day söhbətimizin sonuna qədər öləziyib sönmədi.

-İsanın əzabları ilə Kərbəla şəhidlərimizin qanını eyni tərəzi gözündəmi görürsüz, Kərbəlayı Malxaz?

Sualımızın sonu, deyəsən, lap xoşuna gəldi. Gözlərində razılıq hissi parıldadı.

- Gələn Aşurada sizi Bakıda görmək istərdik, Kərbəlayı. -deyib, nəhayət, köksümüzü ötürdük.   

- Mütləq. Gələcəm. Gəlin bura. Yanaşı durub şəkil çəkdirək...

İçimizdə qəribə hisslər yaşadıq. Elə bildik Aşura günü Şeyx Sənanla birgə yanbayan dayanmışıq...

Həmid HERİSÇİ

Oxu 167 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.