Tuesday, November 21, 2017

"Uzr bədtər əz günah" və yaxud Sevinc Fədainin duyğu sümürüsü

Bu məqaləni qiymətləndir
(1 Səs)

Gözünüz aydın!!!

Danışdı!

Dünənə qədər "heç nə deyə bilmərəm, məndən heç nə soruşmayın"- deyən xanım... axır ki, nələri və kimə danışacağına qərar verib - "Yeni Müsavat"ın "qaynar xətt üzrə müxbiri" Sevinc Telmanqızına!

Bu arada üstündən keçirik ki, kim kimi tapıb və bu sual bizi niyə düşündürür: çünki  bu bir professional müsahibədən çox iki rəfiqənin birləşib hadisəni malalamağından başqa bir şey deyil. Bunu da biz demirik, intervyüer özü deyir:

"Amma biz bu olaya qədər də bir-birimizi çox istəmişik. Ona görə də Sevinc indiki ərəfədə ürəyini boşaltmaq üçün məhz bəndənizi seçdi".

Bəli, "seçilmiş bəndəmizin" danışdırdığı Sevinc Fədai axır çərşənbədəki görüşlərindən tutmuş, telefon söhbətlərinə qədər xırdalayır, əsas faktı isə gizlədir, müsahibə götürən də bunun üstündən keçir. Allah heç qoymasa ikisi də jurnalistdi, amma bu Kədər o Kədərdən soruşmur ki, Mövlud intihar eləyən gecə sən onun iş yerində nə gəzirdin, əgər onu görmək istəmirdinsə... Bu fakt Aynur Camalqızının müsahibəsində var, bu gəlişi gecə redaktorları da görüb.

Mən heç kimin üstünə getmək istəmirəm, ən azı Ucalın xətrinə. Amma üstündən keçmək mümkün olmayan bir məsələ var: əgər bu açıqlama cəmiyyət üçün nəzərdə tutulubsa, əslində kədərli insanları sakitlədirmək  məqsədi daşıyırsa, niyə oxucuda daha çox qıcıq yaradır? Yox, təkcə "Yeni Musavat"ın İP-ləmələri üçündüsə, day biz sizə niyə etimad bəsləyək? Yox, əgər professional jurnalist, qəzetçi, saytçı, peşə borcudursa, əfəndilər, baylar, bayanlar, nədən bir vaxtlar ipləmələri yox, xalqın kifayət qədər intellektual təbəqəsinin rəğbətini yazılarıyla qazandığınız Aynur Camalın müsahibəsindəki faktdan yan keçirsiniz? Axı eyni müxbir elə bir gün əvvəl Aynur Camaldan müsahibə almışdı! Camaat çörəyi qulağına yemir axı. Yoxsa elə bilirsiniz, hamı azərbaycanlı məntiqiylə "ölən onsuz da ölüb, qalanın gözünə girmək lazımdı",- deyə düşünəcək? Fərqləndirmə ilə verilmiş fikrə baxın, Sevincin "s"-sından, Fədainin "f"-sından xəbəri olmayan xanım, elə bil yanıq verir:

"Mən sadəcə acılıyam, narahat deyiləm. Amma narahat olanlar da sakitləşsinlər. Mən heç kimi suçlamıram”

Əlbəttə, narahat olmayacaqsan, səni Mövludun varlığı narahat edirdi, indi o da yoxdu, artıq azadsan. Amma biz narahatıq, yanırıq, ağrıyırıq, biz hələ Müşfiq üçün, Əli Kərim üçün ağlayan adamlarıq, necə sakitləşək, "fədai xanım"?

Nə yazıq ki, biz heç birimiz onun ölümünün qarşısını ala bilməzdik, bunu ancaq sən edə bilərdin, onun xilası ancaq səndə idi, Mövluda məhz sənin sevgin lazım idi, bizim yox. Onu bu qədər rəhmsizcəsinə  rədd edib ölümünə tərk etdiyin üçün gətirilən səbəblər duyğu sümürüsündən, timsahın göz yaşlarından başqa heç nə deyil. "Üzr bədtər əz günah", yəni. Bu qədər qəddarcasına davranmaq üçün Mövlud sənə konkret hansı pisliyi etmişdi? Sən onun ruh adamı olduğunu bilirdin, ona gücün çatmayacaqdısa, niyə evlənirdin, uşaq dünyaya gətirirdin? Düzdü, hamının istədiyi vaxt ayrılmaq hüququ var, amma söhbət hüquqdan getmir, vicdandan gedir. Onu bu vəziyyətdə qoyub, əsəb dispanserinə göndərib, Türkiyəyə "oğlunun atasından vacib olan iş" dalınca getmək insanlıqdımı, hansı iş, hansı səyahət, hansı karyera Mövluddan daha qiymətli ola bilərdi?!

Və mən bu yazını ona görə yazmıram ki, Sevinc Fədaini ittiham etsinlər!

Mən bu yazını məhz ona görə və məhz bu müsahibəyə görə yazıram ki, mətbuat birdəfəlik Sevinc Fədaini Mövlud Mövludun xanımı kimi gündəmə gətirməsin - çünki  bu qadın onu həyatının mənası bilən adama nə sevinc yaşada, nə də fədakarlıq edə bildi...

Aydın Canıyev

Oxu 580 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.