Kəmalə Seyidova: "... yoxsa fəlakət qaçılmazdır”

Azərbaycanda hər gün insan haqları və demokratik dəyərlərlə bağlı vəziyyət pisləşir. Hakimiyyət Kütləvi İnformasiya Vasitələrini və siyasi partiyalari proseslərdən uzaqlaşdıra bilib. Nisbətən vətəndaş cəmiyyətinin üzvləri, bəzi QHT-lər mübarizə apara bilirdi. İnsan Haqlarının pozulması ilə bağlı əsas ciddi problemlər (Sərbəst toplaşma, Söz Azadlığı və s.) ölkədə fəaliyyəti olan QHT-lərə qarşı da təzyiqlərin artmasına gətirib çıxardı”. Bu sözləri Demokratik Qadınlar Birliyinin sədri Kamalə Seyidova Xeber.İnfo-a deyib.

K.Seyidova hesab edir ki, siyasi hakimiyyətin təzyiqləri 2013-cü ildən daha da intensivləşib: “Təzyiqlər həm də QHT-lər haqqında qanuna dəyişikliklər edilməsi, şərtlərin sərtləşdirilməsi ilə də müşahidə olunub. Belə ki, 2013-cü il dekbarın 17-də vətəndaş cəmiyyəti isntitutlarının fəaliyyətini tənzimləyən qanunlara Milli Məclis dəyişiliklər etdi. 17 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti bu dəyişikləri imzaladı. Bu dəyişikliklər QHT-lərin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırdı, xarici donorlardan qrant almaga faktiki qadaga olunub. Bundan başqa total şəkildə həbslər başladı, Baş Prokurorluq yanında Ağır Cinayətlərə dair idarədə qeyri-hökumət təşkilatlarına qarşı açılan cinayət işi əsas gətirilərək ölkənin demək olar ki, bütün aktiv QHT-ləri istintaqa cəlb olundu. Qrant ala bilməyən, hər gün hüquq mühafizə orqanları tərəfindən sorğularda incidilən, təhdid və təhqir olunan vətəndaş cəmiyyəti üzvlərinin işi tamamilə iflic oldu. Bu hökümətin ölkəyə vurduğu ən böyük zərbələrdən biri idi. Yanlış siyasətin nəticələri özünü çox gözlətmədi, hökümətin mətbuata və siyasi partiyalara qarşı aqressiv repressiyası vətəndaş cəmiyyətinə qarşı yönələndə ilk olaraq elə hökümətin özünü vurdu.

K.Seyidova QHT-lərə basqının həm də yüzlərlə insanın işsiz qalması ilə nəticələndiyini qeyd edib: “QHT-lərin fəaliyyətinin dayandırılması ölkədə onlarla yox, yüzlərlə insanı işsiz qoydu. Bu azmış kimi, ölkəyə gələn pul axınının da qarşısını aldı. Amma bütün bunlar işin texniki tərəfidir. Vətəndaş cəmiyyətinin iflic edilməsi ölkənin dünyadakı reputasiyasını tamamilə mənfiyə endirdi. Qeyri hökümət təşkilatları ilə əməkdaşlıq edən xarici tərəfdaşları Azərbaycanın adının ən aşağı reytinqli, ən qeyri-tolerant, anti demokratik siyahılara salınmasına nail oldular. İllərlə birgə fəaliyyət göstərdikləri tərəfdaşlarının qanunsuz, şərlənərək həbs olunmasını, ağır sorğular altında əzilərək tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməsini bütün dünyaya çatdırdılar.

Digər tərəfdən, ən böyük zərbə ölkə içində QHT-lərin fəaliyyətinin aşağı düşməsi cəmiyyətə böyük zərbə idi. Çünki, vətəndaş cəmiyyəti tək insan haqları sahəsində fəaliyyət göstərmirdi, eyni zamanda sosial sferada, mədəni, maarifləndirici sahələrdə də öz müsbət rolunu ortaya qoyurdu. Siz bu bir ildə ölkədə cinayətkarlığın nə qədər artıdğını bilirsinizmi? Bəs əhalinin arasında hökümətə və cəmiyyətə qarşı aqressiyanının artmasını necə?

Axı Vətəndaş cəmiyyəti bütün bu prosesdə əhali ilə hökümətin arasında yer alaraq münasibətləri yumuşaltmağa, aqresiyanı azaltmağa, yükü öz üzərinə götürməyə çalışırdı. Siz bunun mənfi nəticələrini daha çox zaman kecdikcə görəcəksiniz.

Hökumət yanlışından bir an öncə qayıtmalı, Azərbaycanın xaricdəki nüfuzunu düzəltmək üçün, həm də baş verəcək böhran zamanı əhalinin aqressiyasını azaltmaq, müəyyən yükü öz üzərinə götürmək məqsədilə Vətəndaş Cəmiyyətinin fəlaiyyətinə yaradılmış əngəlləri anında aradan qaldırmalı, QHT-lərin işinin normallaşması üçün əlindən gələni etməlidir. Yoxsa fəlakət qaçılmazdır”.

Bazar ertəsi, 15 Fevral 2016 00:00

"Yeni Müsavat"ın YAP qayğıkeşliyi

Yazan

“Yeni Müsavat"ın Yeni Azərbaycan Partiyasına (YAP) mehriban münasibətinin son zamanlar bağlı qapılar arxasından çıxması müsbət qiymətləndirilməlidir. İnanmaq istərdik ki, bu “səmimiyyət” qarşılıqlı olaraq siyasi proseslərə gələcəkdə də özünün yeni töhfələrini verəcəkdir. Mənim partiya sıralarından xaric olub olmamağımla tez-tez maraqlanması da yəqin ki, "Yeni Müsavat"ın YAP-a qayğıkeşliyindən irəli gəlir. Dəfələrlə mənə sual veriblər ki, niyə partiyanı tənqid edirəm, halbuki partiyanın ümumi strateji xəttinə qarşı bir kəlmə belə söyləməmişəm. Bircə onu söyləmişəm ki, mən bu qəzetlə yoxam və sonuna qədər də olmayacam. Mən şəxsi maraqlarımdan bu qənaətə gəlməmişəm. O qəzetin Heydər Əliyev və İlham Əliyevə yağdırdığı aşağılayıcı ifadələri, ağılagəlməz təhqirləri heç bir mətbu orqanı yazmayıb. Bağışlayanlar özləri bilərlər, ancaq mən bunu qəbul edə bilmirəm. Ona görə də lap öncədən “Yeni Müsavat” və onun rəhbərliyinə qarşı ən kəskin mövqedə olmuşam, bu gün də həmin fikrimdəyəm. “Yeni Müsavat”ın səhifələrində elə sözlər yazılıb ki, indi də onları oxuyanda adamı dəhşət bürüyür. Guya ki, “Yeni Müsavat”sız iqtidarın işi çətin olacaqdı, balans yaratmağa çalışdılar. Bu təklifi hakimiyyətə verən kəs İlham Əliyevə ən böyük pisliyi edib. Bununla belə nələrisə nəzərə alaraq dostluq müqaviləsi bağlayan tərəflərin işinə, götürdükləri öhdəliklərin hansı tarixədək sürəcəyinə qarışmaq fikrim yoxdur.

Deməyim odur ki, Report.az saytının birisindən götürdüyü müsahibəni Müsavat.com da tirajlayıb. Orada mənimlə bağlı sual da var, “Partiyanı sərt tənqid edən Eldar Sabiroğlunun YAP sıralarından xaric edilməsi müzakirə mövzusudurmu?” Çox qəribədir, onlar nə zamandan YAP-ın təəssübkeşçisi çıxıblar ki, mən bundan xəbərsiz olmuşam. “Report”la işim yoxdur, lakin bildirmək istəyirəm ki, partiyadan o zaman adamı uzaqlaşdırırlar ki, partiyanın ümumi siyasətinə və partiya rəhbərliyinə qarşı hər hansı əks mövqe tutmuş olsun. Mən bunu etməmişəm və heç zaman da mümkün deyil. Lakin partiyada olan ayrı-ayrı natəmiz adamlara qarşı tənqidi fikirlərimi söyləmişəm və bundan sonra da söyləməkdə davam edəcəyəm. YAP-ın nizamnaməsi bunu mənə qadağan etmir. YAP-ın nizamnaməsi mənə qadağan etmir ki, partiya üzvü kimi partiya rəhbərliyinin və YAP-ın ümumi siyasətinin müdafiəsi üçün lazım gəldiyi anda öz töhfəmi verim. Və bu da mənim birinci dərəcəli vəzifəmdir. Ona görə də yanlışlığa yol verməsinlər.
Qeyd edirlər ki, guya mən gündəmdə qalmaq üçün bəzi çxıışlar edirəm. Mən gündəm acı deyiləm, gündəm acı hər dəfə tribunaya çıxıb, televiziyalarda görünüb iqtidarın hörmətini salan adamlardır. Və belə düşünənlərə də demək istəyirəm ki, gedin müəyyən olunmuş işinizin qulpundan yapışın.
Öldürülmüş xəlifənin qanlı köynəyi niyə uzaq şəhər valisinə aparıldı?
Professor Əli Nağıyevin internet qəzetlərindən birində yayımlanan müsahibəsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Əli Nağıyev cəmiyyətdə qarşıdurma yaradacaq qədər təhlükəli fikirlər səsləndirib. Onun dinə aid olamayan və lakin din adından səsləndirdiyi fikirləri bir qədər sonra cavablandıracam. 
Əli Nağıyev “Siyasətçi və din” rubrikasında danışıb. Məlum saytın həyata keçirdiyi rublika yanlış və cəmiyyət üçün təhlükəlidir. Çünki bu rubrikanın məqsədi İslam dininin əsas məzhəblərindən hesab olunan şiə məzhəbinə qarşı xoşagəlməz və təhqir dolu fikirlər səsləndirməklə cəmiyyətdə dini qarşıdurma yaratmaqdır. Azərbaycanda dövlət başçısı səviyyəsində dini tolerantlığın təbliğ olunduğu bir dönəmdə belə layihələrin həyata keçirilməsi kimə lazımdır və kimin planıdır, anlamaq olmur. Bir qədər əvvəl də, siyasətdə uğur qazanmayan partiya sədrlərindən biri arzuolunmaz fikirlər səsləndirmişdi. Biz onun yanlış fikirlərini Quran əsasında mətbuat vasitəsilə cavablandırdıq. Lakin bu rubrikanı həyata keçirən sayt cavab haqqımızı tanımadı. Növbəti dəfə belə ziddiyyətli və cəmiyyət üçün təhlükəli müsahibənin dərc olunması sayt barədə şübhələr yaradır. 
Qeyd edim ki, Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Bütün hüquqi sturukturları da fəaliyyətdədir. Dini camiədə bölücülük siyasəti yürütmək, hansısa tərəfi ağır ittihamlarla suçlamaq, “dindarları gözdənsalma” kampaniyası aparmaq dövlətimiz və xalqımız üçün heç də yaxşı hal deyil. Yaxşı olar ki, aidiyyatı qurumlar bu barədə düşünsün və araşdırma aparsın. Ən azı ölkədə sabitliyi pozmağa cəhd elementləri, dini qarşıdurma yaratmaq istəkləri qeyd etdiyim hər iki müsahibədə açıq görünür.  
Ümidvaram ki, həmin sayt da yanlışlığını anlayacaq və qarşıdurma yarada bilən layihələrinə son qoyacaq. 
İndi isə Əli Nağıyevin fikirlərini cavablandıraq. Əli müəllim adının qarşısında professor yazdırmış şəxsdir. Eyni zamanda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri (1996-2006), Azərbaycan Respublikasının Belarus Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri (2006-2011), Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi (2009-2011). Hakim Yeni Azərbaycan Partiyasının qurucularından biri və partiya sədrinin keçmiş müavini olub. Bu titulları ona görə sadaladım ki, dövlətin güclənməsi, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi və cəmiyyətin saflaşması üçün Əli Nağıyevin də rolu və məsuliyyəti olub. Bu məsuliyyəti və vəzifəni necə icra etməsi isə göz önündədir. 
Tətbiqi-riyaziyyat fakültəsini bitirən Əli müəllim dövlət idarəçiliyində həyata keçirdiyi ideyalarını indi də Quran ayələrində tətbiq etmək fikrindədir. Quran ayələrinin “möhkəm-mütəşabeh” olduğunu dilə gətirməklə professorluğunu bir daha isbatlamağa çalışır. Xubbbb. Bu məsələdə iradım və şübhəm yoxdu. Lakin hörmətli professor bilməlidir ki, riyaziyyatı öyrənmək üçün sadəcə ədədləri, rəqəmləri tanımaq kifayət deyil, mütləq dizini qatlayıb ustad qarşısında oturmalıdır ki, riyaziyyatın sirrlərini öyrənsin. Əks halda heç bir rəqəmi hardasa tətbiq edə bilməyəcək. Quran ayələri də ona görə “möhkəm-mütəşabeh”ə bölünür ki, sirrlərini ancaq zəhmət çəkən şəxslərə pıçıldasın. Bu mövzu ümumi cəmiyyət və Əli müəlim üçün olmadığına görə üstündə çox dayanmıram. Lakin Əli müəllim soruşur ki, “mütəşabeh” ayələri izah edən ağıllı adamlar kimdir? Mən isə ondan soruşuram Quranın təfsiri barədə neçə kitab oxumusunuz, yaxud Quran elmləri üzrə neçə mütəxəssislə bu barədə fikir mübadiləsi etmisiniz? Özünüz deyirsiniz ki, cəmi iki dəfə müstəqillik dövründə Quranın tərcüməsini oxumuşam. Bir professor üçün ixtisaslaşmış mütəxəssisin kim olduğu və hər bir elmi əsəri orjinalından mütaliə etməyin keyfiyyəti məlumdur. Əli müəllim, siz heç ərəb əlifbasını bilmirsiniz və buna təəssüflənirsiniz. Quran barəsində tərcüməyə əsaslanıb mütəxəssis kimi danışmaq heç insafdır? 
Siz dəfələrlə təkrar edirsiniz ki, dini suallara cavab tapmaq mənim haqqımdır. Hamı və xüsusən din sizin bu haqqı tanıyır. Elə dinin mahiyyəti də budur ki, onun bütün əqidə məsələləri məhz ağıl və məntiq əsasında qəbul olunsun. Lakin sizin haqq bildiyiniz suallar kənardan qərəzli və məzhəblərarası qarşıdurma yaradacaq qədər təhlükəli görünür. Dini bilginiz də sıfra bərabərdir. Siz hələ “Tövrat”ın hansı peyğəmbərə göndərildiyini bilmirsiniz. “Tövratı Qurandan qabaq İsa kimi bir böyük peyğəmbər qəbul edib və Quranın özündə bununla bağlı ayə var”.  Tövratın İsa peyğəmbərə nazil olduğunu deyir, hətta Qurana da böhtan ataraq orda qeyd olunduğunu söyləyirsiniz. Tövratın hansı peyğəmbərə nazil olmasını bilməmək bir professor üçün utancvericidir. 
Hörmətli professor sonra peyğəmbərin dövründən keçib, xəlifələrin zamanını araşdırır və üçüncü xəlifənin Həzrət Əli (ə) tərəfindən öldürüldüyünü iddia edir. Bəli, bunlar çox uzaq tarixdə deyil, orta əsrlərdə baş verib. Osmanın öldürülməsi də tam aydın məsələdir. Lakin kim(lər)sə onun ölüm səhnəsini pərdələyir(lər)sə deməli həqiqəti ört-basdır edir. “Mərvan Osmanın qanlı köynəyini götürüb Şama Müaviyənin yanına qaçdı. Tarixi mənbələrdə yazılır: “Osman otaqdan damın üstünə çıxıb, Əlini köməyə çağırdı. Əli həm də onun bacanağı idi. Amma o gəlmədi”. Halbuki, birinci dəfə çağıranda Əli onun köməyinə gəlmişdi. Şərt qoymuşdu ki, müəyyən şeyləri yerinə yetirməlidir. Əli deyirdi ki, filan yerdən filan rəhbəri çıxart, Mərvanı qov. Osmanın da xəlifə başçısı kimi bunları etməmək və ya qismən etmək haqqı var idi.  Əli nə dedisə, onu etsəydi, onda Osman nə xəlifə olardı?!”. 
Professor Osmanın ölüm səhnəsini belə cızır. Sual yaranır, Osman harda öldürüldü və Mərvan hansı vəzifəni daşıyırdı? Mərvan Osmanın qanlı köynəyini niyə məhz Müaviyənin yanına apardı? Cavab: Osman Mədinədə xəlifə sarayında öldürüldü. Mərvan da o zaman elə Osman olan sarayda yüksək vəzifə daşıyırdı. Osmanın müşaviri idi. Yəni hər gün xəlifənin yanında olur, ona İslam dövlətini idarə etmək üçün məsləhətlər verirdi. Müaviyə isə Şam şəhərinin valisi idi. Fərz edək ki, Osmanı Əli (ə) öldürdü. Niyə Mərvan onun qanlı köynəyini böyük İslam dövlətinin kiçik şəhər valisinə aparırdı? Deyəcəksiniz, Müaviyə Osmanın qohumu idi. Bəs Mərvan Osmanın qohumu deyildi? Yaxud Osman İslam dövlətinin xəlifəsi deyildi ki, onun qanını paytaxt Mədinədən xeyli uzaqda yerləşən bir şəhərin başçısı alsın? Osmanın qanını sizcə xəlifə sarayı almaqda daha haqlı deyildi? Hörmətli Əli Nağıyev bu sulları araşdırın, dediklərinizdə səmimisinizsə. 
Bir tərəfdən deyirsiniz Osmanı Əli öldürdü, bir tərəfdən də deyirsiniz ki, Osman mühasirəyə düşəndə damın üstünə çıxıb Əlini çaığırdı, Əli getmədi. O zaman üçüncü tərəf ortaya çıxır. Bəli, o tərəf xalq idi. Sosial problemlər məngənəsində sıxılan, cahil əməvilərin hakimiyyətindən bezən, təcrübəsiz və rüşvətxor məmurların təhqirlərindən cana doyan xalq. Bütün yerlərdən paytaxt Mədinəyə gəlmişdilər. Xəlifədən ədalət, sosial rifah tələb edirdilər. Həzrət Əli (ə) isə qızmış xalqı sükuta səsləyirdi. Çünki Osman İslam xəlifəsi idi və xəlifənin öldürülməsi heç də yaxşı hal deyildi. Bu, cəmiyyətdə ciddi problemlərə və itaətsizliyə gətirib çıxarda bilərdi. Həm də xəlifənin öldürülməsi adi hal olardı. Osman əvvəlki xəlifələrdən fərqli olaraq, dövlət işlərində Həzrət Əlinin məsləhətlərini dinləmir, təcrübəsiz əməvi cavanlarına çox məsuliyyətli vəzifələr tapşırırdı. Qeyd edim ki, Ömər azı yetmiş dəfə “Əli olmasaydı Ömər məhv olardı” ifadəsini işlədib. Əbu Bəkr də Həzrət Əlinin məsləhətlərini dinləyir, dövlət işlərində ona etibar edirdi. 
Xalq qiyam edəndə Həzrət Əli xəlifə Osmanı qorumaq üçün haşimilərdən ibarət bir dəstə döyüşçü saraya göndərdi. Mərvan da Osmanı aldadırdı ki, Müaviyyə Şam ordusunu Mədinəyə göndərir. Osmanı bu adla aldatdılar. O, da Şam ordusuna arxalanıb xalqın qarşısına çıxmadı. Xalqın qarşısına çıxıb, haqsızlığa son qoyacağı barədə söz versəydi, qiyam xəlifənin ölümü ilə nəticələnməyəcəkdi. Əslində Osmanı öldürən, yaxud ölümünü tezləşdirən Müaviyə və Mərvan idi. Onlar Osmanın ölümündən və qanlı köynəyindən istifadə edib müsəlmanlar arasında parçalanma yaratdılar və əməvi hakimiyyətini möhkəmləndirdilər. 
Əli Nağıyev müsahibənin sonrakı hissəsində məqsədini nisbətən açıqlaya bilir: “Peyğəmbərlər seçilmişlərdir. Eyni zamanda Nyuton da seçilmişdir. Həmçinin Nizami Gəncəvi də, Hüseyn Cavid də, Üzeyir Hacıbəyov da, Heydər Əliyev də. Nizami peyğəmbər dönəmində olsaydı, əminəm ki, ona peyğəmbər deyərdilər. Atatürk peyğəmbər dönəmində gəlsəydi, ona peyğəmbər deyərdilər”. 
İlahi peyğəmbəri sadə insanlarla eyni cərgədə qoymaqla, ilahi vəhyi də sadə inasanların sözü ilə eyniləşdirir. Nəticədə vəhyə olan inamda, peyğəmbərə olan güvəndə çat yaratmağa çalışır. Düşünürəm ki, mərhum prezident, dünyaşöhrətli siyasətçi Heydər Əliyev adının peyğəmbərlə bir yerdə çəkilməsinə razı olmazdı. 
Əli Nağıyev Quranın təhrif olunduğunu, ona insan düşüncəsinin nüfuz etdiyini deməklə Quran ayələrinin təsirini azaltmağa çalışır. Hətta ikinci xəlifə Ömər haqqında da həqiqətdən çox uzaq cümlə işlədir: “Ömərin ilk dəfə təxminən 25 ildən sonra üç ədəd “Quran” kitabı yığdırması haqqında yuxarıda dedim”. 25 il hardan başlayır və nə deməkdir, Əli müəllim? Əgər Peyğəmbərin (s) vəfatından sonranı nəzərdə tutursansa, Peyğəmbərdən sonar birinci xəlifə Əbu Bəkr 3 il, ondan sonra ikinci xəlifə Ömər isə 10 il xilafət kürsüsündə oturdu. Bu da cəmi 13 il edir. Yoxsa demək istəyirsiniz Quran Peyğəmbərin dövründə kitab kimi yığılmağa başladı? Elə idisə, mütləq bu göstəriş Həzrət Məhəmməd tərəfindən verilməli idi. Bu izah sizin Quran haqqında dediklərinizlə tərs mütənasibdir. Deməli 25 il söhbətini hardansa din tarixinə məlum olmayan deşikdən çıxartmısınız. 
Qurandan Məhəmmədə, Osmandan Müaviyəyə qədər İslam tarixini şərh edib, Hüseynin Aşurasına daş atacaq qədər cəsarətli davranır, hörmətli professor. “İmam Hüseyni bu gün qəhrəmanlıq səhifəsi kimi təqdim edirlər. Doğrudurmu?! Xeyr. İmam Hüseynin özünün nə qədər səhvi olub. Birincisi, imam Hüseyn vəziyyəti düz hesablamırdı. İkincisi, isə onun iddiaları. İmam Hüseyn qardaşı Həsəndən bir yaş kiçik idi. Altı ay Həsən xəlifəlik etdi. Özü də 15 minə qədər qoşunu var idi. İmam Hüseyn əgər qəhrəman idisə, qoşunların yığıb qardaşı ilə birlikdə Müaviyəyə qarşı döyüşüb qalib gələrdi. Yoxsa ki, o dərəcədə biabırçı, alçaldılmış şəkildə xilafəti Müaviyəyə təhvil verməzdilər. İmam Hüseynin ambisiyalı olmasını sübut edən çoxlu faktlar var”.
Həzrət Hüseyn (ə) hər şeydən əvvəl ilahi höccət və zəmanəsinin məsum imamı idi. Ona görə də vəziyyəti hamıdan yaxşı görür və nəticəsini bilirdi. Əli müəllim deyir ki, Hüseyn qardaşı Həsən ölən kimi dərhal qoşunu başına yığıb Müaviyə ilə döyüşməli idi. Hətta İmam Həsənlə Müaviyə arasında imzalanan sülh müqaviləsini alçaldılmış və biabırçılıqla hakimiyyəti Müaviyəyə təslim etmək kimi qiymətləndirir. Düzdür, Həzrət Hüseyn (ə) Müaviyənin dövründə 10 il imam oldu və qiyam etmədi. Bunun bir çox səbəbləri var idi. Yazının həcmini nəzərə alaraq birini deyirəm. Müaviyə zahirdə özünü Peyğəmbərə oxşadır, şəriət məsələlərinə əməl edən kimi aparırdı. Oğlu Yezid isə açıq şəkildə şərab içir, meymun saxlayır, heç bir şəriət hökmünə əməl etmirdi, hətta müşavirlərindən biri də xristian idi. Belə bir şəxsin müsəlmanlara rəhbər olmasına etiraz etmək hər kəsdən əvvəl zəmanənin ilahi höccəti olaraq Həzrət Hüseynə vacib idi və Hüseyn bu zəruri qərarı verməklə dinin vacibatına əməl etdi. Sadə dillə desək, Müaviyənin dövründə baş verən qiyam nəticəsiz qalacaqdı. Yezid isə qiyam üçün özü şərait yaratmışdı. 
Əli Nağıyevin dediyinə cavab vermək üçün bir müqayisə aparmaq istəyirəm. Əgər həqiqətən sülh bağlamaq biabırçılıq və rüsvayçılıqdırsa, niyə 1994-cü ilə Əli Nağıyevin də təmsil olunduğu və hətta ikincisi olduğu (o zaman YAP-da müavin idi) bir hakim partiya işğalçı Ermənisatnla atəşkəs müqaviləsi imzaladı?  İndi kimsə çıxıb həmin müqaviləni tənqid edə bilər. Lakin o dövür üçün ən yaxşı çıxış yolu hesab olunurdu. Ona görə ki, sovet şinelindən çıxmış Azərbaycan dövləti yeni qurulurdu, ordusu pərakəndə vəziyyətdə yaxud yox səviyyəsində idi. Zaman qazanmaq lazım idi ki, ölkə özünə gəlsin, ordu formalaşsın, ölkənin iqtisadi vəziyyəti düzəlsin və sair. Hörmətli Əli Nağıyev, sizin dediyiniz 15 minlik qoşun da Həzrət Əlinin dövründə 3 böyük döyüşdən çıxmışdı. Sosial poblemlər xeyli çoxalmışdı, yeni qurulmuş İslam dövləti iflas təhlükəsi ilə üz-üzə idi. Əgər İmam Həsən Müaviyə ilə sülh bağlamasaydı həmin 15 min də qırılacaqdı, İslam dövləti tam olaraq məhv olacaqdı. 
Əli müəllim deyirsiniz ki, heç olmsa Hüseyn döyüşçüləri ətrafına toplayıb Müaviyə ilə döyüşməli idi. Yaxşı o zaman mən sizdən soruşuram, yaradıcılarından biri olduğunuz hakim partiya ən müasir hərbi texnika ilə təchiz olan orduya işğal olunmuş torpaqları azad etmək üçün niyə göstəriş vermir? Axı 21 ildir atəşkəs elan olunub. Deməli bilmədiyimiz səbəblər hələ ki, döyüş əmrinə mane olur. 
Bu müqayisəni ona görə apardım ki, tarixə daş atmaq, illər əvvəl baş verən hadisələrdə kimlərisə ittiham etmək cəsarət və qəhrəmanlıq deyil. Bunun üçün azacıq insaf lazımdır. Deyəsən bu müsahibə vaxtı insaf sizdən uzaq düşüb… 
Həzrət Hüseynin qəhrəmanlığına gəldikdə, bəli qəhrəmandır. Sizcə qəhrəman necə olur? Bu şəxs özü ilə bərabər bütün nəslini qurban verdi. Sizin bir yaxınız Qarabağ döyüşündə şəhid olubmu? Yaxid heç olmasa əlinə silah alıb döyüşə gedibmi? 
Həzrət Hüseynin məqsədini, şəhidlik məqamını kölgələməyə can atırsınız. Bu mövzunu İmam Hüseynin bir kəlamı ilə bitirirəm. “Mənim kimilər, sənin kimilərə beyət eləməz”. Yəzid İmam Hüseyni seçim qarşısnda qoyur – ya beyət, ya ölüm. İmam isə bu cümləni deməklə bütün aləmə bəlli edir ki, mənim Yezidlə davam şəxsi müstəvidə deyil. Mən haqq olaraq, Yezid kimi batillə döyüşürəm. Belə olmasaydı, Deyərdi mən sənə beyət etməyəcəm. Amma dedi: nə qədər həyat var mənim kimi azad düşünən, azad yaşamaq həvəsində olan şəxslər, sənin kimi çirkaba batan, azadlığı boğanlara beyət əlini uzatmayacaq. 
Əli müəllim, siz belə bir seçim qarşısında qalmısınız? Qalsanız necə rəftar edərdiniz? Bundan sonra Kərbəla, Aşura, Həzrət Hüseyn haqqında danışmaq istəsəniz heç olmasa özünüzü belə bir seçim qarşısında hiss edin. 
İddia edirsiniz ki, şiəlik dini parçalayıb. “Həzrəti Əli Müaviyəyə uduzandan sonra şiəliyi bir partiya kimi elan etdi”. Tarixdə hadisələrin xronologiyası deyilən bir anlayış var. Sizin dedikləriniz heç bir məntiqə uyğun deyil. Osman öldürüləndən sonra Həzrət Əli müsəlmanların xəlifəsi oldu. Bütün valilər (indiki icra başçısı) də ondan beyət etməli (dövlət başçısı kimi tanımalı) idilər. Lakin Müaviyə Həzrət Əliyə beyət etmədi. Qoşun yığıb mərkəzi hakimiyyətə qiyam elan etdi. Bu məsələdə kimi haqlı hesab edirsiniz? Sizcə Əli Müaviyənin bu qiyamına göz yummalı idi? Əgər belə bir hal bizim dövrümüzdə baş verərsə, dövlət başçısını haqlı bilcəksiniz, yoxsa hansısa rayonda mərkəzə üsyan edən şəxsi dəstəkləyəcəksiniz? 
Sizin yazdıqlarınıza həyat yolunuza və fəaliyyətinizə uyğun cavab verirəm ki, məsələ tam aydın olsun. 
Həzrət Əli Müaviyə ilə döyüşəndə artıq xəlifə idi. Partiya isə hakimiyyətə gəlmək üçün yaradılan təşkilatdır. Həzrət Əli xəlifə ola-ola nə ehtiyac var idi ki, partiya yaratsın? Bəlkə siz demək istəyirsiniz, Müaviyə hiylə və məkrlə xilafət kürsüsünü qəsb edəndən sonra Əli tərəfdarlarını bütün beytul-maldan (dövlət büdcəsi) məhrum etdi, hətta Əli tərəfdarlarının məhkəmələrdə şahidliyi qəbul edilmirdi. Hansı xəlifə özündən əvvəlki xəlifəyə rəsmi şəkildə lənət oxutdurub? Bilmirsinizsə deyim, Müaviyənin göstərişi ilə düz altımış il peyğəmbər mənbərindən peyğəmbər yerində oturan şəxslər Həzrət Əliyə lənət oxuyub. O zaman Əli tərəfdarları da bir-birinə dayaq olub, yaşamağa davam etməli deyildilər? Siz buna partiya yaradaraq, dini parçalamaq deyirsiniz?    
Həzrət Əlinin (ə) qətlə yetirdiyi xəvariclərin (dindən çıxanlar) halına yanıb, onlara ağlamaq istəyirsinizsə, kim sizə mane olur? Kimsə onlara yas saxlamaqda sizi suçlayıb? 
Əli müəllim, Tövrat və İncili əsas götürərək cəhənnəmi dolayısı ilə inkar edir, cənnətin mərtəbələrini məsxərə edirsiniz. Amma cənnət və cəhənnəmin mərtəbələri insanların əməllərinə görə tərtib olunacaq. Necə ki, sizin adınız məşhur “91-lər”lə çəkiləndə etiraz edir və deyirsiniz ki, “91-lər”i mən yaratmışam, adım gərək xüsusi qeyd olunsun və mən onlardan daha çox mükafatlara layiq görülməliyəm. Allah da sizin bu istəyinizə görə cənnəti səkkiz mərhələdə yaradıb ki, az iş görənlə çox zəhmət çəkənin fərqi olsun və ilahi ədalət konsepsiyası pozulmasın. 
“Artistlik etmək məndən uzaq bir şeydir. Mən gördüyüm işdə səmimiyyəti xoşlayıram. O şey ki, mənim ürəyimcədir, onu edirəm. Ürəyimcə, deyilsə, özümü camaatın gözünə soxmaq istəmirəm”. Bu “kəlam”ı  “Nə zamansa müqəddəs hesab olunan ziyarətə getmək istəyərdinizmi?”- sualına cavab olaraq səsləndirmisiniz. Ziyarətə getmək artistlikdir, səmimiyyətdən uzaqdır? Axı müqəddəs məkanların ziyarət olunmasını gənc nəsil mərhum prezident Heydər Əliyev və ölkə başçısı cənab İlham Əliyevdən öyrənir. Yoxsa siz mərhum Heydər Əliyevin Aşura haqqında dediyi fikirləri eşitməmisiniz, Onun məscidlərimizə, müqəddəs məkanlara münasibətindən bixəbərsiniz? Heç bir il olmayıb ki, president İlham Əliyevin ailəsi müqəddəs Məkkə şəhərində Kəbəni ziyarət etdi. Ölkə başçısı ailəlikcə dinə və müqəddəs məkanlara inam və ehtiramını bildirdi. Sizcə bu əməllərdə səmimiyyət yox idi? 
 
P.S. Müsahibədə razılaşmadığım, tarixi faktlara və dinə zidd olan xeyli fikirlər yer alsa da, yazının həcmini nəzərə alaraq daha çox qabarıq görünənləri cavablandırdım. 
 
Cavid Cabbarlı
İlahiyyatçı jurnalist

36612704 2175861202442746 3554225002402283520 n  “Azərbaycanda bu gün ən çox problemlərlə üzləşənlər sahibkarlardırlar. Ona görə də sahibkarlar ölkəni tərk edənlərin      arasında çoxluq təşkil edirlər“. Bu sözlər Azad Düşüncə Mərkəzinin rəhbəri, sahibkar Azər Əliyevə məxsusdur. A.Əliyev hesab edir ki, Azərbaycanda xüsusən kiçik sahibkarlar hakimiyyətin müxtəlif strukturları tərəindən amansızcasına sıxışdırılır. Bu sıxışdırmaların başında isə mərkəzi aparat Prezident Adminstrasiyası dayanır ki, məqsəd korrupsiya yoluyla məmurların varlanmasına xidmət etməkdədir. : “Güya dövlət sahibkarlar üçün lazım olan şəraiti yaradıb, hətta ən yüksək səviyyədə bu barədə yalan və şişirdilmiş məlumatlar verilir. Lakin atılan addımlar və “islahatlar” hamısı sadəcə görüntü üçündür. Hesab edirəm ki, bu görüntü üçün edilən cəhdlərdən siyasi hakimiyyətin başında dayananların da xəbəri var. Çünki, ölkəni idarə edən şəxslər çox gözəl bilirlər ki, hansı yenilik bu ölkədə işləyə bilər, hansı yox”.

Azər Əliyev deyir ki, boş-boş analoqsuz inkişafdan danışmaq heç bir fakta söykənmir: Sadəcə sahibkarlar da hökumətin sərt cəza metodlarından qorxduğu üçün sakit dayanırlar. Onsuz da edilən müraciətlər və şikayətlər də cavabsız qalır, əksinə şikayət edənlər cəzalandırılır və digərləri şikayət etməkdən çəkinirlər. Reallıq budur, sahibkarlığın inkişafını təsdiq edən bir fakt yoxdur“.

A.Əliyev hökumətin “yeni iş yeri” fırıldağından söz açıb: “Hər gün sahibkarlar azalır, ölkəni tərk edirlərsə, sahibkarlıq necə inkişaf edə bilər? Hökumət “yeni iş yeri“ adıyla cəmiyyətdə çaşqınlıq yaradır. Statistik məlumata görə 2004-cü ildən bəri Azərbaycanda 50 min yeni müəssisənin yaradıldığı bildirilir. Ən sadə hesablama üsulu ilə hesablasaq bir gündə 15-16 müəssisə yaradılıb. Hər müəssisədə azı 3 nəfər işlə təmin olunmalıdır. Deməli hər gün 45 nəfərişlə təmin olunur. Kim bu yalana inanar? Fərz edək ki, bu hesabat yalan deyil, bəs onda ölkədə niyə işsizlik var. Keçədə inanlardan əss problemin nə olduğunu soruşsaq hamı deyəcək ki, işsizlik aradan alxsa hər şey düzələr. Kütləvi şəkildə insanlar niyə Rusiyaya işləməyə gedirlər o zaman? Məncə Əliyev hakimiyyəti bu sualın cavabını tapmalıdır“. A.Əliyev yüksəkçinli məmurların sahibkarlıq fəaliyyətilə məşğul olmalarını ciddi nöqsan kimi qiymətləndirdi: “Azərbaycanda iqtisadi fəaliyyət sahələrini inhisarda saxlayan məmur sahibkarlığıdır. Ölkədə qəbul edilən qanunlar nəinki işləmir, hətta qanunvericilikdəki ziddiyyətlərin hamısı sahibkarların əleyhinə istifadə olunur. Yalnız məmurların patronajlığında olan müəssisələr sərbəst fəaliyyət göstərə bilirlər. Azərbaycanda insanlar arasında Kamaləddin Heydərovun, Ziya Məmmədovun və digər məmurların obyektləri barəsində danışmırlar? Digər tərəfdən də məhkəmə sisteminin müstəqil olmaması və korrupsiyalaşması sahibkarların öz problemlərini məhkəmə yolu ilə həllini mümkünsüz edir. Həm də sahibkarların daha çox itirmək qorxusu olduğundan onlar haqlarını tələb etməyə onsuz da çəkinirlər. Yuxarıda da qeyd etdim ki, sahibkar özündən əvvəl şikayət edənin cəzalandırılmış olduğunu görəndən sonra əlacsız qalır. Nəticədə ölkədə sahibkarlıq fəaliyyətinin ümidsiz vəziyyətilə üz-üzə qalırıq”.

Milli Təhlükəsizlik Nazilriyi (MTN) İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovu həbs edib. İ.Əhədov dövlətə xəyanətdə (xarici ölkəyə casusluq) ittiham olunur.

Xəbəri MTN-nin İctimai əlaqələr şöbəsi yayıb. MTN-nın açıqlamasında bildirilir ki, İ.Əhədov xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi, 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsi şübhəsi ilə saxlanıb. İ.Əhədov dövlətə xəyanətdə (Cinayət Məcəlləsinin 274-cü maddəsi) ittiham olunur. Onun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

MTN İ.Əhədovun hansı ölkənin xeyrinə cəsuisluqda şübhəli bilindiyini açıqlanmayıb. Qurum işlə bağlı istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini qeyd edib.

 İnqilab Əhədov bir neçə ay əvvəl İslam Partiyasındakı sədr müavini postundan istefa verib.

Xatırladaq ki, bir necə gün əvvəl İslam Partiyasının Məclis üzvü Natiq Kərimov da Milli Təhlükəsizlik Naziriliyi tərəfindən saxlanılıb və onun barəsində dörd ay həbs qətimkan tədbiri seçib. Kərimov dövlətə xəyanətdə təqsirli bilinir

Yanvarın 23-də Bakıda araşdırmaçı jurnalist Cavid Cabbarlının "Gizli həqiqət. Nurçuluq və Səid Nursi gerçəkliyi" kitabının təqdimatı keçirilib. 
Tədbirə ölkənin bir çox tanınmış ziyalıları, ictimai-siyasi xadimlər, jurnalistlər və s. qatılıbdılar.
Təqdimatı giriş sözü ilə şair və jurnalist Şəmşad Ağa açaraq, kitab haqqında iştirakçılara ümumi məlumat verib. 
Çıxış edənlər gərgin zəhmət və uzun müddətli araşdırma nəticəsində ortaya çıxmış əsərin ictimai-siyasi əhəmiyyətini vurğulayaraq, belə bir kitabın Azərbaycan cəmiyyətinə bir töhfə olduğunu qeyd ediblər.
Bir-birindən maraqlı çıxışlarla yadda qalan kitab təqdimatı, polemikalar üçün də sanki bir meydana çevrilib.
Tədbirin diqqət çəkən məqamlarından biri də kitabda tənqid olunan məlum ideya tərəfdarına da fikrini demək üçün vaxt ayırılması olub.
İki saat müddətinə nəzərdə tutulmuş təqdimat mərasimi 3 saatdan da bir qədər artıq çəkib.
Sonda müəllif kitablarını oxucular üçün imzalayıb.
Qeyd edək ki, Cavid Cabbarlının "Gizli həqiqət. Nurçuluq və Səid Nursi gerçəkliyi" kitabında Nurçu hərəkatının yaranması, mahiyyəti, hədəfləri barədə söhbət açılır, hərəkatın banisi Səid Nursi, eyni zamanda "Hizmət" hərəkatının rəhbəri Fətullah Gülən haqqında bəhs edilir. 

ABŞ-dakı yəhudi icmasi Azərbaycanla bağlı toplaşıb.

ANS TV-nin məlumatına görə, Amerika Birləşmiş Ştatları Konqresinin bəzi dairələrində rəsmi Bakıya qarşı təzyiqlərin fonunda Azərbaycanın dostları dəstəklərini nümayiş etdirməyə başlayıblar.

Erməni lobbisinin geniş əhatə olunduğu Kaliforniya ştatının Los-Anceles şəhərindəki yəhudi icması Azərbaycan adına toplaşıb.

Ştatın ən böyük və nüfuzlu yəhudi məbədi olan Sinay sinaqoqunda Azərbaycana dair geniş təqdimat olub.

Ötən ilin noyabrında Bakıda olan bu sinaqoqun 50 nəfərlik nümayəndə heyəti Azərbaycan həqiqətlərin dünyaya çatdırmaq üçün addım atacaqlarını bildiriblər.

Sinay sinaqoqunun rəhbəri, nüfuzlu yəhudi din xadimi ravvin Deyvid Uolpi Azərbaycandakı tolerantlığın dünya üçün nümunə olduğunu söyləyib.

O vurğulayıb ki, bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrindən fərqli olaraq, yəhudilər Azərbaycanda sülh şəraitində yaşayır, yəhudi geyimi ilə Bakı küçələrində sərbəst gəzmək adi hal sayılır.

Amerika yəhudi icmasının əsas üzvülərindən sayılan Ancela Məddahi isə dünyanın müxtəlif ölkələrində İslam cərəyanları arasında qanlı toqquşmaların davam etdiyi zamanda, Azərbaycanda ölkənin əksəriyyətini təşkil edən müsəlmanlar arasında çox güclü qaşılıqlı əlaqələrin mövcud olduğunu söyləyib.

Onlar Los-Ancelesdəki yəhudi soydaşlarına səslənərək, fürsət olan ən yaxın tarixdə Azərbaycana getməyi tövsiyə ediblər.

Baş konsul Nəsimi Ağayev isə Azərbaycan və yəhudi icmaları arasında güclü dostluq əlaqələrinin bundan sonra da davam etməsi üçün çalışacaqlarını vurğulayıb.

“İntiqam Əliyevin həbs olunması ölkədə hüquq adına bir şeyin qalmadığını göstərir. Hüquq müdafiəçilərinə qarşı əsassız hücumlar çox ciddi problemlərə yol açacaq. Hesaba edirəm ki, artıq beynəlxalq təşkilatların və demokratiya adına iddia edən dövlətlərin ortaya konkret mövqey qoymalarının zamanıdır“. Bu sözləri Xeber.İnfo-a “Səhiyyə Hüquqları İnstitu“nun rəhbəri Elçin Novruzov bildirib.

E.Novruzov belə həbslərin ölkə üçün təhlükəli olduğunu deyir: “ İntiqam Əliyev müasir Azərbaycan hüququnu yaradanlarından biridir. Onun saxta ittihamlarla həbs edilməsi vəziyyətin çox ağır olduğunu göstərir. Hakimiyyət bu cür həbslərlə müstəqil düşünənləri və bütün alternativlərini sıradan çıxardır. Eyni zamanda cəmiyyətin müqavimət hissini qırır. Çox təəssüf ki, cəmiyyət hələ ki, hökumətin qorxu şousuna uyub, etiraz gücünü toparlaya bilmir. Düşünürəm ki, ən azı beynəlxalq təşkilatlar ciddi reaksiya verəcəklər və rejimin demokratik dəyərlərə qarşı təzyiqini heç olmasa pisləyəcəklər„

“Beynəlxalq təşkilatlar Azərbaycandan demokratik prinsiplərə hörmət etməyi, insan hüquq və azadlıqlarını pozmamağı tələb edir. Azərbaycan tərəfinin bu tələblərə reaksiyası isə “daxili işlərinə qarışırlar” şəkilində olub”. Bu sözləri ictimai-siyasi fəal Emin Süleymanzadə bildirib.

E.Süleymanzadə hesab edir ki, beynəlxalq təşkilatların “siyasi məhbusları azad et” çağırışı varsa, deməli ölkəmizdə insan hüquqları pozulur: “Əvvələr Qərb dairələri demokratiya, insan hüquqları kimi məsələlərə münasibət bildirəndə adətən narahatıq ifdəsi işlədilirdi və hökumət siyasi məhbusları ədalətli məhkəmədə mühakimə etməyə çağırılırdı. Ancaq son vaxtlar fərqli üslub seçilib. Siyasi məhbuslara ədalətli məhkəmə çağrışı yerinə, onları dərhal azad etmək tələbi təkid şəkilndə ifadə olunub. Bu bəyanatdakı ifadə fərqi təkcə diplomatik üslubun sərtləşməsi deyil, həm də açıq şəkildə Azərbaycan hakimiyyətinə, onun hüquq mühafizə sisteminə inamsızlığın nəzərə çarpdırılmasıdır. Təəssüf ki, hakimiyyət problemi həll etmək əvəzinə daim müdafiə mövqeyində dayanır. Azərbaycan onun suveren inkişafına qarant ola biləcək dünyanın super güclərinin dəstəyindən məhrum ola bilər. Dövlətinin gələcəyini düşünən bir insan kimi hakimiyyətin ritorikası məni də narahat edir. Hüquq haqqında elementar təsəvvürləri olan hər kəs bilir ki, Qərbdən gələn bəyanatlar insan haqları ilə bağlıdır. İnsan haqları heç bir dövlətin daxili işi sayıla bilməz. İnsan haqları universal dəyərdir. Ona görə Qərbin bəyanatları Azərbaycanın daxili işlərinə qarışmaq demək deyil. Vətəndaşlarımızın taleyi ilə bağlı məsələ Qərbdən daha çox Azərbaycan hakimiyyətini narahat etməlidir. Çünki ədalətsiz məhkəmə hökmləri ilə həbs olunanlar Azərbaycan vətəndaşlarıdır. Azərbaycanın strateji, iqtisadi, enerji tərəfdaşı olan ölkələr Qərbdə yerləşir. Bu proses özü də o zaman baş verir ki, Azərbaycan hakimiyyətinin təmsilçiləri ölkəmizin Avrasiya İttifaqına getəmsinin maraqlarımıza uyğunluğu barədə açıqlamalar verirlər. Bu çox təhlükəli tendensiyadır”.

Məhərrəm Məmmədov: “Mənasız layihələrə çəkilən xərclər təhsilimizə qoyulsaydı ən azı gələcəyimizin təminatı olardı”

“Büdcə hesabına Azərbaycanın dünyada tanıdılması qeyri-ciddi addımdır. Heç kimə lazım olmayan Avropa oyunları, elitar F1 yarışması bizim üçün lazım deyil. İştirakçılarının Azərbaycan büdcəsi hesabına maliyələşməsi,ölkəmizi daha da gülünc hala saldı”. Bu sözləri  ictimai-siyasi fəal, kiçik sahibkar Məhərrəm Məmmədov Xeber.İnfo-a deyib. M.Məmmədov büdcəsinin talandığını qeyd edir: “Milyard dollarlar hesabına salınan keyfiyyətsiz infrastukturun ömrü bir sezonluq olur. Bunun hesabını vermək lazım olacaq. Mənasız layihələrə çəkilən xərclər təhsilimizə qoyulsaydı ən azı gələcəyimizin təminatı olardı. Azərbaycanda sosial vəziyyət getdikcə çətinləşir. Son devalivasiyadan sonra varlılar dahada varlandı, əhalinin az təminatlı təbəqəsi isə demək olar ki çöküşdədir. Gec-tez əhali boğaza yığılacaq. Onsuzda cəmiyyət bu kritik vəziyyətdən çıxış yolunun pis halda intiharda görür, ən yaxşı halda isə ailələr dağılır və ya tərk edilir. Bucür davam edə bilməz. Sosial təbəqələşmənin önü bir an öncə alınmalı ,orta sahibkarlığa dəstək proqramları işlənib hazırlanmalıdır. Orta sahibkarlığı olmayan ölkələrin iqtisadiyyatı məhvə məhkumdur. Buna bariz nümunə Rusiya və Venesuella kimi neft hesabına formalaşaraq varlanan və ilk krizisdə ölkələrin ağır iqtisadi tənəzzülə üzləşməsini göstərə bilərik. Azərbaycan kimi kiçik amma strateji baxımdan çox əlverişli coğrafiyada yerləşən ikinci dövlətlər demək olar ki, yoxdur. Bizim yeganə mövcudluğumuzu bəyan etmək yolumuz orta sahibkarlığı ən üst səviyyədə dəstəkləmək olardı. Belə ki, vətəndaşlarımızın hüquq və azadlıqlarının , əmlak toxunulmamazlığının təmin edilməsi ölkəmizə olan etibari yüksəldər və xaricdə yaşayan soydaşlarımızın vətənə investisiya axınını sürətləndərər. Bu baxımdan mövcuq iqtidar islahatlardan qorxmamalı, monopoliyanı dövlət səviyyəsində dəstəkləməməli, şəffaf iqtisadi dirçəkiş proqramı işləyib hazırlamalıdır. Əgər bacarmırsa yerini bacaranlara təhvil verməlidir”.

Müsahibimiz ölkənin vəziyyətdən çıxış yolu tapması üçün Avropanın təcrübəsindən yararlanmağı tövsiyyə edir: “Avropa təcrübəsindən faydalana bilərik. Qanunun aliliyi, məhkəmələrin sərbəstliyi, söz azadləğı, insanların sərbəst toplaşma azadlığı və sair. Düşünürəm ki, kommunist təfəkkürlü insanlarla Avropa təcrübəsindən yararlanmaq çox çətindir. Bütün sahələrdə işlər ağ vərəqdən başlanmalı, gənclər bu işlərə sövq olunmalıdır. Avropaya inteqrasiya bizləri Rus hökmüranlığından qisməndə olsa azad edəcək. Bunlar bir-iki ilin işi deyil. Bunların gerçəkləşdirilməsi üçün illər lazım olacaq,amma gələcək nəsillər bunlardan faydalana biləcəklər.

187 -dən səhifə 187