Javid Jabbarli

Javid Jabbarli

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədova institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi ona baha başa gəlib.

Xatırladaq ki, o, iclasda direktora “Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyyata qulaq asan deyiləm” deyərək, ona etiraz etmişdi. Bu hadisəni əks etdirən video sosial şəbəkələrdə və bir çox saytlarda yayılaraq, böyük müzakirələrə səbəb olub.

Direktora etiraz edən tibb elmləri namizədi Səbinə Məmmədova yayılan videoya görə yanvarın 13-də vəzifəsindən uzaqlaşdırılıb.

S.Məmmədova bildirib ki, institutun direktoru ona qarşı çıxan bütün həkimləri əsassız olaraq müəssisədən uzaqlaşdırır: “Əlimdə faktlarım var, haqqımı tapdadılar. Həqiqət Qədirova bütün həkimləri çıxarıb əvəzinə pul müqabilində öz adamlarını instituta işə qəbul edir. Mən tibb elmləri namizədiyəm. 20 il şöbə müdiri vəzifəsində çalışmışam. Əvvəlcə şöbə müdirliyindən, sonra isə həkimlikdən uzaqlaşdırıldım. Onu məhkəməyə verəcəm. Təkcə mən yox, bütün həkimlər ayağa qalxıb. Etiraz edən bütün həkimləri işdən kənarlaşdırır”.

Qeyd edək ki, S. Məmmədova işdən çıxrarılması ilə bağlı Prezident İlham Əliyevə videomüraciət ünvanlayıb.



Bu haqda bir dəfə yazmışam, təkrar çap etmək istəmədim. Biz nağılları çox sevirik axı: Cırtdan-mırtdan, Ağ atlı oğlan, qardaşların kəndirini kəsdiyi Məlikməmməd, at gəldi örkən apardı, it hürən tərəf, işıq gələn tərəf. Həmişə də it hürən tərəfə getmişik, itlər də bizi tutub. Ağlımıza gəlməyib bir dəfə işıq gələn tərəfə gedək, bəlkə işıqlığa çıxdıq.

Nə isə, söhbəti uzatmayaq, oxucunu da yormayaq. Çünki oxucular da yazı yekə olanda oxumurlar, ərinirlər.

Adətən bütün nağılların axırında da göydən üç alma düşür: nə bilim biri nağıl deyənin, o biri ikisi də kimə düşür yadımdan çıxıb, amma deyəsən biri qulaq asanlarındı.

Amma heç vaxt göydən alma düşdüyünün şahidi olmamışıq. Bizim də başımıza göydən alma düşsəydi, demirəm Nyuton kimi Cazibə qüvvəsi qanununu kəşf edərdik, ən azı vaxtında dilimizdəki «ğ» hərfini «k»la əvəz edərdik, indiyə saxlamazdıq.

İndi hərdən ortaya «5 rayon nağılı» atırlar. Millət də sevindiyindən az qala bayram edir. Guya ki Ermənistan Qarabağdakı 5 rayonu qaytaracaq. Hansı rayonlardı deyilmir.

Cəbrayılmı?! Vurhavur qəsəbələr tikirlər, hətta bir kilsə də tikdilər, Sərkisyan gəldi açdı.

Zəngilan-Qubadlımı?! Yeni qəsəbələr tikirlər, Suriyadan gələn erməniləri yerləşdirirlər.

Kəlbəcərmi?! Məktəblər tikirlər, kanalizasiya xətləri çəkirlər, küçələri asfaltlayırlar. Və sair və ilaxır. At gəlmədi, örkən də aparmadı.

Hələ ki bir Ağdamla Füzulidə abadlıq işləri aparmırlar, çünki erməni azlığı var, orda yaşayacaq erməniləri hələ ki tapa bilmirlər.

5 rayonu qaytaracaqlar! Duqin dedi, nə bilim kim dedi. Bu millət nağılı yaman çox sevir. Deyəsən, Nüsrət Kəsəmənlinin şeiridi: «Daha nağıllara inanmıram mən». Nüsrət bəy inanmasa da, xalq inanır. Məsələn, bizim jurnalisti təhqir eləyən Zaxarova beş-altı gün bundan əvvəl Azərbaycanla bağlı xoş bir söz deyib. Siyasətçilərimiz, mətbuatımız onu qəhrəman səviyyəsinə qaldırıb. Çünki urus da bilir ki, biz nağılları sevirik və inanırıq.

Bir Metyu Brayza vardı, indi də var, özü də yeznəmizdi. O da indi olub qəhrəman və sevimli. Nə deyib ki, belə sevimlimiz olub? Azərbaycan hökumətinə minnətdarlıq edib ki, onu və ailəsini, eləcə də diplomatik korpusu terrorizmdən və təhdidlərdən qoruyub. Və artıq qəhrəmandı! Xoş söz deyib, axı.

Məntiqinizə rəhmətlik Mustafa Güliyev bir quzu kəssin.

Azərbaycan keçmiş SSRİ məkanında uzun illərdi terrorizmdən uzaq ölkələrin önündə birinci yerdə gedir. Bunun səbəbi də həm Daxili İşlər Nazirliyinin, həm Dövlət Təhlükəsizlik Xidmətinin, eləcə də digər xüsusi xidmət orqanlarının böyük zəhmətləri və başarılarıdı.

Bu günədək Azərbaycanda heç bir diplomatik korpuslar nə terrorizmə məruz qalıb, nə də təhdidlərə. Arada bir Qarabağ Azadlıq Təşkilatının Rusiya, hərdən bir də İran səfirliyinin qarşısında keçirdikləri piketlər də təhdid sayıla bilməz, bir etirazdı. O da dünyanın bütün ölkələrində olur.

Amma bu günədək ABŞ səfirliyinin qarşısında Allahın kiçik bir piketi də olmayıb ki, səfirliyin özü, ya əməkdaşları, ya metyubrayzları narahat ola. Yəni bu da bir nağıldı.

5 rayon qaytarılacaq! Göydən 5 rayon töküləcək! Bəs, bizim təpəmizə hansılar düşəcək? Nağıllar nə təhər başlayır? Şah Abbas cənnət məkan, tərəziyə vurdu təkan, iki qoz bir girdəkan, 5 rayon, bir də təpəmizə …


“Həyətin ortasındaca məni döydürlər. Serjantın 4-ü qolumu tutdu, rəislə onun müavini məni döyməyə başladı”

Bu sözləri Bakının Binəqədi rayonunda polisin zorrakılığı ilə üzləşdiyini bildirən sürücü Şaiq Qəhrəmanov “Kanal13”-ün əməkdaşı Dəyanət Babayevə verdiyi video-müsahibədə deyib. O, aldığı xəsarətlərdən sonra xəstəxanaya düşdüyünü və cərrahiyyə əməliyyatına məruz qaldığını bildirib.

Binəqədi Rayon Polis İdarəsinin məsələyə münasibətini öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Yanvarın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısına toplaşan bir qrup məcburi köçkün Bakının Binəqədi rayonunda məskunlaşdıqları tikililərin sökülməsinə görə etiraz ediblər. Etirazçılar “Dövlətqaçqınkom”un qarşısındakı yolda nəqliyyatın hərəkətini dayandırmağa cəhd edib.

Komitədən bildiriblər ki, Binəqədi rayonu H.Babaşov küçəsindəki Təcili Tibbi Yardım Xəstəxanasının yarımçıq binasında məskunlaşmış məcburi köçkünlər komitəyə gələrək narazılıqlarını bildirib.

“Məcburi köçkünlər qeyd ediblər ki, məskunlaşdıqları binada “mənzilləri” uçurulur. Həmin məcburi köçkünlər komitə rəsmiləri tərəfindən qəbul edilib və onlara müvafiq izahatlar verilib. Bildirilib ki, “Dövlətqaçqınkom” tərəfindən heç kimin yaşadığı bina və ya mənzillər sökülmür”.

Rəsmi məlumatlara görə, hökumət bu kateqoriyaya aid edilən şəxslərin sosal problmelərinin həlli üçün 6 milayard manat vəsait xərcləyib, 97 qəsəbə salınıb. 2018-ci ildə isə bu kateqoriyadan olan daha 20 min şəxsin mənzillə təmin ediləcəyi gözlənilir.


"İsa bəyin vəziyyəti yaxşıdır. Müalicə həkimi ilə danışmışam, artıq sabah evə buraxılmalıdır”.

Bu sözləri Milli Strateji Düşüncə Mərkəzinin sədri, parlamentin sabiq spikeri İsa Qəmbərin həyat yoldaşı Aida Qəmbər musavat.com-a açıqlamasında bildirib.

Qeyd edək ki, Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov APA-ya açıqlamasında bildirib ki, onun səhhəti yaxşıdır: "Danışır, yavaş-yavaş gəzməyə başlayıb. Evə nə vaxt buraxılacağı barədə isə konkret söz deyə bilməyəcəyəm”.

F.İbrahimov bildirib ki, İ.Qəmbər kardioreanimasiyadan terapiya şöbəsinə köçürülüb, hələ həkim nəzarəti altında olmalıdır.

Həmçinin o, qeyd edib ki, sabah konsillium keçiriləcək və İ.Qəmbər növbəti dəfə müayinə olunacaq.


Yanvarın 16-dan etibarən Bakı şəhərindəki bütün məcburi köçkün şəhərciklərində və binalarda istiliyin verilməsi dayandırılıb. Buna səbəb "Azəriqaz" İstehsalat Birliyinin "Azəristiliqtəchizat" ASC-nin məcburi köçkün şəhərcikləri və çoxmərtəbəli binalardakı qazanxanalarına təbii qazın verilişini dayandırmasıdır

Mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunan məcburi köçkün şəhərciklərində əsil fövqəladə vəziyyət yaranıb. Belə ki, dünəndən Müşfiqabad, Mehdiabad və Masazır qəsəbələrində məcburi köçkün şəhərciklərində, habelə Bakı və Abşeron rayonunda məcburi köçkünlərin məskunlaşdığı bütün ərazilərdə istiliyin verilməsi dayandırılıb.

Masazırdakı məcburi köçkün şəhərciyindən redaksiyamıza verilən məlumata görə, istiliyin verilməməsinə səbəb buradakı 16 ədəd beşmərtəbəli binanı istiliklə təmin edən qazanxananın qaz təchizatının dayandırılmasıdır. Bildirilir ki, soyuq qış günlərində çətin vəziyyətdə qalan məcburi köçkünlər bir sutkadır ki, istiliyin verilməməsindən əziyyət çəkdiklərini deyirlər. İstiliyin verilməməsi Masazır qəsbəsindəki məcburi köçkün məktəbinin də işini pozub. Belə ki, şagirdlər soyuq sinif otaqlarında otura bilmədiyindən dərslər dayandırılıb.

Koordinat.az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün "Azəristiliktəchizat” ASC ilə əlaqə saxlayıb. "Azəristilik" ASC Masazır və digər qəsəbələrdə yerləşən məcburi köçkün şəhərciklərində istiliyin verilməsinin dayandırıldığını təsdiqləyiblər. Bildirilib ki, qəsəbədəki bütün mənzilləri istiliklə təmin edəcək qazanxanalar işlək vəziyyətdə olsa da, "Azəriqaz" İB qazanxanaların qaz təchizatını dayandırıb. Buna səbəb isə "Azəristiliktəchizat” ASC ilə "Azəriqaz" İB arasında yaranan borc problemidir. Bildirilir ki, məsələdən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də xəbərdardırlar, problemi məhz Dövlət Komitəsi ilə "Azəriqaz" ASC öz aralarında həll etməlidir.

"Azəristiliktəchizat” ASC-də bəyan edirlər ki, "Azəriqaz" məcburi köçkün şəhərciklərindəki qazanxanaları təbii qazla təmin edəcəyi halda qazanxanalar deərhal işə düşəcək və mərkəzləşdirilmiş qaydada bütün mənzillərə istilik veriləcək. Əks halda hazırkı vəziyyətin nə qədər davam edəcəyi qeyri-müəyyən olaraq qalır.

"Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə deyib ki, Masazır qəsəbəsindəki məcburi köçkün şəhərciyinin təbii qaz təchizatında heç bir problem yoxdur. Onun sözlərinə görə, hazırda məcburi köçkünlərin məskunlaşdığı bütün binalara və həmin binaları istiliklə təmin edən qazanxanalara normal qaydada təbii qaz verilir: "Əgər məcburi köçkünlərin məskunlaşdıqları binalarda istiliklə bağlı problem varsa, "Azəristiliktəchizat" ASC ilə əlaqə saxlasınlar. Çünki hazırda həm məcburi köçkünlərin məskunlaşdıqları binalara, həm də qazanalara təbii qaz verilişində heç bir məhdudiyyət yoxdur".


Bu gün, yanvarın 17-i  Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə P.Abbasov son söz deyib. O, prosesdə özünü günahsız hesab edərək məhkəmədən bəraət istəyib

Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə Rüstəm Orucova 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Məhkəmənin hökmü ilə digər təqsirləndirilənlər P.Abbasov və K.Vəliyevin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunublar.

Prokuror çıxışında Rüstəm Orucova 6 il, Kənan Vəliyev və Pərviz Abbasovun hər birinə isə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib.

Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarətində həbs olmayan qətimkan tədbiri seçilib.

R.Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini, general-mayor Novruzəli Orucovun oğludur. 

N.Orucov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.


Jurnalist Aydın Canıyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasova müraciət edib. 

Surəti Daxili işlər naziri, general-polkovnik Ramil Usubova, Yasamal RPİ 28-ci PB-yə və onlayn mediaya göndərilən müraciəti olduğu kimi dərc edirik: 

"Cənab general!

Sizə üç əsaslı amilə görə müraciət edirəm. Mən sadəcə qəbulunuza da yazılsaydım, bilirəm ki, qəbul edəcəkdiniz, amma və lakin… səbəb odur ki, bu müraciət xahiş və ya hansısa işgüzar motiv daşımır, sırf həyatımın təhlükədə olması ilə bağlıdır və bunu ictimailəşdirərək etməyimin nədənini açıqlayıram.

Əvvəla, niyə məhz Sizi seçməyimə aydınlıq gətirim:

Biz bir-birimizi üzbəsurət 2006-cı ilin fevralın 9-da aşura gecəsi tanıdıq: Lənkəran şəhər polis şöbəsinin rəisi olduğunuz otağınızda. Siz saat 18.00-dan gecə saat 00.30-a qədər mənim özümə gəlməyimi gözləmişdiniz. Ona qədər isə, yəni 11 gün əvvəl, 28 yanvarda mən "Geopolitika XXI əsr” qəzetində Sizi kəskin, bəzi məqamlarda Sizdən asılı olmayan məsələlərə görə sərt tənqid etmişdim. Məni dinlədiniz, ruhi-psixoloji halımı və sarsıntılarımı, şərəf və ləyaqətim uğrunda atdığım addımları nəzərə aldınız. Səmimi söhbət edib cəmiyyətin birgəyaşayış qaydalarına uyğun olmayan hərəkətimə görə mümkün olan ən yumşaq cəzanı verməklə – cərimə etməklə məni buraxdınız. Gecə saat 01.30 olardı. Qapıdan çıxanda Sizə minnətdarlıq etdim və üzrxahlıq edərək bir suala cavab verməyinizi istədim:

– Rəis, mən Sizi cəmi 11 gün əvvəl sərt və bəzi məqamlarda, belə deyək, haqsız tənqid etmişdim. İndi əlinizə düşmüşdüm, nəinki inzibati xətalar məcəlləsi ilə, hətta cinayət məcəlləsinin azadlıqdan məhrumetmə maddələrindən biri ilə də iş aça bilərdiniz, heç nə də edə bilməyəcəkdim, üzəduranlar da hələ də qapıdadı, niyə etmədiniz? Amma səmimi…

Ölkə prezidenti İlham Əliyevin portretinə işarə edərək:

– Cənab Prezident jurnalistlərlə humanist davranmağı tövsiyə və tələb edir!

Dediniz və mən heyrət etdim! Otaqda biz ikimiz idik: nə Az.TV-nin kameraları vardı, nə də ayrı biri. Siz – kəskin tənqid olunan rəis və mən – Sizi tənqid edən həmin jurnalist və həm də günahkar. Aradan cəmi 11 gün keçmişdi!

Bu mərdliyi – Azərbaycan kişisinin öz şərəf və ləyaqəti uğrunda bacardığı yollarla vuruşmasını anlamağınızı, əleyhdarınız olsa belə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyərək fürsətcillikdən yan keçməyinizi və qanunun maksimum islahedici hallarına üstünlük verməyinizi heç zaman unutmadım!

Sonra bu mərdliyi elə həmin fevralın 23-də – kişilər günündə də gördüm.

Sonra bu mərdliyi sonrakı ayın – martın 20-də də gördüm.

Sonra bu mərdliyi Siz 2006-2007-ci illərdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, 2007-2014-cü illərdə isə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifələrində çalışarkən də gördüm – ən müxtəlif qəzetlərdə Sizi dəstəkləyən, təbliğ edən yazılarla çıxış etdim, motiv bir idi: bu şəxs, yəni ki, Rafiq Abbasov olduğu hər yerdə hər bir azərbaycanlının təkcə konstitusion deyil, həm də milli-mental dəyərlərinin qoruyucusudur deyə! Amma heç vaxt Sizinlə görüşmədim! Mənə bəs edirdi: "poqon” – çin altında bir ləyaqətli Azərbaycan kişisi var və mən onu tanıyırdım!

Yəni bu iki amilə, – həm çin sahibisiniz, mənsub olduğunuz komandaya, onun rəhbərinə – Prezidentə sadiqsiniz, həm də milli-mental dəyərlər Sizin üçün önəmlidir, – görə Sizə müraciət edirəm.

Üçüncü amil isə odur ki… Sizə məhz DİN BAŞ KADRLAR İDARƏSİNİN rəisisiniz! Bu an buna məndən çox sevinən ikinci bir şəxs hətta özünüz deyilsiniz. Çünki Siz Baş Kadrlar İdarəsinin rəisi olmasaydınız, mən bu vəzifə sahibinə müraciət etməzdim. Sizə inanıram! Qəbul edib verəcəyiniz qərardan asılı olmayaraq!

Sizin qəbulunuzda olmaq, Sizi həqiqətlə tanış etmək və nəticəni gözləmək istəyirəm. Bilirəm ki, Siz həm cənab nazirə həqiqəti məruzə edəcəksiniz, həm də kişiliyə, qanunlara, polisliyə tüpürməsiylə məni Sizə müraciət etməyə məcbur etmiş Rahibin, – özünü ağdaşlı Ramin və polis işçisi kimi təqdim edən, +99455 247 80 16 saylı mobil telefon istifadəçisinin, – DİN sıralarında bundan sonra saxlanmasının məqsədəuyğun olmadığına əmin olacaqsınız!

Ən azından bu adam Azərbaycan əxlaqına, adət-ənənələrinə, kişiliyinə tüpürmüş biri olmaqla bərabər, həm də polis mundirini alçaldan məsuliyyətsiz biridir. Bunlar bir yana, bu adamın düşüncəsində və əxlaqında qanunların varlığına tüpürmək cəsarəti haracan desən var! Bax buna görə üzümü Sizə tutdum!

Mən təfsilatı Sizə burdan yazmıram. Özünüz oxuyacaqsınız onun yazdıqlarını – iyrənəcəksiniz belə birinin polis olmağından! Dinləyəcəksiniz danışdıqlarını, nifrət edəcəksiniz!

Mən sadəcə məlumat verirəm: 11 dekabr 2017-ci ildə gecə saat 03.00-04.00 radələrində həm sosial şəbəkədə mesaj bölümündə, həm də mobil telefonda həyatda heç vaxt görmədiyim, heç bir şəxsi qərəzim olmayan, heç bir halda kəsişmə nöqtəmiz olmayan Rahib adlı polis (həqiqətən də bu adamın adı Rahibdir və internet resurslarda nömrəsi axtarışa verilərkən adı elə də çıxır: "Rahib Polis”) məni və ailə üzvümü cinsi zorakılığa məruz qoyacağını bəyan etdikdə ilk olaraq onun mobil telefonuna mesaj yazıb Daxili Təhqiqat İdarəsinin onunla məşğul olacağıyla xəbərdar etdim. Hədələrini, təhqirlərini, aşağılayıcı ifadələrini, zorakılıq bəyanatlarını daha da artırdıqda isə 35 (otuz beş!!!) dəfə ona anlaşmaq üçün zəng etdim və son sözü bu oldu: "dalını dağıdaram”.

Gündüz DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun nömrəsini tapıb ona zəng etdim. Təxminən dörd dəqiqəlik danışığımız zamanı vəziyyəti izah etdim. Mənə 102 xidmətinə zəng vurmağın doğru yol olduğunu bildirdi.  102 xidmətinə zəng vurdum. 10 dəqiqə sonra +994557150349 nömrəli telefondan zəng olunaraq Yasamaldakı 28-ci bölməyə dəvət olundum. Getdim. İzah elədim. Ərizə aldılar. Bir həftə keçdi, xəbər olmadı. Yenə getdim. Bildirdilər ki, 15 günə cavab veriləcək – şifahi və yaxud yazılı. Yenə cavab verilmədi. Dekabrın 27-də, yəni vətəndaşların ərizə və şikayətlərinə 15 iş günü müddətində baxılması təlimatına uyğun olaraq, yenidən növbətçi hissəyə müraciət etdim. Ki… rəis, nə oldu, 15 iş günü də keçdi, alınmır??? Bu dəfə məni kirayə qaldığım sahə üzrə cavabdeh polis kapitanı Ərəstun Qurbanovla calaşdırdılar. O da bir həftə sonra məndən izahat aldı. Artıq bir aydan artıqdır ki, mənə heç şifahi şəkildə də bildirilməyib ki, kimdir bu Rahib, harada işləyir, soyadı nədir. Mən sadəcə bu adamın kimliyini ona görə bilmək istəyirdim ki, görüm doğrudanmı bu Rahib polis "hacıməmmədovluq” gücündədi ya yox! Və… Rahib polisə telefonda kimliyimi bildirdiyim kimi, Ərəstun Qurbanova da ətraflı məlumat vermişəm, tərcümeyi-halımı danışmışam, Rahiblə yazışmanı oxutmuşam və üstündən yenə də bir həftə keçib. Reaksiya sıfır!

Hörmətli general!

Nə polis Rahib, nə polis Ərəstun Qurbanov məni tanımır, tanımaq da istəmir və bilmirlər… amma Siz şahidsiniz və bilirsiniz, mən şərəf və ləyaqətim uğrunda hətta… cinayətə belə gözüyumulu atılıram!

Mənim həyatım ona görə təhlükədə deyil ki, Rahib arvadınımı, bacısınımı, kiçik qardaşının arvadınımı, – Sevgiladə Qənimət Zahidin üzünə durduğu kimi, – mənim üzümə durğuzacaq! Bilirəm, bu an əsəbləşirsiniz, amma onun yazdıqlarını oxuyanda mənim belə düşünməkdə nə qədər haqlı olduğumu görəcəksiniz: adam anasını-bacısını söydürüb söhbəti heç nə olmamış kimi davam etdirəcək qədər özünü buraxmış biridir!

Mənim həyatım ona görə təhlükədə deyil ki, Mirzə Sakit kimi yol gedəndə cibimdən narkotik maddə tapdıracaq bu Rahib polis – bu günün "Hacı Məmmədov”u. Bilirəm, yenə əsəbləşirsiniz, amma və lakin… yazdıqlarını oxuyanda görəcəksiniz ki, adam qanunları necə ayaqaltı bilir!

Adamın DİN-də daxili təhqiqat idarəsinin və mətbuat xidmətinin varlığından xəbəri yoxdu!

Mənim həyatım heç ona görə də təhlükədə deyil ki, bu Rahib polis Hacı Məmmədov kimi məni oğurlayıb, başıma mesajda yazdığı, telefonda söylədiyi oyunları açacaq!

Bütün bu şərləmələr və böhtanlar ola bilər və çox da mümkündür! Mən bunları təhlükə hesab etmirəm – oturmuşam evdə, heç hara çıxmıram!

Bəli, cənab general, doğru bildiniz, mənim həyatım ona görə təhlükədədi ki, mən şərəf və ləyaqətimi qorumaq üçün hətta cinayətə də əl ata bilərəm! Amma bu günə qədər mənim kimi çılğın adam Rahib polisin mənə və ailə üzvümə qarşı polisə yaraşmayan, azərbaycanlı kişisinə heç yaraşmayan təhqiredici, hədələyici, aşağılayıcı davranışına ona görə səbr edib (bəli! səbr etmişəm, peysərə verməmişəm), detektivlik etməmişəm ki, Siz varsınız!

Mən səbrimin son damlasıyla bu müraciəti yazıram və bəyan edirəm: bu andan Yasamal rayon 28-ci polis bölməsinin həyatıma yaranan təhlükənin qarşısını almaq üçün ASTAGƏLLİKLƏ addım atmasına görə onların qanunçuluğu qoruma missiyasından imtina edirəm, daha onların heç bir çağırışına cavab verməyəcəm, xahiş edirəm də ki, bunu polisin çağırışına cavab verməmək kimi qiymələndirməyəsiniz! Son sözüm isə budur: yalnız Sizinlə görüşdən sonra məsləhət bildiyiniz addımı atacam!

Xahiş edirəm, məni qəbul edin və oxuyun Rahib polisin yazdıqlarını, dinləyin dediklərini və DOĞRU, QƏNAƏTBƏXŞ qərarı verin!

Mən bir daha inanmaq və əmin olmaq istəyirəm: Siz hələ də Prezidentin "jurnalistlərlə humanist davranın” tövsiyə və tələbinə sadiqsiniz.

Prezidentin bu tövsiyə və tələbinə Yasamal RPİ 28-ci bölmədəki cavabdehlər əməl etmədi!

1516091147 2

 

 

 

 

 

 

 

 

 

 Hörmətlə və Sizə inamla:

Aydın CANIYEV

müstəqil jurnalist"


Prezident İlham Əliyev sabiq spiker İsa Qəmbərin həm ölkə daxilində, lazım gələrsə ölkə xaricində müalicə və əməliyyat olunması üçün bütün zəruri addımların atılması barədə müvafiq göstəriş verib. İ.Əliyevin göstərişini Siyavuş Novruzov mətbuata açıqlama verməklə bərabər, keçmiş baş nazir Pənah Hüseynə telefon açmaqla da çatdırıb.

Bu addım bir az təəccüblü və şübhəli görünsə də, normal qiymətləndirmək olar. Çünki, həm insanlıq baxımından, həm də dövlətçilik təcrübəsinə görə belə davranışlar təqdirəlayiqdir.

Mən də təqdir edirəm. Və hətta belə addımların daha öncədən atılmasını istərdim. Lakin İlham Əliyev dövründə dövlət adından müxalif düşüncə sahiblərinə qarşı nəinki xoşməramlı addım atılmayıb, əksinə işıq düşən bütün dır-deşiyi slikonla bağlayıblar. Buna görə, ağacda iki sərçə olmasa ... daş atmaz məsəli, yada düşür və lazımın gəlməyini gözləyən “göstəriş”in hansı məqdəslərlə verildiyi adamı düşündürür. Bunu da boş verirəm, hər halda göstəriş var. Ümid edirəm ki, rejimin ətəyi cırılıb, bir-iki daş düşüb.

Müsavat Partiyası da, cırığ ətəydən tökülən daşların səsini duyar duymaz, məlum göstərişi qürurdolu açıqlama ilə cavablandırdı. Bu da, mətbuatda var.

Ona görə qürurdolu ifadəsini işlətdim ki, dövlət adından təklif olunan yardımda İsa Qəmbərə qarşı bir az aşağılayıcı mövqe görünür.    

 S.Novruzovun açıqlaması belədir: “... Azərbaycan prezidenti İlham Əliyev, o cümlədən birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondu ölkə vətəndaşlarının müalicəsi, həmçinin, xaricdə müalicəsinə ehtiyac olan zaman müvafiq dəstəyin göstərilməsi ilə bağlı addımlar atır. Kimliyindən asılı olmayaraq, müraciət edən bütün Azərbaycan vətəndaşlarına – istər incəsənətdə, istər siyasətdə, istər digər sahələrdə çalışan şəxslər olsun – müvafiq dəstək göstərilir. İsa Qəmbər də Azərbaycan vətəndaşıdır. Onun müalicəsinə dəstək verilməsinə ehtiyac olacaqsa, dövlət bu sahədə hər cür dəstək verəcək”.

Bu açıqlama prezidentin göstərişi kimi təqdim olunsa da, daha çox İsa Qəmbərin, müalicə olunması üçün kiməsə yalvarmağa məcbur edilən çarəsiz vətandaşlarla bir cərgədə tutulduğu anlaşılır. Açıqlamadan başa düşülür ki, İsa Qəmbər incəsənət adamları və sair kimi Heydər Əliyev Fonduna məktub yazsa, Fond da onun müraciətini nəzərə alar. Hə, bax onu bilmirəm ki, Novruzov telefonda Pənah Hüseynə nə deyib, “göstəriş”in qarşılığında nə istəyib və sair.

Elə anlaşılmasın ki, mən insanlar arasında bölücülük aparıram və kimlərəsə xüsusi imtiyaz verilməsinin tərəfindəyəm. Hesab edirəm ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, hər bir vətəndaş arxasında dövlətinin qayğısını hiss etməlidir. Rejim isə dövlət qayğısını şəxsi maraqlarına peşkəş edib. İsa bəy ölkənin siyasi tarixində adını qeyd etdirən, sabiq spiker və siyasi xadimdir, strategiyasından asılı olmayaraq. Əgər rejim belə bir şəxsin xəstələnməsindən sui-istifadə edərək, dövlət qayğısını yalvarış dolu müraciətlə şərtləndirirsə, sıravi vətəndaşların halını təsəvvür etmək çətin olmur. Vətəndaşların vəziyyəti dəhşət saçır. Rejim başbilənlərində bir az vicdan olsa, səfil gününə salınmış millətin xəstəxana dəhlizlərini bürüyən ah-nalələrində boğularlar.

Allah tezliklə İsa Qəmbərə şəfa versin! 

maxresdefault 1

 

 

 

 

 

 

 

Cavid Cabbarlı

İlahiyyatçı, jurnalist


Azərbaycan Milli Elmlər Akademiyasının alimləri elə bil dilimizin qəsdinə durublar.

Bunu yazıçı, millət vəkili Aqil Abbas deyib.

"İndi də yeni bir Orfoqrafiya lüğəti tərtib edirlər, məsələn, "qəşəng” sözü "qəşənk” yazılmalıdır. Niyə, qaqa, "k”la yazanda hamımız "qəşənk” olacağıq? Nə bilim, day bir də hansısa hərfləri dəyişirlər” – deyən millət vəkilinin sözlərinə görə, orta məktəblərimizdə müəllimlərimiz "qəşəng” sözünü uşaqlara heç "qəşəng” kimi öyrədə bilmirlər, bir imla yazdırılsa, 80 faizində yüz orfoqrafik səhv tapılar.

"İndi də "qəşənk” yazmağı öyrədəcəyik. Nə bilim iki samitin biri düşməlidi, "ədəbiyyat” yox, "ədəbiyat” yazılmalıdı, "riyaziyyat” yox, "riyaziyat” yazılmalıdı. Deməli, adında iki samit olanlar gedib pasportlarını, şəxsiyyət vəsiqələrini dəyişməlidirlər də?! Məsələn, "Məhərrəm” yazılmalıdır "Məhərəm”, adam da səhv elədi ortadakı "ə”ni yedi "Məhərəm” oldu "Məhrəm” Məsələn, "eşşək” sözünü "eşək” yazmalıyıq. "Eşək” hara, "eşşək” hara?! Hələ elə adamlar var ki, onlara "eşşək” deyəndə də ürəyin soyumur, üç "ş”la deyəndə ləzzət eləyir.

Hörmətli, alimlər! Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan dilinin inkişaf etdirilməsi ilə bağlı sərəncam verib, başına oyun açılması ilə bağlı yox. İndi iki samitdən birini ixtisar etsək, onda Azərbaycan Milli Elmlər Akademiyası day indən belə Azərbaycan Mili Elmlər Akademiyası yazılacaq? Mən ölüm, nə təhər dedim?! Qəşşənggg! Üzr istəyirəm, qəşənk!

Hörmətli alimlər, imkan tapanda Vaqifi, Süleyman Rəhimovu, Səməd Vurğunu təzədən bir oxuyun. O qədər unutduğumuz söz tapacaqsınız ki, özü də təmiz Azərbaycan dilində! Yox, əgər buna imkanınız yoxdusa, onda heç olmasa xarici işlər nazirimiz Elmar Məmmədyarovu məsləhətçi kimi Akademiyaya dəvət edin” – deyə, A. Abbas sözlərinə əlavə edib.


9 -dən səhifə 228