Javid Jabbarli

Javid Jabbarli


Quranın baharı olan Mübarək Ramazan ayının birinci günü Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin iştirakı ilə “Qurani-Kərimlə ünsiyyət” adlı üç saatlıq nurani bir məclis keçirilib.

Ayətullah Xamenei bu mərasimdə Quran çıxış edib və bildirib ki, mübarək Quran toxumu bu torpağa səpilmişdir. Bu gün ölkənin ümumi mühiti Quranla tanışdır. Ölkənin ayrı-ayrı yerlərində uşaqlar və gənclər Quranla ünsiyyətdədir. Halbuki tağut dövründə ölkənin ümumi mühiti Qurana qarşı biganə idi.

Ayətullah Xamenei qeyd edib ki, ölkənin Qurana əsaslanan hərəkətində nailiyyətlər əldə edilməsi İnqilabın və İslam dövlətinin hünəridir: “Bu nailiyyətlərin olmasına baxmayaraq, hələ də yolun başındayıq. Quran məclisləri, Quranla ünsiyyət və ümumxalq düşüncəsinin Quran əsaslı zehniyyətə çevrilməsinə bir giriş olmalıdır”.

Ayətullah Xamenei bildirdi ki, Quranla ünsiyyət bəşəriyyətin həyatla bağlı suallarına düzgün cavablar tapılmasına səbəb olur: “İdeallara doğru hərəkət edən bir cəmiyyətdə ortaya davranış və münasibətlərin keyfiyyəti, mövqelər, dostluqlar və düşmənçiliklərin növü, dünya həyatına dair işlərə münasibətin hansı formada olması ilə bağlı minlərlə sual çıxır. Quranın bütün bu suallara cavabı var”.

Ayətullah Xamenei vurğuladı ki, müasir dünyanın bədbəxtliyi və doğru yoldan sapmasının səbəbi bu suallara verilən yanlış və nadürüst cavablardır: “Allah insanları qarşılıqlı ünsiyyət qurmaq, bir-birlərini sevmək və bir-birlərinə yardım göstərmək üçün yaratmışdır. Ancaq bu gün dünyanın hər yerində müharibə, münaqişə, qorxu və azğınlıq var”.

O bildirdi ki, bu problemlərdən xilas yolu Quranın bələdçiliyindədir: “Təəssüflər olsun ki, bu gün İslam cəmiyyəti digər cəmiyyətlər kimi problem içindədir. Səudiyyə dövləti kimi dövlətlər də bəzi müsəlman cəmiyyətlərinin taleyi nalayiq insanların əlinə keçmişdir”.

Ali Rəhbər qeyd etdi ki, belə bir vəziyyətin yaranmasının səbəbi iman və Quran həqiqətlərindən uzaq düşməkdir: “Bu insanlar üzdə Qurana inanır, hətta Quranın milyonlarla nüsxəsini çap etdirir. Ancaq əməldə Quranın göstərişinin əksinə davranır, kafirlərlə ünsiyyətdə olur, öz xalqlarının həyat səviyyəsini yaxşılaşdırmaq üçün sərf olunmalı olan sərvəti kafirlərə və xalqın düşmənlərinə verirlər”.

Ayətullah Xamenei bildirdi ki, bəzi mürtəce dövlətlər pul qarşılığında İslam düşmənlərinin onlarla səmimi münasibət yaradacağını düşünür. Ancaq o, bunun xam xəyal olduğunu dedi: “Həqiqət ondan ibarətdir ki, heç bir səmimiyyət yoxdur. Amerikalılar özləri də dedikləri kimi, onları sağır və sonda başlarını qoparacaq”.

Yəmən və Bəhreyndəki anti-dini davranışlara toxunan Ayətullah Xamenei xatırlama verdi ki, Quran batilin məhv olacağı ilə bağlı vəd vermişdir: “Müsəlmanlara qarşı bu cür davranan şəxslər batildir, batil isə mütləq süqut və tənəzzülə uğrayacaq. Əlbəttə, onun nə zaman məhv olacağı möminlərin necə əməl edəcəklərindən asılıdır. Əgər mömin cəmiyyət doğru-düzgün əməl etsə, batilin məhvi daha tez baş verəcək”.

Ali Rəhbər bildirdi ki, gələcək İslam, Quran və mömin gənclərindir: “Allah vəd verib ki, gələcək möminlərin və Onun yolunda cihad edənlərindir. Hətta bu vəd olmasaydı belə, İran xalqının keçən qırx ildəki təcrübələrinə əsasən bu proqnoz məntiqli və doğru görünür”.

Ayətullah Xamenei pəhləvi rejimi ilə amerikalıların çox yaxın münasibətlərinə işarə edərək dedi: “Ölkəmizdə elə bir hökumət hakimiyyət başında olub ki, amerikalılar açıq şəkildə onu özlərinin Fars körfəzindəki jandarmı adlandırırdı. Ancaq bütün bu beynəlxalq dəstəklərə baxmayaraq, İran xalqı özünün iman gücü, mübarizə və fədakarlığı ilə o rejimi süquta uğratmağı və yerində imperialist güclərin hətta görməyə belə taqətləri olmadığı İslam Respublikasını qura bildi”.

Ayətullah Xamenei qeyd etdi ki, bu qiymətli təcrübə haqq cəbhəsinin qalibiyyətinin mühüm bir göstəricisidir.

O, habelə Qurani-Kərimin “Əgər imanınız olsa, üstünsünüz” ayəsinə işarə edərək dedi: “İman yolunda güclü, açıqsözlü və qətiyyətli olun. İsrarla bəyan edirəm ki, İslam prinsiplərini bəyan edərkən millətin hər bir üzvü və dövlət rəsmiləri açıqsözlü olsun. Beynəlxalq əlaqə və münasibətlərin inkişafı əsas və prinsiplərin açıq şəkildə qeyd edilməsi ilə heç bir təzad təşkil etmir. Əməl meydanına daxil olmaq və Allaha təvəkkül etmək lazımdır”.

Ayətullah Xamenei İran xalqının təcrübəsi və məcburi müharibə zamanı əldə edilmiş qələbəyə işarə edərək dedi: “Xalq məcburi müharibədə əliyalın qalib gəldi. Xalq siyasi və beynəlxalq məsələlərdə təcrübəsiz olmasına baxmayaraq, düşmənlərin hiyləsi üzərində qələbə çaldı, Xalqımız 40 ildir ki, hər tərəfdən ona doğru qılınc çəkmiş və maddi cəhətdən güclü olan bir cəbhə ilə qarşı-qarşıyadır. Bu təcrübələr göstərir ki, güclü, şərəfli və uğurlu inkişaf yolu Quranla ünsiyyətdədir”.

Quran məclisləri və dərslərinin keçirilməsinin zəruriliyini vurğulayan Ayətullah Xamenei bildirdi ki, Quranın tilavəti məsələsi onun mənaları və məzmunları ilə birlikdə diqqət mərkəzində olmalıdır: “Quranın tilavəti zamanı zil, bəm və səs ahəngi məna və məzmunları dinləyiciyə ötürə biləcək şəkildə olmalıdır. Buna görə də Quranla daha çox ünsiyyətdə olub onun dilini öyrənmək lazımdır”.

Görüşün sonunda Ali Rəhbərin imamətilə Məğrib və İşa namazları qılındı.


Zərdüşt Əlizadə: “Azərbaycan bir-neçə oliqarxın arasında bölünüb”

Azərbaycan hakimiyyəti dünyanın məşhur idman oyunlarına ev sahibiliyi etməsi ilə öyündüyü bir vaxtda 75 yaşlı qarı əlindəki süpürgə ilə paytaxt Bakının mərkəzi küçələrindəki yağışın suyunu ölüm-zülümlə süpürür.

Rəsmi Bakı ağlasığmaz məbləğləri neçə-neçə idman oyunlarına ev sahibliyi etmək üçün göyə sovurduğu bir vaxtda bəlli olur ki, talassemiya xəstəliyinin yayılma tezliyinə görə Azərbaycan Rusiyadan öndədir.

Vetenugrunda.az-ın müsahibi tanınmış politoloq, şərqşünas alim Zərdüşt Əlizadədir. Söhbətimizə ölkəmizdə keçiriln islamiadadan və onun gətirə biləcəyi “həmrəylikdən” başladıq.

İlk sualımız da elə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları ilə bağlı oldu. Bəli, paytaxtımız növbəti idman oyununa milyonları xərclədi bəs qazanan kim oldu?

-İslam ölkələrinin həmrəyliyi şərəfinə təşkil edilən idman oyunları ideya baxımından çox cazibədar və önəmlidir. Çünki islam ölkələrinin həmrəyliyə ehtiyacı var. Bu gün islam ölkələri bir-biri ilə vuruşur. Ərəb ölkələrinin rəhbərləri öldürülür, ölkələri parçalanır və müsəlman dünyası əlini açıb dünya güclərindən sədəqə diləyir.

Fələstin işğal altındadır, Liviya, Suriya, İraqda insanlar terrorla öldürülür, torpaqları parçalanır.

Amma bütün hallarda böyük maliyyə tələb edən islam həmrəylik oyunlarının Azərbaycanda keçirilməsi alqışlanası deyil. Çünki Azərbaycanın sənayesi, iqtisadi durumu çox ağır vəziyyətdədir.

-Bəziləri iddia edir ki, belə oyunları keçirməklə Azərbaycanda turizm sahəsini inkişaf etdirirlər.

-200 milyon xərcləyib, bir-neçə milyon qazanmaqla turizimi inkişaf etdirmək olmaz.

Ölkədə turizimi inkişaf etdirməkdən ötrü birinci növbədə, qiymətlərin ucuzluğu vacibdir. Türkiyədə və ya Gürcüstanda turizmin inkişafına da bu ucuzluq əsas rol oynayır.

Eyni zamanda Azərbaycanda inhisarlar imkan vermir ki, turizm sahəsində rəqabət güclənsin. Hamı yaxşı bilir ki, Azərbaycan bir-neçə oliqarxın arasında bölünüb. Onlar da yalnız və yalnız yüksək gəlir haqqında düşünürlər bu yüksək gəliri də bahalı qiymətlər hesabına əldə etmək istəyirlər. Buna görə də Azərbaycanda turizm yaxın vaxtlarda inkişaf etmiyəcək.

-İslam həmrəyliyi oyunlarının keçirildiyi ölkəmizdə dindarlar günahı olmadan həbs edilir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən “Nardaran işi” prosesində iştirak edənlər də görür ki, ortaya konkret dəlil qoymadan dindarları ittiham edirlər. Çox gülünc məhkəmə prosesi keçirilir. Dindarların üstünə böhtan atıb 20 il həbs cəzası verirlər.

-Azərbaycanda hər şey məzhəkədir. Azərbaycanın müstəqilliyi də məzhəkədir.  Prezidentimiz tez-tez çıxışlarında deyir ki, Azərbaycan qüdrətli dövlətdir, qüdrətli ordusu var. Ermənilər 20-ildən çoxdur torpaqlarımızı alıb, biz də dilənçi kimi düşüb böyük ölkələrə yalvarırıq ki, erməniləri çıxardın torpaqlarımızdan. Əgər qüdrətli orudumuz varsa, emənilərdən torpaqlarımızı niyə geri almırıq?

Azərbaycan kimi kiçik ölkələrdə müstəqillik olmur. Kiçik dövlətlər hər zaman böyük dövlətlərdən asılı olub. Aslılığın həcmi var, bir də ləyaqəti. Elə Avropa dövlətləri var ki, onlar balaca dövlətlərdi, buna baxmayaraq, Avropa Birliyində veto hüququna malikdirlər. Onların nüfuzu var. Biz adımızı qoymuşuq qoşulmamış, bitərəf, asılı olmayan ölkə. Əslində Azərbaycan İrandan da, Türkiydən də, Rusiyadan da, Fransadan da aslıdır. Ən əsası isə beynəlxalq maliyyə oliqarxiyasından aslıyıq. Çünki bizim dövlətin başçılarının bütün pulları Qərbdədir. Öz övladlarının da gələcəyini Azərbaycanla deyil, Qərblə bağlayıblar.

Bu baxımdan bizim hakimiyyətimiz məhz Qərbə xoş gəlmək və xalqı itaətdə saxlamaq üçün inanclı insanları əzirlər, həbs edirlər, təqib edirlər. Amma dövlət başçıları həcc ziyarətinə gedirlər, dua edirlər.

-Aprel döyüşlərindən sonra bəlli oldu ki, ordumuzda ermənilərə cəsusluq edən xeyli hərbiçimiz var imiş. Bu barədə ölkənin 2 rəsmi qrumu da açıqlama verdi.

Artıq vətənə xəyanətdə ittiham edilən beşinci hərbiçini də xəlvətcə evdən aparıb, öldürüb və gətirib xəlvətcə məzarlıqdan kənarda dəfn ediblər. Bu adamları öldürməzdən öncə dəhşətli işgəncə verildiyi deyilir. Əslində vətənə xəyanət edənlərin açıq məhkəmə keçirilmədən xəlvəti öldürülməsi qanuni baxımdan nə dərəcədə düzgündür?

-Azərbaycan Konstitutsiyasında yazılıb ki, heç bir kəs məhkəmənin qüvvəyə minmiş hökmü olmadan müqəssir sayıla bilməz. Bu hüquqi dövlətin əlifbasıdır. Əgər hər hansı şəxslə bu şəkildə rəftar edilmirsə, deməli dövlət yoxdur. Məhkəmənin hökmü olmadan bir vətəndaşı döyüb öldürürlərsə, deməli bu dövlət deyil, cinayət yuvasıdır.

Deməli, Hacı Məmmədov məhkəmənin qərarı olmadan insanları öldürürdü, o, qatil idi. Məhkəmənin qərarı olmadan vətəndaşı öldürən dövlət də gəlib Hacı Məmmədovun səviyyəsinə enir. Əgər həqiqətən də vətənə xəyanət ediblərsə o zaman açıq məhkəmə keçirilsin, kim istəsə gəlib otursun, izləsin,  xalq da nümunə götürsün. Hətta 37-ci ildə belə məhkəmələr keçirilirdi, xaricdən jurnalistlər gəlib iştirak edirdi. Böyük hay-küylü məhkəmələr gedirdi. Yüksək vəzifəli şəxslər, inqilabın başında duranlar ittiham edilirdi. Amma bu xəlvəti olmurdu.

-Beyləqanda kənd camaatı vətənə xəyanətdə ittiham edilən həmkəndlilərinin kənd qəbirstanlığında dəfn edilməsinə etiraz ediblər. Cəmiyyətin kor-koranə belə amansız qərar verməsi nəyin nəticəsidir?

-Heç vaxt bizdə hökumət cəmiyyətlə hesablaşmayıb. Çünki hökumət nə deyibsə, cəmiyyət də onu təsdiqləyib. Bir nümunə çəkim. Jurnalistlər Qarabağla sərhəd kəndlərindən birində müsahibə götürür. Kənd sakini ermənini söyür, işğalçı adlandırır. Qəfil jurnalist bu adama sual verir ki, bəs ermənilər birgə yaşamağa hazır olsalar, o zaman necə yanaşarsız? Bayaq ermənini söyən adam deyir ki, cənab prezident, ali baş komandan nə desə biz onu da etməliyik. Yəni bizdə insanların nifrəti də, sevgisi də yuxarıdan idarə olunur. Əgər “filankəsi burada basdırmağa icazə vermirik” deyən kənd camaatına biri yuxarıdan gəlib desə ki, bu hökumətin qanunudur, bu adam burada dəfn olunmalıdır o zaman hamı susacaq.

- Keçmiş müdafiə naziri Rəhim Qazıyev müsahibələrindən birində deyir ki, 11 il Azərbaycanın müdafiə naziri vəzifəsini tutan Səfər Əbiyev 100 əsgəri, 12 tankı düşmənin qabağında atıb qaçdıqdan sonra Bakıya gəlib müdafiə naziri oldu. Maraqlıdır, necə olur ki, 100 əsgəri qırğına verən Səfər Əbiyev bu əməlindən sonra nazir olur, amma hansısa zabit vətənə xəyanətdə ittiham olunur, gecəynən qəil evindən aparılır və xəlvətcə öldürüb, xəlvətcə dəfn edirlər?

-Əslində vətənə xəyanət edənlər cəzalandırılmır Azərbaycanda. Sənin vətənin işğal altındadır, amma məmurlar ərəb əmirləri kimi yaşayır, üstəlik, “Şöhrət” ordeni d alırlar.

Qırmızıbazar əməliyyatında yüzlərlə Azərbaycan əsgəri şəhid edildi, amma bu gün də bu əməliyyatın səsi çıxmır, Daşaltı əməliyyatında 36 əsgərimiz şəhid edildi elə haray-həşir saldılar ki. Çünki bütün bunlar böyüklərin oyunudur.

Bişkek protokolundan sonra bəlli oldu ki, Qarabağ münaqişəsi 14 min azərbaycanlının həyatına son qoyub. Topaqlarımızı işğal edən ermənilər isə 6 min itki veriblər. Amma bu 14 mini xatırlayan yoxdur, 36 nəfərdən yapışıblar. Çünki hakimiyyət naminə hər cür alçaqlığa əl atırlar.

-ABŞ prezidenti Səudiyyə Ərəbistanında səfərdə olduğu bir vaxtda Səudiyyə kralı 55 ölkənin başçılarını ətrafına topladı. Eləcə də Azərbaycan prezidenti bu görüşdə iştirak etdi.

-Əslində Səudiyyə Ərəbistanının kralı özünü Trampa göstərmək üçün 55 ölkənin başçılarını toplamışdı ki, yəni mən təkcə Səudiyyənin kralı deyiləm, eyni zamanda bunlar da mənim vassallarımdı, bunlar da mənə beyət edir.

-Səudiyyə Ərəbistanı ilə hökumətimizin arasındakı münasibətlərin artmaqda olan inkişafı Azərbaycana nə verə bilər, bu inkişaf bizim üçün nə dərəcədə faydalıdır?

-Səudiyyə Ərəbistanı dünyada vəhabi müsəlmanlarının başçısıdır. Məsələn, vəhabiləri qısqırda bilər hansısa dövlətə qarşı, terroru orda rəva görə bilər. Azərbaycanda terroru qadağan edə bilər. Eyni zamanda biznes maraqları var.

1992- ci illərin əvvəlində İslam Təşkilatı Ölkələri İranın təklifi ilə Ermənistanı təcəvüzkar dövlət elan etmişdi. O zaman Səudiyyə Ərəbistanı bu bəyanatda iştirak etməmişdi.

-Amma bizim media iddia edir ki, İran Ermənistan münasibətləri nə qədər sıx olsa da Səudiyyə Ermənistan münasibətləri çox soyuqdur və Səud rejiminin bu soyuqluğu məhz Azərbaycana görədir.

-Mühüm olan və olmayan amillər var. Ermənistan Qarabağı işğal edəndə ona Səudiyyənin və ya Pakistanın onu tanımaması məgər mane olurdu? Yox. Ermənistan o dövürki Azəbaycan hakimiyyətinin və Rusiyanın hesabına Qarabağı işğal edib. Ermənistan Səudiyyədən aslı deyil. Çünki Ermənistanda 5 min həbrbiçinin olduğu Rusiya ordusu var, sərhədlərini Rusiya qoruyur, ordusuna Rusiya nəzarət edir. Eyni zamanda xarici siyasətini də Rusiya təyin edir. Yəni Səudiyyənin onu tanıyıb tanımaması önəmli deyil.

Bütün bunlar xalqı aldatmaq üçün uydurulmuş cəfəngiyyatdır.

İran Azərbaycana Qarabağ müharibəsinin ilk günlərindən silahla, canlı qüvvə ilə, yardım edirdi. Eyni zamanda siyasi cəhətdən kömək edirdi. Amma İran gördü ki, Azərbaycan hökuməti xalqı, torpağı, islamı deyil cibini düşünür, üstəlik, Qərbə xoş gəlmək üçün İranı pisləyir. İran da buna görə gedib Ermənistanla normal iqtisadi ticari münasibətlər qurdu. Elə münasibətlər qurdu ki, Ermənistanın ağır günlərində Ter Petrosyan demişdi ki, İran bizim üçün bir nəfəslikdir. Bunun isə səbəbi Əbülfəz Elçibəylə, Heydər Əliyevin apardığı anti İran siyasəti idi. Biz İranın bizim hökumətin şıltaqlıqlarına sonsuza qədər dözəcəyini gözləyirdik. Bu mümkün deyil.

Məsələn, Azərbaycanın İranda vaxtilə səfiri olmuş, mərhum Əliyar Səfərli orada viza və mebel alveri ilə məşğul olurdu. Digər səfir Nəsib Nəsibli isə İranda inqılab etmək istəyirdi. Azərbaycan hökuməti qəsdən İrana elə adamları səfir təyin edir ki, münasibətlər korlansın.

Arzu Abdulla


Qalibləri müqəddəs məkanların ziyarəti, pul mükafatları və qiymətli hədiyyələr gözləyir

Dünya müsəlmanlarının ilk qibləsi olan müqəddəs Qüds şəhəri uzun illərdir ki, sionizmin işğalı altındadır. Təcavüzkarlar nəinki müsəlmanların Əl-Əqsa məscidinə - Həzrət Peyğəmbərimizin merac etdiyi məkana girişinə, orada ibadətlərinə imkan vermir, hətta dini-tarixi məkanları gizli-aşkar yollarla söküb dağıdır, yerlə-yeksan edirlər.

Bu hadisələrin unudulmaması və insanların öz haqları uğrunda mücadiləyə səfərbərlikləri üçün, eləcə də dünyada məzlumların zalımlara qarşı mübarizəsinin simvolu kimi, İslam inqilabının şanlı banisi Seyid Ruhullah Xomeyni Musəvi (r.ə) mübarək Ramazan ayının son cüməsinin “Qüds Günü” elan olunması barədə tövsiyyə buyurub.

“Qələm” Yazarlar Birliyi də Qüds Günü ilə əlaqədar yazı müsabiqəsi elan edir.

Müsabiqədə hər müəllif 9-12 min kompüter işarəsi həcmində, indiyədək yayımlanmayan bir məqalə ilə iştirak edə bilər. Seçim zamanı materialların məzmunca orijinallığı və əhatəliliyi, faktlarla zənginliyi, “Qüds Günü”nün mahiyyətinə, fəlsəfəsinə necə nüfuz edə bilməsi əsas götürüləcək.

Mükafatlar: I yer – 300 manat; II yer 250 manat; III yer – 200 manat; bundan əlavə fərqlənən 5 məqalənin hər birinə 100 manat. Qalibləri müqəddəs məkanların ziyarəti və digər hədiyyələr də gözləyir. Bəyənilən yazılar dövri mətbuatda və sosial şəbəkələrdə təqdim olunacaq.

Məqalələr bu ünvana göndərilməlidir: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Müsabiqəyə iyunun 10-da yekun vurulacaq. Uğurlar arzulayırıq!

“Qələm” Yazarlar Birliyi  


Azərbaycana sığınan və bir müddət sonra Eynulla Fətullayevin Haqqin.az saytında xüsusi müxbir kimi işə başlayan Vahan Martirosyanın erməni xalqından üzr istəməsinə “Virtualaz.org” (E.Fətullayevin digər saytı) reaksiya verib.

Sayt Ermənistanda təqib olunduğu üçün təxminən iki il əvvəl Azərbaycana sığınan və Haqqin.az saytı üzərindən Serj Sərkisyanın cinayətkar rejimini ifşa edən, Bakıda Xocalı abidəsi qarşısında baş əyib bu insanlıq cinayətinə görə ermənilər adından üzr istəyən Vahan Martirosyanın dünən “peşmançılıq bəyanatı” yaymasını “erməni olduğunu” dərk etməsi, "əsl erməni kimi hərəkət etməsi" olaraq vurğulayıb.

Bildirilib ki, Vahan Martirosyanın bu hərəkəti gözlənilməz deyildi. Buna baxmayaraq, sayt Martirosyanın əsl erməni sifətinin nə zamansa üzə çıxacağını bildiyi halda Azərbaycanın ona niyə sığınacaq verməsinə diqqət çəkib.

“Haqqin.az saytı bu erməni ilə niyə əməkdaşlıq edirdi və ona Ermənistan rejimini ifşa etmək üçün məmnuniyyətlə tribuna verirdi? Martirosyanın “Sülh platforması” adlı vətəndaş cəmiyyəti təşəbbüsünə cəlb edilməsi yanlış idimi?” – deyə sayt özünə sual verib.

Və həmin sorğulara Martirosyanın kimliyini xatırlatmaqla cavab axtararaq onun Ermənistan hakimiyyətinin amansız təqiblərindən şikayətləndiyini bildirib və bunun inandırıcı olduğunu yazıb:
“Lakin Ermənistan mənbələrində o da göstərilirdi ki, Vahan Martirosyan Sərkisyanın rejiminə qarşı çıxsa da, özü də mənəviyyatca kifayət qədər alçağın biridir. Onunla qohumları arasında münaqişə, düşmənçilik var və əslində Martirosyan ailəsi daxilində baş verənləri uğurla siyasiləşdirərək hakimiyyətin təqibləri ilə üzləşdiyi barədə rəy formalaşdırmağa çalışıb. Erməni mənbələrində onu da göstərirdilər ki, Martirosyan hətta öz oğlunu zorlamaq cəhdinə əl atacaq qədər alçağın biridir”

"Şübhəsiz ki, həm haqqin.az və virtualaz.org saytlarının redaksiyasında, həm Martirosyanla işləyən digər instansiyalarda onun erməni olduğunu heç kim yaddan çıxarmamışdı. Axı o hansı ermənidir ki, xislətində xəyanət, məkr olmasın və çörəyini yediyi ölkəyə, xalqa əlinə düşən ilk fürsətdə düşmən kəsilməsin, onun torpağına göz dikməsin? Belə erməni yəqin ki, yoxdur və olmayacaq!” – sayt vurğulayıb.

Amma qeyd edək ki, hazırda da haqqin.az saytında erməni mənşəli yazarlar var və buna etiraz edən Qarabağ Azadlıq Hərəkatının sədri Akif Nağını Eynulla Fətullayev ən ağır sözlərlə təhqir etmişdi.

Xatırladaq ki, Eynulla Fətullayevin haqqin.az saytında xüsusi müxbir işləyən Vahan Martirosyan dünən bir video paylaşaraq, bütün erməni xalqından üzr istəyib və Azərbaycan haqqında ağır ittihamlar irəli sürüb.


Bu gün Azərbaycan İslam Partiyasının Təşkilatçılığı ilə 12 saylı Cəzma Çəkmə Müəssisəsində saxlanılan partiya lideri Mövsüm Səmədovun təzyiqlərə məruz qalması və həyatının təhlükə ilə üzləşməsi ilə bağlı dəyirmi masa keçirilib

İslamiSesi xəbər verir ki, tədbirdə AİP rəhbərliyi, ölkə ruhaniləri, hüquq müdafiəçiləri, siyasi xadimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbir müqəddəs Qurani-Kərimin oxunuşu ilə açıq elan edilib. 

 İlkin olaraq çıxış edən AİP funksioneri Akif Heydərli bildirdi ki, AİP lideri Mövsüm Səmədov təzyiqlərə və təhdidlərə məruz qalması belə bir toplantının keçirilməsini zəruri edib. Mövsüm Səmədovun 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə etdiyi tənqidi çıxışına görə qondarma ittihamlarla 12 illik həbs cəzasına məhkum olunduğunu söyləyən Akif Heydərli,  AİP liderinin yüksək intellektə, elmə və mənəvi şəxsiyyətə sahib insan olduğunu bildirdi: “Mövsüm Səmədov həbsə edildiyi gündən bu günə qədər 28 dəfədən çox karserə salınmış və 2 il Qapalı Tipli Həbsxanada saxlanılmışdır. Görünən budur ki, onu günahsız yerə həbs edənlər bununla kifayətlənməyib, daha da qabağa getmək fikirindədirlər. Baş verənlərin hamısı Mövsüm Səmədova qarşı qərəzdən və onun haqq mövqeyindən çəkilməməsi ilə bağlıdır. Onun artıq ölümlə təhdid edilməsi məsələsi bizləri də narahat edir və bununla bağlı aidiyyəti qurumların təcili tədbirlər görməsini tələb edirik.”

Sonra çıxış edən AİP-in sədr əvəzi Hacı İlham Əliyev ilk öncə Ramazan ayının gəlişi ilə bağlı bütün müsəlmanları təbrik etdi və qonaqları bir qədər məhdud və çətin şəraiti olan yerdə qəbul etdikləri üçün üzrxahlıq etdi.

Hacı İlham Əliyev bildirdi ki, öz fikirlərini və düşüncələrini ifadə etmək üçün bu günə qədər bir neçə yerdə tədbir etməyə cəhd etsələr də hökumət tərəfindən süni maneələr yaradılaraq qarşısı alınıb: “Artıq öz fikirlərimizi və sözümüzü sivil və dinc yolla bəyan etməyə də imkan verilmir.”
AİP lideri Mövsüm Səmədova qarşı edilən təzyiqlərin olduqca gülünc və dözülməz bir həddə çatdığını söyləyən Hacı İlham Əliyev, “bu hadisələr və olaylar elə bir ildə baş verir ki, məhz həmin ili “İslam Həmrəylik” ili elan ediblər. Artıq Mövsüm Səmədovun canının təhlükədə olması müzakirə mövzusuna çevrilib. İndiyə qədər Mövsüm Səmədovun karserə salınması və ya Qobustana göndərilməsi müxtəlif saxta bəhanələrlə həyata keçirilirdisə, indi artıq bu qaydaları dəyişib AİP liderinin həyatı məsələsini gündəmə gətiriblər”, - deyə bildirdi: 

“Belə bir halın baş verməsi olduqca ciddi və dözülməzdir. AİP olaraq Mövsüm Səmədova qarşı baş verənlərə ciddi şəkildə etiraz edirik və etirazımızdan da heç vaxt geri çəkilməyəcəyik. Əlimizdən gələn bütün sivil və qanuni hüquqlarımızdan istifadə edib Mövsüm Səmədovun hüquqlarını müdafiə edəcəyik."

Hacı İlham Əliyev onu da qeyd etdi ki, ölkədə təkcə Mövsüm Səmədova qarşı yox, ümumilikdə islami cameəyə qarşı böyük bir basqı və təzyiq baş qaldırıb: “Bu günlərdə Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi və saxta sübutlarla mühakimə edilməsi bunun bariz nümunəsidir. Vəziyyət hətta o qədər absurddur ki, dövlət ittihamçısı və hakim də öz təəccüblərini və gülməklərini saxlaya bilmirdilər. İslam Həmrəyliyindən danışıb bu cür hallara yol vermək heç bir halda Azərbaycana baş ucalığı gətirməyəcək. Əgər həqiqi İslam Həmrəyliyi istəyiriksə ilk öncə əziz islam peyğəmbəri(s) və onun Əhli-Beytinin(ə) bizlər üçün öyrətdikləri islami dəyərləri cəmiyyət aşılamalı və bu dini dəyərləri bilən ruhaniləri zindanlara yox, cəmiyyətə təqdim etməliyik. Azərbaycan dövlətinin xeyiri mənafeyi bundadır ki, biz həqiqi islam çətiri altında bir araya gəlməliyik. Hətta dünya həyatımızın rifahı belə də islami dəyərlərlə sədaqətimizdən keçir.” 
Hacı İlham Əliyevin sözlərinə görə, dövlət və hökümət ilk öncə öz xalqına və millətinə xidmət etməli və ona arxalanmalıdır:  “Qalibiyyətimiz və qələbəmiz də xalqla birgə olub, onlara xidmət etməkdən keçir. Əgər xalqa arxalansaq heç bir güc və qüvvə bizə ziyan yetirə bilməz. Əcnəbi gücləri ona görə güclü hesab edirik ki, özümüzə, xalqımıza və şəxsiyyətlərimizə düzgün qiymət verə bilməmişik. Torpaqlarımızış işğaldan azad edilməsi də məhz bu amildən asılıdır. “
Tədbirdə çıxış edən AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova bildirdi ki, Mövsüm Səmədovla bağlı baş verənlər onu cismani aradan aparmağa hesablanıb:
“Bunlar guya Mövsüm Səmədovun qayğısına qalaraq onun həyatı təhlükəsizliyi təmin etdiklərini söyləyirlər. Bunu iddia edənlər Mövsüm Səmədovu sağlamlığına ziyan vurmamaqları kifayətdir ki, Doktor Səmədov əmniyyətdə olsun. Heç bir məhbus Mövsüm Səmədov kimi şəxsiyyətə ziyan vurmağı özünə yaraşdırmaz. “
Sonra çıxış edən Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının Rövşən Əhmədli Azərbaycanda artıq heç kimin amanda olmadığını bildirdi. Dövlətin qanunlarla idarə edildiyini söyləyən Rövşən bəy, qanun olmayan yerdən nədənsə danışmağı yersiz olduğunu qeyd etdi: 
“Artıq kim güclüdür o da haqlıdır prinsipinə əməl edilir sanki. Əgər bir ölkədə qanun yoxdursa, nəyə tələb etmək mümkündür. Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsində də şahidi olduq ki, bir Amerikalı vətəndaşın yüzlərlə azərbaycanlı qədər dəyəri yoxdur. Onda görəsən bu dövlətdə xalq kimlər hesab edilir. Nəyə görə haqq sözü dediyimizə görə cinayətkar olmalıyıq. Amma xalqın malını oğurlayanlar cinyətkar hesab edilmir.”  
Rövşən Əhmədli onu da bildirdi ki, Mövsüm Səmədov başda olmaqla günahsız yerə həbs edilən bütün məhbusların azadlığa buraxılmasını tələb edirlər.”  
Sonra çıxış edən yazıçı publisist, jurnalist Qurban Cəbrayıl qeyd etdi ki, hakimiyyət üçün istər zindanlarda, istərsə də cəmiyyətdə mənəviyyat mərkəzlərinin yaranması olduqca qorxuludur: “Mövsüm Səmədova qarşı baş verənlərin səbəblərindən biri də budur. Ölkədəki Penitensiar Xidmət elə bir vəziyyətdədir ki, əfvə düşən şəxsin yerinə tamamilə başqa bir adamı buraxırlar. Əgər Penitensiar Xidmət məhbuslarla bağlı müsbət bir iş görmək istəyirdisə, Mövsüm Səmədova qarşı tamamilə baş verənlərin əksinə uyğun bir addım atmalı idi. Düşünürəm ki, Mövsüm Səmədovun müdafiəsi üçün sosial şəbəkələrdəki səhifələr və media orqanları səfərbər edilməlidir.”

Tədbirdə iştirak edən Vətəndaş İnkişaf Partiyasının sədr müavini Cavid Cabbarlı bildirdi ki, ölkənin durumu olduqca acınacaqlıdır və qəzaya uğramış gəmini xatırladır.  Eyni zamanda Cavid Cabbarlı da öz növbəsində Mövsüm Səmədovla bağlı baş verənləri pislədiklərini söylədi.
Sonra çıxış üçün söz Azərbaycan Ruhanilər Məclisinin üzvü ruhani Cəlal Şəfiyevə verildi. Cəlal Şəfiyev çıxışı zamanı bildirdi ki, Mövsüm Səmədov illər öncə qondarma ittihamlarla həbs edilərək 12 il müddətinə azadlıqdan məhrum olunsa da görünən budur ki, ondan hələ də əl çəkmək fikirində deyillər: “Son günlər həbsxanadakı müəmmalı ölümlər fonunda Mövsüm Səmədovla bağlı belə bir təhlükənin eşidilməsi olduqca narahatedici bir məqamdır.  Mövsüm Səmədov öz şəxsi həyatında olduğu kimi, məhbus həyatında da ətrafındakı insanların sevgisini və hörmətini qazanış bir insandır.

Tədbirin sonunda AİP və Müdafiə Komitəsi birgə bəyanat yayıblar.



Azərbaycanda dövlətin jurnalistlərə qayğısı adı altında görülən işlərin əksəriyyəti jurnalistlərin ələ alınmasına və hakimiyyətə yaxın olan mətbuat orqanlarına dəstək verməyə hesablanmış işlərdir. Jurnalistlərə ən gözəl qayğı bu ola bilər ki, onun peşə fəaliyyətini məhdudlaşdırmasın və yazdığı yazıya, söylədiyi fikirlərə görə təqib edilməsin. Azad mətbuata olunan basqıların nəticəsidir ki, bir çox media orqanları hakimiyyəti tənqid edən yazılarına görə reklam bazarına girə bilmir. Şirkətlərin və iş adamlarının əksəriyyəti qurduğu biznesin təhlükəsizliyi üçün müxalifət fikirli mətbuat orqanlarına reklam verməkdən çəkinirlər. Qələmə aldığı müxalif fikirlərə görə, həbsxanalarımız demək olar ki. bloggerlərlə, vətəndaş jurnalistikası ilə məşğul olanlarla və peşəkar jurnalistlərlə doludur. 

Bu gün də jurnalistlərə mənzillərin verilməsi məsələsi gündəmə gəlib. Yenə keçən dəfə olduğu kimi, mənzilə ehtiyacı olmayan, kifayət qədər maddi imkan sahibi olan bəzi insanlar, jurnalistlər üçün tikilən binadan övladları üçün mənzil əldə etməyi düşünürlər. Bu adamlar görəsən içində siçovul dolaşan zirzəmilərdə kirayələrdə qalan həmkarları ilə qarşılaşanda utanırlarımı?

Mənim ən çox sevdiyim və izlədiyim veriliş ANS-in “Marş” hərbi vətənpərvərlik proqramı olubdur. Azərbaycanda deyərdim ki, yeganə vətənpərvər veriliş olan "Marş" proqramının layihə rəhbəri, müəllifi və aparıcısı olan ehtiyatda olan mayor Rahib Qəribin hələ də yaşamağa evinin olmamasını onun mətbuat vasitəsi ilə dövlət başçısına etdiyi müraciətini oxuduqdan sonra bildim ki, Azərbaycanın ordu quruculuğunda əməyi olan jurnalist ağır məişət şəraitində yaşayır və həyat yoldaşı onkoloji xəstədir. Ömrünün böyük bir hissəsini səngərlərdə, qarlı dağlarda əsgərlərimizlə birgə keçirən bir jurnalistin dövlətin jurnalistlər üçün tikdiyi mənzilldən yararlana bilməməsi onu göstərir ki, bu layihə ədalətlə icra olunmur.

Torpaqlarımızın hələ də işğalda olduğu bir dövrdə, hər zaman müharibənin başlanma ehtimalı olduğu bir zamanda, həmi keçmiş hərbiçi, peşəkar jurnalist və ən baxımlı vətənpərvər bir proqramların ərsəyə gəlməsində əməyi olan Rahib Qəribin mənzillə təmin edilməməsi jurnalistlər üçün tikilən binaların yenə də kimlərinsə arasında bölüşdürülməsi fikrini gündəmə gətirir. Əgər jurnalistər üçün bina tikilirsə, o binada mənzillə təmin olunmalı olan birinci şəxs elə ömrünü mətbuata və ordumuza xidmətdə keçirən jurnalistlər olmalıdır.

Azərbaycanda normal mənzilə ehtiyacı olan peşəkar jurnalistər az deyil. Təəssüf ki, onların bəzi həmkarları yenə yararlanmaq üçün susur, özlərini hakimiyyətin gözündə "sözə baxan, yaxşı oğlan" kimi göstərmək istəyirlər.

Mənim ağlım kəsib, qəzet oxumağa başladığım gündən imzası ilə tanış olduğum dəyərli jurnalistlərdən biri Azər Rəşidoğludur. Bildiyimə görə, Azər Rəşidoğlununda maddi durumu yaxşı deyil. Kiçik mənzili olsa da normal şəraitlə təmin olunmalı olan qələm sahiblərindən biri də Azər Rəşidoğludur. Əgər Azərbaycanda siyasi, iqtisadi, sosial mövzularda yazdığı analitik yazılarına görə, Azər Rəşidoğudan öndə olan evsiz və ya mənzil şəraiti normal olmayan jurnalist varsa, onda Azər bəy də özünün növbəsini gözləsin. Ancaq bu mənzillər həqiqətən də Azərbaycanda mətbuatın formalaşmasında əməyi olan evsiz və mənzil şəraiti normal olmayan jurnalistlər üçündürsə, onda Azər Rəşidoğlu kimi qələm sahiblərinin mənzillə təmin edilməməsi ədalətsizlik və həmin bu mənzil siyasətinin hakimiyyətin özünün ətrafı üçün həyata keçirilən bir sosial layihə olduğundan xəbər verir. Bu məsələdə media kapitanlarının günahı hakimiyyətinkindən az deyil məncə...

Azərbaycanda kirayədə və ya kiçik, şəraiti olmayan mənzillərdə yaşamağa məcbur olan peşəkar qələm sahibləri az deyil. Əgər bu həqiqətən qayğıdırsa, həmin şəxslərin dövlətin jurnalistlər üçün tikdiyi binadan mənzil alma haqqı tanınmalıdır. Ən azından mənizli və şəraiti normal olan insanlar biraz nəfslərini boğub bu jurnalistlərin önünə keçməli deyillər.
Jurnalistlər üçün tikilən birinci binadan mənzil almaq hüququ əldə edən az sayda həqiqi jurnalistləri çıxmaq şərti ilə, həmin layihədən yararlanan elə redaktorlar oldu ki, onların bir neçə evlərinin, hətta bağ evlərinində olduğu hər kəsə bəllidir. Milyoner səviyyəsində yaşayan, adını qocaman jurnalist qoyan bəzi media kapitanlarının həmin binalardan oğlu-qızı üçün mənzil almaqdan ötrü utanmadan hay-həşir saldığını görəndə zamanında bəzilərinin şəxsiyyətlərinə hörmət etdiyim üçün özümü qınadım.

Mən adını çəkdiyim jurnalistlərin heç biri ilə şəxsən tanışlığım yoxdur. Sadəcə olaraq yazılarını və verlişlərini sevə-sevə izlədiyim dəyərli qələm sahibləri olduqları üçün bu məsələni diqqətə çatdırmağı özümün həm də bir vətəndaş borcum olaraq düşünürəm. Baxmayaraq ki, mənim özümün də saytım var, ancaq mən özümü peşəkar jurnalist yox, vətəndaş jurnalistikasının nümayəndəsi hesab edirəm. Bu gün istedalarından yararlanmağa can atdığımız , peşəkar jurnalistlər həm də bizim öyrənməli olduqlarımız məktəbdilər. 5-6 cümləni ard-arda yaza bilməyən, saytlarında imzaları ilə dərc edilən yazıların əksəriyyətini sifarişlə başqa adamlara yazdıran jurnalist adına iddia edən "maşennik"lərin ömürlərini mətbuata həsr edən dəyərli qələm sahiblərindən qat-qat yaxşı həyat sürdüklərini görəndə, sadəcə adamın ürəyi ağrıyır. Ən azından həqiqətən qayğı göstərmək istəyirsinizsə, bu qayğını reket jurnalistlərə yox, həqiqi qələm sahiblərinə göstərin ki, bundan sonrakı nəsil qələm tutmağı reketlərdən öyrənib sizin var-dövlətinizin şəkillərini çəkib, şantajla pul qazanmaqla günlərini yola vermək əvəzinə, dövlətimiz üçün yararlı olan yazılar ortaya qoyub, sizin başıboş kadrlarınızın yerinə dünya siyasətini, beynəlxalq və dövlətlərarası münasibətlər sahələrində baş verən hadisələr haqqında təhlillər yazaraq dövlətimiz üçün çıxış yollarını göstərsinlər. Unutmayın ki, peşəkar jurnalist, təkcə kiminsə problemlərini işıqlandırmaq üçün lazım deyil, dünyanın hər bir yerində dövlət siyasətinin müəyyənləşməsi və həyata keçirilməsi yönündə işlər birinci növbədə bu insanların qələmləri vasitəsi ilə uğur qazanır.

P.S. Bütün bunlara rəğmən, mənim düşüncəmə görə, normal ölkələrdə mətbuata fəaliyyəti üçün sərbəstlik verilməlir. Onlar bir biznes kimi formalaşıb, əməkdaşlarını da normal maaşla təmin etmək iqtidarında olmalıdırlar. Ancaq əgər jurnalistlərə mənzil verilməsi həyata keçirilirsə, ən azında ədalət prinsipi gözlənilməlidir. ( Mənzil siyahısında yer almağı gözləməkdən gözlərinin kökü saralan jurnalistlərin çoxu artıq mühaciərə getməyə məcbur oldular) 

Elşən Əlisoy


Bu bitki hər yerdə var, amma bilmirsiniz ki, o, diabet və yüksək arterial təzyiqi, şiş xəstəliklərini müalicə edir!

Ağ tutun vətəni Çindir, ancaq indi onu demək olar dünyanın hər yerində tapmaq olar.

 Bu ağacın sağlamlıq üçün çox güclü üstünlükləri var.

 Giləmeyvələrindən bir neçə xəstəliklərin müalicəsi üçün istifadə etmək olar, belə ki, diabet, yüksək arterial təzyiqi və xolesterinin yüksək səviyyəsini tənzimliyir, şiş xəstəliklərini sağaldır.

Digər üstünlüklər saç tökülmə, başgicəllənmə və vaxtından əvvəl qocalmanın qarşısını alır.

Tut ağacının meyvələri sağlamlığa qarşı xeyirlidir. 

Bu meyvə dərildikdən sonra tez istifadə edildiyində orqanizmə daha yaxşı təsir göstərir.

Ağ tut, qış ayları üçün yaz mövsümünün günəşi altında qurudulduğu zaman elə dəyişikliyə uğrayır ki, egzemaya qarşı sanki möcüzəvi təsir göstərir.

Çünki, bu meyvənin yarpaqlarında üzvi turşular, C vitamini, aşılayıcı maddələr, gilələrində isə şəkər, üzvi maddələr, C, B vitamini, karotin, müxtəlif amin turşuları vardır.

Şərq təbibləri qeyd edirdilər ki, şirin tut sidikqovucu, qanyaradıcı təsir edir, cinsi fəallığı artırır, ağciyərlər üçün faydalıdır, bəlğəmgətirici xüsusiyyətlərə malikdir. Meyvəsindən hazırlanan bəhməz və ya doşab, mürəbbə ürək zəifliyi müalicəsində və xroniki mədə xəstəliyinə faydalıdır.

-Revmatizmli xəstələrə isə ağ tut meyvələri ilə vanna etmək məsləhət görülür.

- Vücuda qüvvət verir;

- Ağız, boğaz iltihabı, diş əti xəstəlikləri zamanı, öskürəyə qarşı təsirlidir;

- Hərarəti salır; 

- Qaraciyəri qüvvətləndirir; 

- Mədə və bağırsaqların işini nizamlayır;

- Dəmir baxımından çox zəngin, şiş əridici, sidikqovucudur;

- Acqarnına yeyilən ağ tut bağırsaq qurdlarını salır;

- Mədə və bağırsaqları rahatlaşdırır; 

- Qara tut ağız və boğaz iltihablarına yaxşı təsir göstərir. Rəngindən asılı olmayaraq qana xeyirlidir; 

- Kökəldir və iştah açır;

- Qaraciyəri qüvvətləndirir.


Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məktəblərdən pul yığdırır. Bu barədə adının çəkilməsini istəməyən valideyn Xeber.İnfo-a məlumat verib. Valideyn iddia edir ki, Z.Fərəcov məktəb direktorlarını yığıb hər valideyndən 20, 30 azn yığılmasını tələb edib. Valideynin dediyinə görə bu dəfə süpürgə və sair şeylər alınmayacaq, yığılan pulla Sumqayıtda yaşayış binalarının bloklarına qapılar qoyulacaq və təmir ediləcək. 


1 -dən səhifə 193

Günün videosu