''Etiraz edən vətəndaşın işığını kəsərlər, evini sökərlər''

Bu məqaləni qiymətləndir
(0 səs)

Saatlı sakini: "İcra hakimiyyətindən bildirdilər ki, dilini dinc saxlasan, işıqsız da qalmazsan”

"Hər dəfə kəndin çətin sosial durumuna, məmurların yarıtmaz işinə görə Prezident Administrasiyasına yazanda, gətirib işığa olan borcun qəbzini qoyurlar qarşıma... Halbuki o borcun çox hissəsi evimi sel aparmamışdan əvvəl yığılmışdı və təbii fəlakətdən sonra məni aldatmışdılar ki, hadisə ilə əlaqədar hökumət bizim kommunal borclarımızı, həmçinin işığa olan borcumuzu bağışlayıb”.

Bunu Meydan TV-tə Saatlının Dəllər kəndinin sakini Əzizağa Cahangirov deyir.

Deyirlər, dilini dinc saxlasan, işıqsız qalmazsan

2010-cu ildə baş verən Kür daşqını bu kəndi də alt-üst edib. Ev-eşiyini, əşyalarını, əkin və heyvandarlıq təsərrüfatını itirənlərdən biri də Əzizağa Cahangirov olub. Uzun-uzadı mübahisələrdən, get-gəldən sonra hökumət kənddə ona da ev tikib. Deyir, təzə ev tikilərkən yerli icra hakimiyyətindən ona bildirilib ki, prezident seldən zərər çəkmiş ailələrin selədək olan kommunal borclarını bağışlayıb. Ancaq 4 ildən çoxdur ki, yerli işıq idarəsi ondan əvvəlki illərə görə elektrik borcunu tələb edir:

"O vaxt evdən bir çöp də götürə bilmədik. Evlərimiz 6-7 metr hündürlüyündə suyun altında qalmışdı, tək canımızı götürüb qaça bilmişdik. 2013-cü ildən başlayaraq mən kənddəki vəziyyətlə bağlı prezidentə yazmağa başladım. Yazırdım ki, insanlar əkinlə, heyvandarlıqla məşğul ola bilmir, yoxsulluq gündə bir evə faciə gətirir, ailələr çörək tapmır, Kür daşqınından sonra kənd təsərrüfatı ilə məşğul ola bilmirik, işıq qaz, su, yol problemlərimiz var və sair... Bundan sonra gəlib evin işığını kəsdilər. Dedilər, ora-bura demaqoqluq edincə, get işığa olan borcunu ödə... Baxdım ki, köhnə borcdur. Çünki ev təzə tikilmişdi. Üstəlik evin tikintisi vaxtı istifadə olunan elektrikin pulunu da borcun üstünə gəlmişdilər. Halbuki, hökumət buna görə kompensasiya ödəməliydi ki, hər şeyi əlindən çıxmış vətəndaş o borcu ödəyə bilsin, ya da o borc silinməliydi. İcra hakimiyyətinə müraciət elədim, bildirdilər ki, dilini dinc saxlasan, işıqsız da qalmazsan”.

Aldatdılar ki, guya köhnə borc silinib

Əzizağa Cahangirovun sözlərinə görə, bir qədər səs-küy salandan sonra yerli icra hakimiyyətindən ona bildirilib ki, narahat olmasın, selədək olan köhnə borc silinib. Lakin 1 həftə əvvəl işıq idarəsinin işçiləri gələrək işığı yenə kəsiblər:

"İşıqsız qalmışam. Səbəb yenə özləri demiş, demaqoqluqdur. Bu yaxınlarda kəndlilərin durumu haqqında Prezident Administrasiyasına yazmışam, yenə gəlib işığı kəsiblər. Borc da 5 manat deyil, 10 manat deyil... 1000 manatdan çoxdur. 1 oğlum 1-ci qrup əlildir, özüm ikinci qrup əliləm. Evdə bir sağlam adam yoxdur. Bununla belə, çalışırıq ki, əkinlə məşğul olub başımızı saxlayaq. Buğda əkmişəm, qalıb qurunt sularının altında... Mən bu pulu hardan götürüm ki, o qədər borcu qaytarım?... Əlilin dərmanlara belə pul tapmırıq. Hökumət yoxsul kəndlini anlamalıdır. Əlillərdən, xəstələrdən ibarət ailəni 1 həftədir işıqsız qoyublar. Kəndli səsini çıxara bilmir, vətəndaş etirazını edə bilmir. Gətirib qarşısına borc qəbzi qoyurlar, deyirlər, ya sus, ya da işığını kəsirik. Bu, vəziyyətdən çıxış yolu deyil. Hökumət qəzəbini kəndliyə tökməməlidir, problemləri vətəndaşın işığını kəsməklə həll etməməlidir, vətəndaşı dinləməyi bacarmalıdır, nəticə çıxarmalıdır. Bizdəsə etiraz edən vətəndaşın işığını kəsərlər, evini başına yıxarlar”. 

1 ildir, işıqpulu ödəmir

İmişlinin İşıq İdarəsindən Meydan TV-yə bildirilib ki, Əzizağa Cahangirovdan tələb olunan borc son illərdə yığılmış borclardır:

"Adam 1 ildən çoxdur ki, işıqpulu ödəmir. İşığı da buna görə kəsilib. Hər bir vətəndaş sözünü deməkdə azaddır, söz deməyə görə işıq kəsmirlər. Gətirsin, heç olmasa bir hissəsini ödəsin, işığını birləşdirək. Təəssüf ki, kasıbdır, yaxud əlildir deyə, qanunlarımız belə vətəndaşları işıqpuludan azad etmir. Bu qanunu biz yazmamışıq. Biz qanuna tabeyik”.

Hüquqşünas Vaqif Əliyev deyir, istənilən iddianın qanunvericilikdə müddəti var:

"Kommunal borcun tələb müddəti 3 ildir. Abonentdən yalnız son 3 ilin borcu tələb oluna bilər. Bu məqamda əlbəttə ki, sonuncu tələbin tarixi də əsas götürülür. Əgər 3 il ərzində həmin borc tələb olunmayıbsa, 3 ildən sonra tələb oluna bilməz. Əgər son rəsmi tələb (yazılı bildiriliş və sair) 3 ildən tez müddətə təsadüf edibsə, o zaman tələb qanunidir”.

''Heç vaxt ağlımıza gəlməzdi ki, Şuşa işğal olunar'' ''Etiraz edən vətəndaşın işığını kəsərlər, evini sökərlər'' Güzəştli ev almaq istədilər, sistem çökdü ‘’Aldatdılar ki, ev veriblər, bizi kirayəyə köçürtdülər‘’

Oxu 199 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.