Nazir müavini işdən çıxarıldı - 30 min “paket”, yeyinti və intihar...

Bu məqaləni qiymətləndir
(0 səs)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində iki müavin vəzifədən azad olunub. 

Unikal.org-un məlumatına görə, qurumda aparılan islahatlara görə, nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadənin tutduqları vəzifə ixtisar olunub.

Əvəzində isə Əli İzzət oğlu Abdullayev nazirin rabitə üzrə müavini təyin edilib. Nəqliyyat üzrə isə müavin vəzifəsinə isə hələlik təyinat olmayıb.

Xəbər verdiyimiz kimi, dekabrın 27-də, axşam saatlarında 1987-ci il təvəllüdlü paytaxt sakini Əliyev Elvin Əziz oğlu M.Əlizadə küçəsi, ev 18, mənzil 17- də özünü asaraq intihar edib. Elvin Əliyev Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovun kürəkəni idi.

İntiharla bağlı məlumatda deyilirdi  ki, E.Əliyev  üst-üstə yığılmış külli miqdarda borcdan depressiyaya düşərək özünü öldürüb.  İlkin məlumatlara görə, Əliyevin şəxsi biznesi olub. Amma son vaxtlar onun işləri qaydasında getmirmiş. Əliyev biznesini dayandırmağa məcbur olub. Məmur kürəkəninin intihar məktubu buraxdığı haqda iddialar var. Onun cibindən “Məni bağışlayın” məzmunlu məktub aşkar olunaraq götürülüb.

İddiada  o da deyilir ki, onun küllimiqdarda borcunu atası ilə qayınatası qaytarıbmış. Ancaq buna baxmayaraq, o, özünü asaraq intihar edib.

Qeyd edək ki, “rabitə çetesi”nin bir neçə ay davam edən məhkəməsində İltimas Məmmədova qarşı keçmiş iş yoldaşları tərəfindən dəfələrlə ağır ifadələr verilmişdi. “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov ifadəsində İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini demişdi. İltimas Məmmədov isə istintaqa ifadəsində ayda 30 min manat “paket” aldığını etiraf etmişdi. İ.Məmmədov bildirmişdi ki, nazirliyin işçilərinə “paket” şəklində aylıq pullar verilməsindən məlumatlı idi. Belə ki, Vidadi Zeynalov tərəfindən onun özünə əvvəllər “paket” şəklində ayda 15 min manat, daha sonra qısa müddət ərzində 20 min manat, son bir ildə isə 30 min manat pul verilib. Lakin nazir müavini “həmin pulların konkret olaraq hansı mənbələrdən daxil olmasından məlumatı olmadığını” demişdi.

Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov da məhkəmədə İ.Məmmədovu ittiham edən çıxışlar etmişdi. Məsələn, o, proseslərin birində “mən məsul şəxs olmamışam, heç bir sənəddə imzam yoxdur. Nazir müavini İltimas Məmmədov daha çox günahkardır. İltimas Məmmədov niyə məhkəmədə şahid kimi dindirilmədi? Kimdən çəkindiniz?” deyərək, onun nazir olmaq istədiyini demişdi. İltimas Məmmədov barəsində məhkəmədə və istintaqda səsləndirilən ittihamlara cavab vermək əvəzinə medianın bu barədə suallarına susmaqla qarşılıq verdi.

İltimas Məmmədov 1963-cü il fevral aynın 10-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əylis kəndində fəhlə ailəsində anadan olub. 1970-1980-ci illərdə həmin kənddə orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1980-cı ildə Bakı şəhəri 23 nömrəli texniki-peşə məktəbinə daxil olub və 1981-ci ildə həmin məktəbi qırmızı diplomla bitirib. 1981-1983-cü illərdə orduda həqiqi hərbi xidmətdə olub. İ.Məmmədov 1984-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsinə daxil olub və 1989-cu ildə həmin fakültəni bitirərək, çoxkanallı elektrik rabitəsi mühəndisi ixtisasına yiyələnib. Bir müddət sonra laboratoriyanın KRR qrupunda elektromexanik, 1990-cı ildə həmin qrupda mühəndis vəzifəsinə təyin olunub. 1991-ci ildə Bakı Kabel Qovşağında 2-ci dərəcəli mühəndis, 1992-ci ildə isə qovşağın xətt xidməti rəisi vəzifəsinə təyin olunub. 1996-cı ildə həmin qovşağın baş mühəndisi, 1997-ci ildə isə BTRİB-in baş mütəxəssisi vəzifəsinə təyin olunub.

2000-ci ildə Rabitə Nazirliyinin Telekommunikasiya şöbəsinin rəis müavini, 2001-ci ildə rabitə nazirinin texniki məsələlər üzrə müşaviri, 2005-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri, 2005-ci il 22 dekabr tarixindən isə Prezidentin sərəncamına əsasən rabitə və informasıya texnologiyalari nazirinin (indi bu qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanır) müavini təyin olunub. Əli Abbasovun vəzifədən çıxarılmasından sonra bir müddət nazir əvəzi işləyib. Hətta onun nazir təyin edilə biləcəyi də deyilirdi. Lakin ötən ilin noyabr ayının 25-də prezidentin sərəncamı ilə İltimas Məmmədov nazirin birinci müavini vəzifəsindən azad edildi. İltimas Məmmədov prezidentin digər sərəncamı ilə nazir müavini vəzifəsinə təyinat aldı.

İ.Məmmədov iki dəfə (1994 və 2002-ci illərdə) “Rabitə ustası” fəxri adına layiq görülüb. İki elmi əsərin və 10-dan artıq elmi məqalənin müəllifidir. Onun üç övladı var.

İltimas Məmmədovun oğlu İdrak Məmmədovun Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədovun kürəkəni olduğu deyilir.

Oxu 384 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.