"Adıma saxta zaminlik sənədi hazırlanıb" - "Nikoil Bank"dan şikayət var Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Sumqayıt sakini "Nikoil Bank"dan şikayətçidir... 

34 yaşlı Sumqayıt sakini İsmayıl Hüseynov iddia edir ki, "Nikoil Bank" onun adına saxta zaminlik sənədi hazırlayıb. 

Bu barədə Toplum.Tv-yə İsmayıl Hüseynov özü məlumat verib. 

O bildirib ki, 2015-ci ildə həmin bankda 2 ay müddətində təcrübə keçib və saxta zaminlik də həmin tarixə sənədləşdirilib: "Mən İqtisad Universitetinin maliyyə fakultəsini bitirmişəm.  2015-ci ildə 2 aylıq "Nikoil Bank"ın Sumqayıt şəhər, 45-ci məhəllədə yerləşən filialında təcrübə keçmişəm. Orada təcrübə keçəndə məndən diplomun surətini və şəxsiyyət vəsiqəmi tələb etmişdilər. Təcrübəmi bitirdikdən 2 il sonra, yəni 2017-ci ildə "Nikoil Bank"dan mənə  məktub gəldi ki, zamin durduğunuz şəxs krediti ödəmədiyinə görə banka yaxınlaşmağınız xahiş olunur. Banka gedib gördüm ki, müdriyyət də həminki deyil, bəzi işcilər də dəyişib. Müdirlə görüşdüm, xahiş elədim ki, kimə zamin durmuşamsa, həmin şəxslə məni əlaqələndirsinlər. Məlum oldu ki, həqiqətən də, 34 yaşıma qədər həmin ad və soyadda tanışım belə olmayıb, nəinki qohumum”. 

Vətəndaşın sözlərinə görə, bu məsələdə ciddi saxtakarlıq olub: "Bir nəfər kredit götürüb və bank da 2 il əvvəl onlara təqdim etdiyim sənədlərdən istifadə edərək məni zamin qismində göstərib, hətta əvəzimə sənədlərə saxta imza da atıblar. Filialın müdiri bildirdi ki, bu işlə onların əlaqəsi yoxdur, çünki kredit artıq rəsmiləşdirilib”. 

İsmayıl Hüseynov deyir ki, bundan sonra hüquq-mühafizə orqanlarına müraciət edib: "Bir həftə sonra Sumqayıt Şəhər Prokurorluğundan müraciətimə cavab verildi. Bildirdilər ki, müraciətim Sumqayıt Şəhər Polis İdarəsinə yönləndirilib və məsələni araşdırıb məlumat verəcəklər. O vaxtdan indiyədək hələ də xəbər yoxdur. İki gün bundan əvvəl Abşeron Rayon Məhkəməsinə çağırıldım. Məhkəmədə, sadəcə, "Nikoil Bank"ın hüquqşunası var idi, kreditgötürən və sənədləşdirməni aparan şəxs yox idi. Hakimə izah etdim ki, imzamdan istifadə edib sənədlərimi saxtalaşdırıblar və məni saxta zamin kimi göstəriblər. Bankın nümayəndəsi prosesi həyata keçirən işcilərin uzun müddət əvvəl işdən azad olunduğunu bildirdi. Məhkəmədə hakimdən tələb etdim ki, prosesi həyata keçirənlər məhkəməyə çağırılsınlar və mənim imzam ekspertizaya göndərilsin. Məhkəmə şikayətlərimi qəbul etdi. "Nikoil Bank"ın nümayəndəsi bildirdi ki, həmin filial müdirini də məhkəməyə veriblər. Ancaq məlum olundu ki, həmin adam hələ də həbs olunmayıb. Növbəti Məhkəmə prosesi yanvarın 13-ü baş tutacaq. Əgər ədalətli qərar olmasa, başqa tədbirlər görəcəyəm”. 

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Toplum.Tv-yə deyib ki, "Nikoil Bank"da belə hallar tez-tez baş verib: "Bir neçə il əvvəl də buna bənzər  hadisə baş vermişdi. O zaman vətəndaş imzanın ona aid olmadığını bildirmişdi və onun zamin olmadığını məhkəmə təsdiqləmişdi. Buna görə də bu halda vətəndaşa tövsiyəm odur ki, məhkəmədə imzasının ekspertizada yoxlanılmasını tələb etsin. Sözsüz ki, ekspertiza bunu təsdiq edəcək”. 

Ə. Həsənov belə halların ən çox korrupsiya olan yerlərdə olduğunu vurğulayır: "Azərbaycanda bankların kredit verilmə ilə bağlı öz daxili qaydaları var və həmin qaydalardan biri də odur ki, mütləq şəkildə zamin olmalıdır. Bu vəziyyətdə bank kiminsə şəxsiyyət vəsiqəsi və imzasından istifadə edərək saxta zamin göstərir. Əgər kredit vaxtında qaytarılırsa, bu işin üstü açılmır, ancaq kredit götürən şəxs pulu qaytarmırsa belə hallar ortaya çıxır. Hər bir halda bu problemlə qarşılaşan şəxslərə demək istəyirəm ki, məhkəmədə imzanın onlara aid olmadığını bildirsinlər və bu  ekspertizada təsdiqləndiyi halda, o bankdan onlara vurulan mənəvi zərəri də tələb etsinlər. Bankın özünü bu cür aparması insana birmənalı zərər verməsi deməkdir. Həmin bankın indiki rəhbərliyinə isə tövsiyəm odur ki, belə halların qarşısını almaq üçün hüquq mühafizə orqanlarına müraciət etsin. Bankda buna kim yol verirsə, həmin şəxsləri cinayət məsuliyyətinə cəlb etsinlər. Həmin işcilər bankdan ayrılmış olsalar belə, onlara qarşı cinayət işinin açılması tam mümkündür, hətta "Nikoil Bank"ın keçmiş idarə heyyətinin sədri Vasili Xamadaya da qarşı cinayət işi açılıb. Çünki vaxtı ilə bu bankda belə hallar çox baş verib”.

"Nikoil Bank”ın Marketinq Departamentinin direktoru Rəşad Cümşüdov məsələ ilə bağlı afn.az-a açıqlama verib.

O, iş üzrə hazırda araşdırma aparıldığını, qeyd edilən filialda problemlərin, həqiqətən də, yarandığını deyib: "Hazırda proses gedir, daha dolğun məlumatı şikayətlə şöbəsi verə bilər. Bankın mövqeyi bundan ibarətdir ki, hüquq-mühafizə orqanları tərəfindən hansısa bir qayda pozuntularının olub-olmaması ilə bağlı məsələlər araşdırılır. Təfərrüat və nəticə barədə məndə, təəssüf ki, dəqiq məlumat yoxdur”.

Oxu 318 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.