"Həbsimin sifarişi İlham Əliyevdən gəlib" - VİDEO

Bu məqaləni qiymətləndir
(1 Səs)

Vəkil: “Əfqanın dəmir barmaqlıqlar arxasından çıxarılmasına icazə verilmədi”

Dekabrın 14-də Balakən Rayon Məhkəməsində hakim Hümbət Səlimovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının məhkəməsi davam edib. Prosesi işıqlandırmağa gələn jurnalistlər içəriyə buraxılmayıb. Təqsirləndirilən tərəf bunu açıq məhkəmə formatının pozuntusu kimi qeyd etsələr də, etirazları nəzərə alınmayıb.

Prosesdə baş verənlər barədə məlumat verən vəkil Elçin Sadıqov Meydan TV-yə deyib ki, məhkəmə baxışından əvvəl vəkillər yenə də Əfqan Muxtarlının dəmir barmaqlıqlar arxasından çıxarılıb vəkillərin yanında oturması üçün vəsatət qaldırıb. Lakin vəsatət təmin olunmayıb. Halbuki noyabrın 30-da keçirilən prosesdə bu vəsatətə təmin edilmişdi.

Vəkillərdən Nemət Kərimli məhkəmə zalında polis əməkdaşlarının iştirakına etiraz edib. Bildirib ki, açıq məhkəmə prosesinin polis nəzarəti altında aparılması təzyiqdir. Müdafiəçi polislərin çıxarılmasını istəsə də, hakim razılaşmayıb.

Bundan sonra vəkil Elçin Sadıqovun Əfqan Muxtarlının təqsirsizlik prezumpsiyası ilə bağlı sənədlərin işə əlavə olunması barədə vəsatəti müzakirə edilib və təmin olunub. Bu vəsatətdə Ə.Muxtarlının həbsindən dərhal sonra Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun onun haqqında yaydığı bəyanatdan bəhs olunur. Bəyanatda Əfqanın sərhədi qanunsuz keçmək istərkən saxlandığı, üzərindən pul tapıldığı iddia olunur. Bu bəyanatla dövlət orqanlarının Ə.Muxtarlının təqsirsizlik prezumpsiyası hüququnu pozduğunu deyən vəkil sənədin iş materiallarına əlavə olunmasını və sənədlərin tədqiqi mərhələsində araşdırılmasını istəyirdi.

Dövlət ittihamçısı Qürbət Məmmədov ittihamı elan etdikdən sonra Əfqan Muxtarlı ifadə verib. Bildirib ki, onu Gürcüstandan oğurlayaraq Azərbaycana gətiriblər. O, oğurlanan zaman işgəncəyə məruz qaldığını vurğulayıb:

“Mən prezidentin ailəsinin biznesi haqqında araşdırma yazdığıma görə həbs olunmuşam. Həbsimin sifarişi də şəxsən İlham Əliyevdən gəlib”.

Əfqan Muxtarlı həbs olunduğu günü belə təsvir edib:“Evə tərəf gedəndə üç nəfər mülki geyimli yaxınlaşdı. Məni zorla maşına mindirmək istəyəndə müqavimət göstərdim. Məni döyə-döyə maşına mindirdilər. Şəhərdən çıxanda başıma torba keçirdilər. Bir müddət gedəndən sonra maşını saxladılar. Başımdan torbanı çıxartdılar. Fikirləşirdim ki, məni öldürəcəklər. Həmin anda Rasimi, Rafiq Tağını xatırladım. Ona görə də onlara dedim ki, xahiş edirəm, məni bıçaqla yox, güllə ilə öldürün. Dedilər ki, narahat olma, sənə heç nə etməyəcəyik. Ardınca yenə başıma torba keçirdilər, ağzımı “skoçladılar”, bir qədər də sürdülər. Sonra maşını dəyişdilər. Bu maşındakı Azərbaycan mahnısından başa düşdüm ki, deyəsən, Azərbaycandayam. Yolda maşındakılardan biri kiməsə zəng eləyib dedi ki, “cənab general, mollanı gətirdik, yas yerinə gedirik”. Bir qədər də gedəndən sonra məni düşürüb, bir yerə saldılar, başımdan torbanı çıxartılar. Otaqdan başa düşdüm ki, hərbi hissəyə gətiriblər. Oradan da Bakıya gətirdilər”.

Daha sonra zərərçəkmiş və şahidlər ifadə verib.

Elçin Sadıqovun verdiyi məlumata görə, 4 şahid və 1 zərərçəkənin ifadəsi dinlənilib:

“Şahid və zərərçəkənlərin bir-birindən fərqli, ziddiyyətli ifadə verməsi cinayət işinin açıq-aşkar saxta olmasını sübut edir. Bundan başqa, proses gedərkən zalın qapısı açıq qoyulmuşdu və şahidlər içəridə baş verənləri eşidirdi. Bizim etirazımızdan sonra cəmi bir şahidin ifadəsi zamanı etirazımız təmin olundu. Əfqan həmin ifadələrin yalan olduğunu deyirdi və onları doğru danışmağa çağırırdı”.

Fasilədən sonra hakim məhkəmənin 28 dekabr 10:30-a qədər təxirə salındığını elan edib.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham edir. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.

Oxu 199 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.