Tuesday, November 21, 2017

Ərzaq bahalaşır: iqtisadi qanundur, yoxsa korrupsiyanın nəticəsidir?

Bu məqaləni qiymətləndir
(1 Səs)
Azərbaycanda ərzaq məhsullarının qiymətində artımlar müşahidə olunur. 
 
Meydan TV-nin məlumatına görə, "ifact.ge” saytı yanvar ayının sonundan etibarən Bakı və regionlarda ərzaq qiymətlərini müşahidə etməyə başlayıb.
 
Bazardakı qiymət artımının müşahidə prosesi bir qida səbətini əhatə edir. Buraya: 1 kq "İvanovka” pendiri, 100 qr "Azərçay” çayı, 1 bağlama "Ankara” makaronları, 1 litr "Final” günəbaxan yağı, 1 kq "Westgold” kərə yağı, 1 ədəd çörək, 1 qutu "Azərşəkər” qəndi, 1 kq mal və 1 kq qoyun əti daxildir.
 
Toplanılan məlumatlar həftəlik bir ailəyə lazım olan qida məmulatlarının üzərində qurulub. Qiymətlər isə Bakı şəhərinin mərkəzində, Binəqədidə, Cəlilabad rayonunun Privolnoye kəndində, Neftçala və Gəncədə yerləşən marketlərdən götürülüb. Əsasən Bakı şəhərində qiymət artımı müşahidə edilib.
 
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə isə yanvar-fevral ayları ərzində ərzaq qiymətlərində 15.6 faiz artım müşahidə olunub. Fevral ayında isə daha 2.5 faiz qiymət artımı baş verib. Buna baxmayaraq, əhalinin gəlirlərində artım yoxdur. 
 
"Bu, iqtisadi qanundur"
 
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aydın Hüseynov Toplum.Tv-yə deyib ki, əgər alıcılar bu gün aldıqları ərzağı, sabah dəyişən qiymətlə də istehlak edə bilirlərsə, deməli, tələb və təklif uzlaşır.
Image result for Deputat Aydın Hüseynov
Deputat Aydın Hüseynov
 
Onun sözlərinə görə, liberal  bazar iqtisadiyyatlı bütün ölkələrdə olduğu kimi Azərbaycanda da qiymətləri tələb və təklif tənzimləyir: 
 
"Bu, iqtisadi qanundur. Mən bazarda süni qiymət artımı və ya qiymət artıran subyektiv amillər görmürəm. Ərzaq və Tarif Şürasına daxil olmayan bütün məhsulların qiymətinin tənzimlənməsinin bazar şəraitinə uyğun olaraq dəyərləndirirəm”.
 
"Rüşvət və korrupsiyanın nəticəsidir"
 
İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, qiymət artımı Azərbaycanda illərdir davam edən xroniki xəstəliklərin, rüşvət və korrupsiyanın nəticəsidir:
 
"Əhalinin gəlirləri və qiymətlərin artımı ayrı-ayrılıqda analiz olunacaq məsələlədir. Əhalinin gəlirlərinin artmaması büdcənin azalması ilə bağlıdır. Dollar ekvivalentində son 10 ilin ən kiçik büdcəsi müşahidə olunur. Digər mühüm məsələ Azərbaycan hökuməti və Mərkəzi Bankın dollara olan axının qarşısını almaq üçün manat kütləsini kifayət qədər sıxmasıdır. Bu da iqtisadi aktivliyə çox mənfi təsir göstərir. İqtisadi aktivliyin zəifləməsi də insanların sosial durumunun ağırlaşmasına gətirib çıxarır”.
Image result for Natiq Cəfərli
Natiq Cəfərli
 
İqtisadçının fikrincə, ölkə iqtisadiyyatı idxaldan asılı olduğuna görə, məzənnə təsir edir: 
 
"Həm ərzaq həm də qeyri-ərzaq məhsullarında 100 faizlik idxaldan asılılıq olan sahələr var. Ən yaxşı ehtimalda yarı-yarıya asılılıq var, çünki bazara çıxarılan yerli məhsullara belə xammal xaricdən gətirilir. Valyuta məzənnəsinin oynaması da onların qiymətinə təsir edir. Üçüncü səbəb isə mövsümü səbəbdir. Azərbaycanda qış aylarında həmişə yerli məhsulların tükəndiyini və xaricdən asılılığın artdığını görürük. Gəlirlərin azalması fonunda qiymətlərin artması da əhalinin sosial durumuna mənfi təsir göstərir”.
Oxu 357 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.